Modern.az

Ukraynanın “ev dustağı” edilən birinci ledisi (FOTOLAR)

Ukraynanın “ev dustağı” edilən birinci ledisi (FOTOLAR)

28 Aprel 2011, 15:33

Lyudmila Yanukoviç ərinin qəzəbinə gəldiyindən Kiyevdə yaşamır


Modern.az
saytının “Birinci ledilər” rubrukasında bu dəfəki təqdimatı Ukrayna prezidenti Viktor Yanukoviçin həyat yoldaşı Lyudmila Yanukoviç barəsindədir.

Lyudmila Yanukoviç (qızlıq soyadı Nastenko) 1949-cu ildə Donbas vilayətinin şimalındakı Yenakiyevo şəhərciyində doğulub.
“Şəhərdə onların ailəsini kübar hesab edirdilər. Ailə üzvlərinin hamısı savadlı idi. Anası Lyuda hüquqşünas olub, atası sement zavodunda sadə fəhlə işləsə də, çox tərbiyəli və bilikli idi. Yenakiyevoların hamısı onlara kitab üçün gələrdilər”, - L.anukoviçin xaç analığı Svetlana Çub deyir.

L.Nastenko Makeyevski İnşaat-Tikinti İnstitutunun məzunudur, ixtisasca tikinti mühəndisidir. O, əmək fəaliyyətinə Yenakiyevski metallurgiya zavodunun layihə-smeta bürosunda mühəndis kimi başlayıb.

Zavod yeməkxanasında tanışlıq...

Viktor Yanukoviçin keçmiş sinif yoldaşı Lidiya Braqina Lyudmila ilə Viktorun ilk görüşünü çox yaxşı xatırlayır: “Biz zavodun yeməkxanasında təsadüfən Vitya ilə rastlaşdıq, o həmin vaxt zavodda qaz sənayesi işçisi idi. Mən sevindim. Çoxdan görüşmürdük, məktəbdə isə bir parta arxasında oturmuşduq. Bir-birimizin hal-əhvalını soruşduq. Vidalaşanda Lyuda mənə yaxınlaşıb onun kim olduğunu soruşdu. Dedim ki, sinif yoldaşımdır və zarafat etdim: “Nədir, xoşuna gəlir?”

Lyuda səmimi etiraf etdi: “Bəli”.

Belə məlum olur ki, qız Yanukoviçin də çox xoşuna gəlibmiş. O dostu ilə hətta gələcək xaç anasından xahiş edir ki, onları tanış etsin.

Cütlük 1971-ci ildə nikahlanaraq evlənirlər. L.Yanukoviç deyir ki, mərasimdə gəlinlik donu geyinməmək üçün saç düzümünü dəyişdirib və başına qızlar üçün nəzərdə tutulan panama qoyub.

Beləcə, Viktor və Lyudanın birgə həyatı başlayır. Onların dostcasına ailəsi olur, Viktora məhz ev istiliyi çatışmırdı.

Birinci ledi Kiyevdə yaşamır

İndi birinci ledi Donetskidəki evində yaşayır. O, Kiyevə getməyə hazırlaşmır. Ona görə Viktor Yanukoviçi indi formal evli hesab edirlər, Lyudmila Aleksandrovna Yanukoviç evdar qadındır. L.Yanukoviç ərinin prezident seçilməsindən sonra keçirilən inaqurasiya  mərasimi istisna olmaqla heç vaxt rəsmi tədbirlərdə görünmür. Birinci ledi  həmin mərasimdə də kütlənin arasında olub. Yanukoviçlər iki oğul böyüdüblər. Böyük oğulları Aleksandr ixtisasca diş həkimidir, ikincisi Viktor Regionlar Partiyasından Ukrayna Ali Radasının deputatı seçilib. Aleksandr Yanukoviç ölkədə ən nüfuzlu adamlardan biri hesab olunur, necə deyərlər, “boz kardinal”.
Onun hakimyyətdə vacib siyasi və kadr məsələlərinə təsir etmək imkanlarının olduğu da bildirilir. Məsələn, Ukrayna Milli Bankının sədr müavininin təyin olunmasında onun  rəyi əsas rol oynayıb.

Gələcək birinci ledinin qalmaqallı çıxışı

2004-cü il noyabrın 30-da “Narıncı inqilab”ın qızğın vaxtında ölkənin gələcək birinci ledisi Donetskidə təbliğat mitinqlərində debüt çıxışı ilə tanınıb. L.Yanukoviç həmin çıxışında deyib ki, müxalifətçiləri, o vaxtkı prezidentliyə iddialı Yuşşenkonun tərəfdarlarını Kiyevin Azadlıq meydanında - "Maydan"da saxlamaq üçün Amerika onlara keçədən tikilmiş çəkmələr geyindirir və doğranmış portağal yedizdirir. Bu çıxış kütlə arasında çoxsaylı lətifələrə də səbəb olur və bundan sonra V.Yanukoviçin arvadı uzun müddət mavi ekranlardan “yoxa” çıxır.

Donbasdan olan aristorkat

Donetsk vilayətinin şimalındakı sakit şəhərcik Yenakiyevo çoxlarına tanışdır. 150 min əhalisi olan bu şəhər metallurgiya zavodlarının çoxluğu və əfsanəvi yerliləri, kosmonavt Georgi Bereqovla tanışdır. İndi isə Yenakiyevo Ukrayna prezidenti və ölkənin birinci ledisinin vətənidir. Yolda rastlaşdığın istənilən adama yaxınlaşıb L.Yanukoviçin evini soruşsan cavab verəcək, oranı göstərəcək, hətta səni müşayiət də edəcək.

Stalin layihəli iki mərtəbəli tünd kərpicdən tikilən keçmiş Qorki, indiki Şevçenko küçəsində 51 il əvvəl Lyuda Nastenko anadan olub. O vaxt heç kəsin ağlına gəlməzdi ki, bu sakit qıza Ukraynanın birinci ledisi olmaq qismət olacaq.

“Mən məhəllədə gəzişirdim. İki oğlan bizə yaxınlaşdı və dedi ki, gəlin tanış olaq. “Lyuda ilə tanış ol!”, - Svetlana Çub danışır.

“Mən yalnız gülümsəyib qaçdım. Mən niyə vasitəçilik etməliyəm? Sonra bildim ki, bu Vitya Yanukoviç və onun dostu olub”, - bunu da Çub söyləyir.

Sonradan artıq tarixə düşən belə bir hadisə baş verib. Metallurgiya zavoduna kərpic gətirilir. O zaman boşaltmağa mühəndisləri də qoşurdular. Lyudmila ehtiyatsizlıqdan kərpic layını dağıdır və ayağının üstünə düşür. Viktor həmin an onun yanındaymış. Qızın əlindən tutub kənara aparır, hətta ona içməyə su da verir. Beləliklə, onlar ilk dəfə danışırlar.

Bundan sonra Lyuda onu “qəhrəmancasına” xilas edən həmin oğlandan ayrılmır.

Yanukoviç qızların sevimlisi idi...

V.Yanukoviç cavanlığında qızların xoşuna gəlirdi. Hündürboy, qarasaçlı, məktəbin lideri, əla futbolçu, həm qərarlı idi: “Qızlar daha nə arzulaya bilərdilər ki? Onun uşaqlıq vaxtı da baxışları xüsusilə seçilirdi. Xatirimdədir, məktəbdə bir dəfə oğlanlar tutduqları pişiklə qızları incitmək üçün qorxutmaq istəyirdilər. Viktor bunu görür, sakitcə ciddi görkəmlə yaxınlaşıb bir kəlmə deyir: “Burax!” Heç kim hətta tərəddüd belə etmək istəmir”, - V.Yanukoviçin məktəbli qız yoldaşı xatırlayır.

Xeyriyyəçi birinci ledi

Lyudmila Aleksandrovnanın sakit həyatı 2004-cü ildə başa çatır, əri Ukrayna prezidentliyinə namizədliyini irəli sürəndə.

O, indi Donetskdə yaşayır və xeyriyyəçiliklə məşğul olur. Bir neçə uşaq evi onun himayəsi altındadır. Birinci ledi estrada ulduzlarının konsertlərini təşkil etməklə həm də uşaq evləri üçün vəsait toplayır.

L.Aleksandrovnanın daha bir məşğuliyyəti oxumaqdır. Hər yeni il ailələrə sürpriz hazırlayır, bayram süfrələri arxasında yeni mahnılar ifa edir. Hər ad günündə-oktyabrın 9-da Donetsk opera teatrında adətən onun sevimli tamaşası “Don Kixot” baleti verilir.

“Fəxr edirəm ki, mən onun arvadıyam”

L.Yanukoviç deyir ki, Viktor Fyodoroviç üçün təkcə həyat yoldaşı yox, həm də ana olub: “O, əvvəllər tez-tez deyərdi: “Əgər mənim anam yaşasaydı, yəqin ki, sənin kimi olardı”.

O, müsahibələrindən birində isə deyib ki, Yanukoviçin arvadı olmaqdan fəxr edirəm: “O, əsl kişidir, əsl ata və babadır. O, əsl şəxsiyyətdir-güclü, kişiyana, cəsarətli”.

Qeyd etdik ki, L.Yanukoviç sonuncu dəfə birinci ledi statusunda teleobyektivə inaqurasiyada- 2010-cu ilin fevralında düşüb. Başqa heç bir rəsmi tədbirlərdə onu prezidentin yanında görməyiblər. Hətta birinci ledi əri ilə məzuniyyətə də birgə getmir. O, hətta Viktor Fyodoroviçin Krımda dəbdəbəli 60 illik yubiley tədbirlərinə qatılmayıb. Məmurlar bunun səbəbini Lyudmila Aleksandrovnanın işinin çox olması ilə izah etsələr də, bu inandırıcı görünməyib.

Birinci ledinin axtarışı

Jurnalistlər bir dəfə Donetsk vilayətində onun axtarışına çıxıblar. Axtarış prezidentin arvadı Lyuda Nastenkonun andan olduğu Yenakiyevodan başlayıb. Yolda rastlaşdıqları çoxsaylı insanlardan yalnız biri ünvanı göstərib. Məlum olub ki, 1982-ci ilin martından ev başqasına satılıb.

Yenakiyevodakı mərkəzi qəbiristanlıqda ər-arvad Yanukoviçlərin əzizləri dəfn olunub. Deyirlər ki, bura L.Aleksandrovnanı doğma şəhərciyinə bağlayan yeganə yerdir, hərdən buraya baş çəkir.

Rəfiqələrindən birinin müsahibəsində dediyinə görə, Yanukoviç qərara gəlib ki, həmişəlik Donetskdə otursun və heç kimin gözünü döyənək etməsin. Lyudmila heç bir müsahibə vermir, kənar adamlardan “qaçır”, bir sözlə tam özünə qapanmış şəraitdə yaşayır. Amma öz pulu hesabına Donetsk vilayətində kilsə tikdirir, uşaq evlərinə baş çəkir, “Ürəkdən ürəyə” xeyriyyə fondunun adından yetimxanalara da kömək edir.

Birinci ledi Donetskin kənarındakı ikimərtəbəli xudmani evdə ciddi mühafizə olunur. Mühafizəçilər o qədər diqqətlidirlər ki, tez zamanda ətrafda yad adamlarrın olduğunu hiss edir və əvvəlcə göy rəngli milis maşınında sakitcə yanınızdan keçir, təxminən bir dəqiqə sonra sakitcə zirehli gödəkcəli, əli avtomatlı mühafizəçi soruşur: “Siz burada nə edirsiniz?”

Jurnalistlər L.Yanukoviçin necə yaşadığını öyrənmək istədiklərini bildirəndə mühafizəçi onların əlindəki fotoaparatı almağa cəhd edib, “Siz yaşamaqdan bezmisiniz?” - deyir.

Qonşular soruşurlar: “Düşünürsünüz ki, onu görə biləcəksiniz? Sizdə heç nə alınmayacaq. Mühafizə burada elə güclüdür ki, hətta bizə də onunla rastlaşmaq mümkün olmur. Amma bəxtimiz gətirib ki, gecələr təhlükəsiz, heç nədən çəkinmədən istidiyimiz yerə gedib gəlirik”.

Niyə prezident ər-arvad belə yaşayır? Niyə onlar faktiki bir-birini görmürlər? Deyirlər ki,  prezident həyat yoldaşının 2004-cü ildə Donetskdəki mitinq zamanı etdiyi çıxışa görə onu bağışlaya bilmir. Məhz buna görə ətraf aləmdən birinci ledi təcrid olunub.

V.Yanukoviç isə deyir: “Arvadım xəbərdarlıq edib ki, məndən çox nəvəsinə diqqət ayıracaq. Mən demişəm, sizə mane olmayacağam, yalnız köməklik edəcəyəm”.

Dizayner Yuri Varidovun fikrincə, ən yaxşı stilist güman ki, Lyudmilanı geyindirməklə onu Mişel Obama, yaxud Karla Bruni edə bilər: “Amma ona düzgün danışmağı, özünü ələ almağı öyrətmək lazımdır. Əgər indiyədək bunlar üzərində iş getməyibsə, bu pisdir”.

Birinci lediyə azadlıq aksiyası

2011-ci ilin yanvarında Kiyevdə birinci ledinin müdafiəsi məqsədilə mitinq keçirilib. Onlarla yaşlı qadın Ukrayna Prezident Administrasiyasının yaxınlığına yığışıb. Onlar ölkə prezidentinin öz arvadını Ukraynanın siyasi həyatından uzaqlaşdırmasına etiraz edərək şüarlar səsləndiriblər. “Yaşlı qadınların hüquqlarını müdafiə” assambleyası Viktor Yanukoviçdən zalım ər kimi arvadını ev dustaqlığından azad etməsini tələb edib. Qadınlar “Ukrayna İran deyil, Yanukoviç zülmkar! Birinci lediyə hörmət edirik!”, “Lyudmila-bizim gücümüzdür!”, “Birinci lediyə azadlıq!” və “Lyudmila Obama ilə çay içməyə! Lyudmila Bruni ilə kofe içməyə!” şüarları səsləndiriblər.

 

 

 

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir