Modern.az

“Azadlığın məhdudlaşdırılması” cəza növü cərimələrlə əvəzlənir

“Azadlığın məhdudlaşdırılması” cəza növü cərimələrlə əvəzlənir

Parlament

26 Aprel 2011, 15:54

Eldar Əsgərov: “Bu cəza növü indiyənədək özünü doğrultmayıb”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 26-da keçirilən iclasında “Cinayət və Cəzaların İcrası Məcəllələrinə dəyişikliklər edilməsi haqqında” qanun layihələrinin müzakirəsi aparılıb. Sözügedən komitəsinin sədri Əli Hüseynlinin bildirdiyinə görə, hər iki qanun layihəsi qanunvericilik təşəbbüsü subyekti – dövlət başçısı İlham Əliyev tərəfindən parlamentə göndərilib. Komitə sədri qeyd edib ki, hər iki sənəd həm də ötən müddət ərzində müvafiq İşçi Qrupu tərəfindən öyrənilib.
“Qeyd edim ki, hər iki məcəllə ilə bağlı parlamentin İnsan hüquqları komitəsinin üzvləri tərəfindən də bir neçə təklif irəli sürülmüş və onlara da baxılmışdı. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, hər iki məsələ bizim komitənin müzakirə predmetidir və onların komitəmiz tərəfindən parlamentə təqdim edilməsi nəzərdə tutulur”, - deyə Ə.Hüseynli sözlərinə əlavə edib.

Sonra qanun layihələri barədə məlumat verən Milli Məclis (MM) Aparatının əməkdaşı Eldar Əsgərov bildirib ki, qüvvədə olan Cinayət Məcləlləsi 1999-cu ildə qəbul olunub və həmin Məcəllənin 3-cü bölməsi var ki, o, əsasən cəzalara həsr olunub:
“Həmin bölmənin 42-ci maddəsində cəzanın növləri sadalanır və bu sadalanma içərisində “azadlığın məhdudlaşdırılması” cəza növü də öz əksini tapıb. Həmin dövrdən bu vaxta kimi bu cəza növü ilə məhkum olunmuş bəzi məhbuslar məhkumluqları ola-ola digər cinayət əməlləri də törədiblər. Çünki bir növ onların üzərində nəzarət yoxdur. Ona görə belə demək mümkünsə, bu cəza növü indiyənədək özünü doğrultmayıb”. E.Əsgərovun sözlərinə görə, bu yaxınlarda Konstitusiya Məhkəməsinin plenumunda “azadlığın məhdudlaşdırılması” cəzasına məhkum olunan bir vətəndaşın işinə baxılıb ki, bu şəxs eyni zamanda müxtəlif vaxtlarda başqa cinayət əməlləri də törədib:
“Səhv etmiərmsə, Xəzər rayon Məhkəməsi məsələ qaldırmışdı ki, bu şəxslə nə cür davranılmalıdır. Açığı deyək ki, Konstitusiya Məhkəməsi də böyük çətinliklə üzləşmişdi. Lakin bununla belə, plenum həmin şəxslə bağlı qərar qəbul etdi. Bunu xatırlatmaqda məqsədim odur ki, “azadlığın məhdudlaşdırılması” cəza növü özünü doğrultmur. İndi dövlət başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihəsində də Cinayət Məcəlləsinə 59 dəyişiklik təklif olunur. Ümumilikdə götürəndə Cinayət Məcəlləsinin 101 maddəsində dəyişilklik edilib. 3 maddə yeni redaksiyada verilib. 3 maddənin sanksiyası dəyişdirilib yeni sanksiya verilir. Bundan başqa, Cinayət Məcəlləsinə 2 maddə əlavə olunub. Eyni zamanda nəzərinizə onu çatdırmaq istəyirəm ki, burada keçid müddəaları da nəzərdə tutulub. Yəni, qanun qəbul olunandan sonra “azadlığın məhdudlaşdırılması” ilə bağlı məsələnin icra müxanizmi necə olmalıdır”.

Qanun layihələri ilə bağlı E.Əsgərovun məlumatı dinlənildikdən sonra onların ətrafında müzakirələrə başlanılıb. Sözügedən komitənin üzvü, ixtisasça hüquqşünas olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev hər iki Məcəlləyə təklif olunan dəyişiklikləri dəstəklədiyini bildirməklə yanaşı, qeyd edib ki, Cinayət və  Cinayət-Prosessual məcəllələrinə kompleks şəkildə yenidən baxılmalı və onlara əsaslı dəyişikliklər edilməlidir. Millət vəkili xüsusilə andlı iclasları institutu ilə bağlı məsələnin cinayət qanunvericiliyində əksini tapmasının vacibliyini vurğulayıb:
“Qeyd edim ki, andlı iclasları institutunun yaradılması ilə bağlı məsələ vaxtilə müvafiq qanunvericiliyə daxil edilmişdi. Çox təəssüflər olsun ki, bu məsələ sonradan təxirə salındı və bugünədək açıq qalır. Ancaq onu da qeyd edim ki, qonşu Rusiyada andlı iclasları institutu çox effektli bir institut kimi ölkə həyatına daxil olub. Ona görə artıq nəhayət bunu Azərbaycanda da tətbiq etməliyik”.
Millər vəkili həmçinin cinayət qanunvericiliyində cəza təyini ilə də bağlı məsələlərə yenidən baxmağın lazım olduğunu söyləyib.
Digər hüquqşünas millət vəkili, Ədalət Partiyasının (ƏP) sədri İlyas İsmayılov ilk öncə müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı parlamentin müvafiq şöbəsi tərəfindən deputatlara arayışların təqdim olunmamasına öz iradını dilə gətirib. Sonra millət vəkili şəxsiyyət əleyhinə yönəlmiş cinayətlərlə bağlı cərimə cəzalarının nəzərdə tutulmasına öz etirazını bildirib: “Ümumiyyətlə, son zamanlar cərimə cəzalarının tətbiqi çox geniş yayılıb ki, mən də şəxsən bunu düzgün hesab etmirəm. Təsəvvür edin, cərimə cəzası təyin olunur, amma bu, varlılara heç bir təsir etmir. Yəni, onlar pullarını – kəsilmiş cərimələri ödəyib, öz işlərini bitmiş sayırlar və bununla da cərimələrin onlara heç bir təsiri olmur. Cərimə cəzalarının, sadəcə, kasıblara, imkansız insanlara ağır təsiri olur. Hesab edirəm ki, cəza cinayətin mahiyyətindən doğmalıdır. Bu baxımdan da cəzanın motivi ilə cərimənin motivi əlaqələndirilməməlidir”.
İ.İsmayılov deputat həmkarı Q.Həsənquliyev kimi idiyə qədər Azərbaycanda andlı iclasları institutunun yaradılmamasından da narazılığını ifadə edib:
“Hələ sovetlər dövründə məhkəmələrdə “xalq iclasçıları” institutu var idi və bu da özünü doğruldurdu. Ona görə hesab edirəm ki, artıq bizdə də andlı iclasları institutu yaradılmalıdır”. Millət vəkili, ümumiyyətlə, qanunvericiliyin dəyişdirilməsi və təkmilləşdirilməsi yönündə heç də hər zaman Avropanın tələblərinin nəzərə alınmasının düzgün olmadığını iddia edib: “Mən kor-koranə şəkildə Avropanın tələblərinin nəzərə alınmasının tərəfdarı deyiləm. Şəxsən mən belə hesab edirəm ki, hər bir qanun o ölkənin öz tələblərinə uyğun olmalıdır”.

Geniş müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir