Modern.az

Oqtay Əsədov Qazaxıstana gedir

Oqtay Əsədov Qazaxıstana gedir

25 Aprel 2011, 14:39

TürkPA-ya sədrlik Qazaxıstana keçəcək

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar iclasında iştirak etmək üçün aprelin 26-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından Nizami Cəfərov, Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Ülvi Quliyev, Çingiz Qənizadə, İqbal Ağazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Parlamentin spikeri, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətdə olan sədri Oqtay Əsədov təşkilatın plenar iclasında çıxış edəcək. Sədr ötən dövrdə görülən  işlərdən danışacaq, qurumun gələcək inkişaf perspektivləri barədə fikirlərini açıqlayacaq,  növbəti müddətə TürkPA-ya sədrlik edəcək Qazaxıstan tərəfinə uğurlar arzulayacaq.

Səfər zamanı Milli Məclis sədrinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə, ölkə Parlamenti Məclisinin və Senatının spikerləri, tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.  Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, TürkPA-nın beynəlxalq qurumlar arasında mövqeyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tədbir çərçivəsində “Türkdilli ölkələrin müstəqilliyi: inkişaf və yeni imkanlar” adlı fotosərgi nümayiş olunacaq.

Səfər aprelin 28-də başa çatacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir