Modern.az

Nurlu insan

Nurlu insan

Mədəni̇yyət

28 Aprel 2011, 11:49

"Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur... Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".
Heydər ƏLİYEV

Mənəvi keyfiyyətləri, mənalı ömür yolu, şərəfli peşə fəaliyyəti ilə milyonların qəlbində özünə əbədi heykəl ucaldan nurlu şəxsiyyətlərin həyat səhifələrini vərəqləyərkən zaman məfhumu sanki mövcudluğunu itirir. Üzərlərinə götürdükləri nəcib missiya ilə xalqının mənəvi-intellektual potensialının daşıyıcısına çevrilən belə insanlar yaşadıqları zamanın fövqünə qalxır, milli inkişaf və tərəqqi naminə misilsiz xidmətlər göstərirlər.

Onlar ucaldıqları zirvəni qeyri-adi əməksevərlikləri, intəhasız ürək genişliyi, təmənnasız xeyirxahlıqları, səmimi hiss və duyğuları, fitri istedad, nadir bilik və qabiliyyətləri sayəsində fəth edirlər.

Həyat və yaradıcılığı mənəviyyat, kamillik, müdriklik örnəyi olan akademik Zərifə Əziz qızı Əliyeva da bu gün məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Görkəmli alimin dəyərli elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminə sanballı töfhədir.

Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş, ana adını uca tutmuş, qadına dərin hörmət bəsləmişdir. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız ən müxtəlif dönəmlərdə məqsədyönlü fəaliyyət göstərərək xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini vermişlər. Bu mənada, Zərifə xanım Əliyeva da Azərbaycan qadınına xas yüksək humanizmi, həssaslığı, əxlaqi dəyərləri, insanpərvərlik keyfiyyətlərini, təşəbbüskarlığı parlaq şəxsiyyətində cəmləşdirən, hələ sovetlər birliyi dövründə respublika qadın hərəkatının önündə gedən nüfuzlu ziyalılardan biri olmuşdur. O, cəmiyyətdə daim fəal mövqe tutan ziyalı olaraq respublika qadınlarının təşkilatlanması, milli məqsədlər naminə səfərbər olunması üçün əlindən gələni əsirgəməmiş, gender tarazlığının qorunmasına çalışmışdır.

Bütün bunlardan savayı, Zərifə xanım Əliyevanın parlaq siması göz önündə həm də qayğıkeş, sədaqətli həyat yoldaşı, mehriban ana, nəcib qadın kimi canlanır. Nurani gözəllik, yüksək zəka, əməksevərlik, mehribanlıq, həssaslıq, səmimiyyət, xeyirxahlıq, kübarlıq, yüksək mənəviyyat - bütün bunlar Zərifə xanıma xas ali keyfiyyətlərin heç də tam olmayan siyahısıdır. Zərifə xanım bütövlükdə müasir tariximizə əbədi həkk olunan mənalı ömür yaşamış, fədakar əməyi, çalışqanlığı, tədqiqatçılıq əzmi ilə tibb elminin ən uca pillələrinə - akademiklik zirvəsinə ucalmış, məsuliyyətli, eyni zamanda, nümunəvi həyat yolu keçmişdir.

Görkəmli Azərbaycan ədibi İlyas Əfəndiyev vaxtilə yazırdı ki, "Hər bir insanın tale yolu, yaradıcılıq qabiliyyəti onu əhatə edən mühitə, məkana və zamana bağlıdır". Yəni, hər bir şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühit və ailə dəyərləri sözünü deyir. O, 1923-cü ilin bir yaz günündə - aprelin 28-də görkəmli ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin ocağında dünyaya göz açmışdır. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olan atası Əziz Əliyev ictimai borcunu dərindən dərk edərək daim xalqına ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə çatdırmışdır. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül kimi dühalar bu nüfuzlu ailənin yaxınları idilər. Geniş ensiklopedik biliyə malik Əziz Əliyev övladı Zərifə xanımı da yüksək mənəvi-etik dəyərlər ruhunda tərbiyə etmişdir.

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən kütləvi soyqırımı və deportasiyaya məruz qaldıqlarından, Zərifə xanım Əliyeva ata yurdu İrəvanı görə bilməmişdi. Bu hadisələr zamanı Əziz Əliyevin ailəsi digər azərbaycanlı ailələrlə birlikdə İrəvandakı dədə-baba yurdlarından didərgin salınmış, ağır məhrumiyyətlərlə üzləşərək Şərur rayonunda məskunlaşmışdı. Əziz Əliyevin 1917-1918-ci illərdə Sankt-Peterburqda aldığı tibb təhsili erməni vandalizminə görə yarımçıq qalmış, o, 1918-1923-cü illərdə Naxçıvanda, Cənubi Azərbaycanda (Ərəblər kəndində), Şərurda məcburi köçkün həyatı keçirərək həkim köməkçisi vəzifəsində çalışmışdı. Ara sakitləşdikdən sonra Naxçıvan Muxtar Respublikasının rəhbərliyi Əziz Əliyevin bilik və bacarığını, istedadını nəzərə alaraq onun Bakıya gedib tibb təhsilini davam etdirməsini məsləhət görmüşdü. Elə həmin il Əziz Əliyevin ailəsi Bakıya köçmüş, beləliklə, Zərifə xanım Əliyevanın həyatının sonrakı bütün mərhələləri Bakı şəhəri ilə bağlı olmuşdur.

Zərifə xanım Əliyeva 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna təqdim edərək müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşə, yüksək mədəni səviyyəyə malik təvazökar tələbə idi. O, tibbi fənlərlə yanaşı, digər fənlərin də tədrisinə eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. Hələ tələbəlik illərindən tibb elminin öyrənilməsinə böyük həvəs göstərən Zərifə xanım Əliyeva təhsil ocağında keçirilən tələbə elmi toplantılarında məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq tanınmış alimlərlə fikir mübadiləsi aparırdı. Müasirləri, həmyaşıdları onu həm də gözəl musiqi bilicisi kimi tanıyırdı. Çünki o, hələ orta məktəbdə oxuyarkən paralel olaraq musiqi təhsili də almışdı və fortepianoda ifası qəlblərə rahatlıq gətirirdi.

Zərifə xanım Əliyeva diplomaqədərki təhsili dövründə bütün varlığı ilə göz həkimliyinə - oftalmologiya elminə bağlanmışdı. Ona görə də 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Bununla yanaşı, gənc həkim yaxşı bilirdi ki, dar ixtisas üzrə kamil mütəxəssis olmaq üçün institut təhsili kifayət etmir və diplomdan sonra mütləq bir neçə il hazırlıq keçmək lazımdır. Bu məqsədlə Zərifə xanım Moskvaya gedərək orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə təkmilləşmə kursu keçmiş, iki ildən sonra Vətənə qayıdaraq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdu. Zərifə xanım Əliyeva fəaliyyət göstərdiyi Elmi-Texniki Göz Xəstəlikləri İnstitutunda aspiranturaya daxil olmuş, elmi axtarışları dövründə ən çətin sahələrdə istəyinə nail ola bilmişdi.

İkinci Dünya müharibəsinin yenicə başa çatdığı bir dövrdə keçmiş SSRİ-nin bir çox regionlarında olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyinin geniş yayılma təhlükəsi yaranmışdı. Bu xəstəliyə qarşı aparılan ara-sıra mübarizə tədbirlərinin səmərəsi isə az idi. Ona görə də gənc alim bu və digər ağır, yoluxucu göz xəstəliklərinin qarşısını almaq üçün yollar axtarırdı. Həmin dövr üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. O vaxt traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə çıxmış ölkənin iqtisadi-siyasi durumu qənaətbəxş olmadığından, ümumi vəziyyətinin nikbin qiymətləndirilməsinə əsas verən hansısa amil yox idi. Bu kimi problemlərlə üzləşən gənc tədqiqatçı Zərifə xanım Əliyeva ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, əsl vətəndaş mövqeyində dayanaraq get-gedə ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirməyə başlamışdı.

Həmkarları xatirələrində vurğulayırlar ki, görkəmli alim traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirmiş, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırmış, pasientlərə məsləhətlərini vermiş, onun profilaktika və müalicəsi ilə bağlı maarifləndirici söhbətlər aparmışdı. Alim traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən sintomisindən istifadə etməklə yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdu. Beləliklə, Zərifə xanımın fədakarlığı sayəsində yerinə yetirilən tibbi tədbirlər bu xəstəliyə tutulmuş insanların dünya işığından məhrum olmasının, əlilliyə düçar olaraq əmək qabiliyyətini itirməsinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşməsinin qarşısını almışdır. Yalnız bundan sonra 1959-cu ildə Zərifə xanım Əliyeva sərbəst surətdə yerinə yetirdiyi elmi istiqamətlərinin nəticələrinə əsasən, "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

1960-1967-ci illərdə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışanda da Zərifə xanım tibb elminə dəyərli töhfələrini vermişdir. Tədqiqatçı alim göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini daim ön plana çəkirdi. O, yalnız Bakıda deyil, Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (Şirvan), Salyan və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edir, həm onların müalicəsinə, mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirirdi. Zərifə xanım peşə amillərinin törətdikləri göz xəstəliklərini və bütövlükdə orqanizmi tam şəkildə müalicə edərkən təkcə məşhur alim-oftalmoloq kimi deyil, həmçinin təşkilatçı alim-ekoloq kimi də şöhrət qazanmışdır.

Görkəmli alim elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayaraq əvvəlcə kafedranın dosenti, professoru, daha sonra müdiri vəzifəsində çalışmış, həkimlərin diplomdan sonrakı hazırlıqlarının tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdı. Onun təkmilləşmə kursu keçən həkimlərə oxuduğu mühazirə və apardığı praktik məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.

1977-ci ildə üzərində gərgin çalışdığı doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alan Zərifə xanım Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının professoru seçilmiş, burada pedaqoji fəaliyyəti ilə bərabər daha səmərəli elmi-tədqiqat işinin təşkilinə başlamışdır. 1974-cü ildə alimin "Gözün herpetik xəstəliyi" və "Kəskin virus konyuktivitləri" dərs vəsaitləri çapdan çıxmışdır. 1980-ci ildə Zərifə xanım Əliyevanın "Şin istehsalında gözün peşə patologiyası", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri" adlı üç maraqlı monoqrafiyası çapdan çıxmışdır.

Dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapmışdır. Onun tibb elminə verdiyi töfhələr nəinki respublika, hətta ittifaq səviyyəsində daim yüksək qiymətləndirilmişdir. 1980-ci ildə professor Zərifə xanım Əliyevaya elmi xidmətlərinə və pedaqoji kadrların hazırlanmasındakı fəaliyyətinə görə Azərbaycanın "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyasına görə dünya şöhrətli alim oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. O, SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın olmuşdur. 1983-cü ildə isə görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.

Tanınmış oftalmoloq alimlər xatirələrində qeyd edirlər ki, professor Zərifə xanım Əliyeva yeniliyi və orijinallığı ilə fərqlənən maraqlı mühazirələri ilə hamının dərin rəğbətini qazanmışdır. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə böyük əmək sərf etmişdir. Akademikin birbaşa rəhbərliyi altında gənc alimlərin və oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım Əliyeva tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara böyük həvəslə elmi biliklər aşılamışdır.

Görkəmli akademik həmişə bu qənaətdə idi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım Əliyeva həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də mənəvi zənginliyinin vacibliyini ön plana çəkmişdir. Alim insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərərək "Həkim xəstənin ən doğma adamıdır" demişdir.

İctimai işlərdə də fəal şəkildə iştirak edən Zərifə xanım Əliyeva uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan "Bilik" Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, vaxtının azlığına rəğmən, dəvət edildiyi bütün tədbirlərdə iştirakı özünə sadəcə mənəvi borc bilirdi. İnsani keyfiyyətləri, hər bir məsələni incəliyi ilə qiymətləndirmək bacarığı, sadə adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə ona böyük kömək göstərirdi.

Ümummilli lider Heydər Əliyev kimi fenomenal bir şəxsiyyətin, dahi insanın ömür-gün yoldaşı olmağın özü də həyatda ağır məsuliyyət, cavabdehlik deməkdir. Yaxın dostları xatirələrində qeyd edirlər ki, Zərifə xanım Əliyeva isə təkcə peşə fəaliyyətində deyil, həm də ailəsində üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirirdi. İşinin gərginliyinə baxmayaraq, mülayimliyi, həssaslığı ilə həmişə ailəsinin qayğıları ilə yaşayırdı. Görkəmli akademik övladlarının təlim-tərbiyəsinə böyük enerji sərf edən valideyn olmuşdur. O, övladlarını bir an da olsun yaddan çıxarmır, cəfakeş ana kimi dərd-sərlərinə qalırdı.

Ulu öndər Heydər Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü həm də ondadır ki, müdrik rəhbər Azərbaycanda oturuşmuş dövlətçilik ənənələri formalaşdırmaqla yanaşı, bu ənənələri yeni dövrün tələbləri səviyyəsində yaşadacaq, müstəqil Azərbaycanı möhkəmləndirəcək layiqli siyasi varisini yetişdirmişdir. Heydər Əliyevin layiqli siyasi davamçısı kimi həyatı bilavasitə siyasətlə bağlı olan, siyasi elitanın əhatəsində yetişib püxtələşən cənab İlham Əliyev bu gün Azərbaycana inamla rəhbərlik edir, ölkəmizi bütün sahələrdə uğurla irəliyə aparır. Xalqımız öz layiqli liderinin həyata keçirdiyi siyasi, iqtisadi, hüquqi islahatları birmənalı dəstəkləyir, mövcud siyasi kursa alternativ görmür.

Bu gün istər ulu öndər Heydər Əliyevin, istərsə də ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini də gətirmişdir. Onun həyat müəllimləri isə, özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi Zərifə xanım Əliyeva olmuşlar.

Bəli, saf qəlbi nurla dolu olan Zərifə xanım Əliyeva bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmiş, daim zülmət və qaranlıqla mübarizə aparmışdır. İşığını itirmiş gözlərə nur bəxş etmək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi ilə peşəkar həkim, dəyərli alim, kamil insan kimi xatirələrdə yaşayır və daim yaşayacaqdır.

Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı,
tibb elmləri doktoru,
professor
"Azərbaycan" qəzeti

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi