Modern.az

Anar Məmmədxanovun müəllimləri: “...Çox məqamları xatırlayırıq”

Anar Məmmədxanovun müəllimləri: “...Çox məqamları xatırlayırıq”

4 May 2011, 13:15

Aprelin 23-də qəfildən ürək tutmasından dünyasını dəyişən sabiq millət vəkili, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov Bakının Səbail rayonundakı 160 №-li orta məktəbin  (indiki 160 №-li  Klassik gimnaziya) məzunu olub.

Gimnaziyanın hazırki direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Faina Ələkbərova Anar Məmmədxanovun təhsil aldığı illərdə bu məktəbdə direktor müavini vəzifəsində çalışıb, direktor müavini Sona Qarabəyova isə onun sinif rəhbəri olub.

Yaddaşlarda əbədi yer alan, daim anılacaq Anar Məmmədxanovun müəllimləri onun barəsində Modern.az saytına danışıblar.

- Anar Məmmədxanovu neçə xatırlayırsınız?

Faina Ələkbərova:
-  Anar 1-ci sinifdən 10-cu sinfə kimi bizim məktəbdə təhsil alıb. 1986-cı ildə məktəbi bitirib. Anarı hansı yolla olur - olsun, məqsədinə çatmağa can atan şagird kimi xatırlayıram. Onun xarakterində həmişə liderlik olub, hər zaman istəyinə nail olurdu. İstedadlı uşaq idi, demirəm əlaçı idi. Amma pis oxumurdu, “5” də alırdı, “4” də , “3” də.  Mənə elə gəlir ki, istəsəydi, daha yaxşı oxuya bilərdi. Çünki istedadı var idi.  Anar eyni zamanda olduqca emosional insan idi. İstər dostlarına qarşı, istər məktəbinə, istərsə də Vətəninə qarşı.  Hər zaman dostları arasında öz fəallığı  ilə seçilirdi. Xüsusilə də  məktəbdaxili tədbirlərdə hamıdan fərqlənirdi.

Sona Qarabəyova:
-  Mən altıncı sinifdən Anarın sinif rəhbəri olmuşam. Anar canlı və olduqca dəcəl uşaq idi. Xasiyyətində bir liderlik var idi... Həm sinif yoldaşları, həm də bütün  məktəb uşaqları arasında  Anarın çoxlu  dostları var idi.  Kiçik yaşlarından liderlik istəyi özünü biruzə verirdi. Mən bu istəyi onda hələ altıncı sinifdə oxuyarkən hiss etmişdim.

 - O başqa uşaqlardan daha hansı xüsusiyyəti ilə fərqlənirdi?

Sona Qarabəyova:
- Anarın sinif yoldaşları arasında çox böyük hörməti var idi.  O, hələ kiçik yaşlarından bu hörməti qazana bilmişdi. Xatırlayıram ki, onun xasiyyətindəki özəlliklər  hələ 6-cı sinifdə oxuyan zaman meydana çıxdı. Anar xüsusilə də Vətənə sevgisi ilə seçilirdi. Anar öz milləti, dili, sinfi, dostları, müəllimləri uğrunda hər şeyə hazır idi. Dəcəlliyi ilə fərqlənsə də, çox yaxşı təşkilatçılıq qabiliyyəti var idi. Dərsdən sonra müxtəlif tədbirlərdə iştirak etməyi, rayonları gəzməyi çox sevərdi. Oxuduğu sinif üçün ekskursiyalar təşkil edərdi, tez-tez rayonlara gedərdik. Çox vaxt heç başqa uşaqların xəbərdar  olmurdu. Bir də görürdük ki, valideynlərlə danışıb, maşın təşkil edib, hansısa bir rayona ekskursiyaya getməyə hər şey hazırdı. Səfərimiz yol boyu maraqlı keçirdi, avtobusda çalmaq, oynamaq olardı. Ümumiyyətlə, Anarın sinif yoldaşlarının hamısı maraqlı uşaqlar idi. İndi onun  sinif  yoldaşları  demək olar ki, hamısı müxtəlif sahələrdə çalışır.

Faina Ələkbərova:
- Elə o vaxtdan o uşaqlar cəld idilər.  Anarın rəhbərliyi ilə  “Bakılı oğlanlar” komandasında olan gənclərdən 6-sı - Timur Vaynşteyn, Ənvər Mənsurov, Emil Abbasov, Cavid İmamverdiyev, Murad Dadaşov - bizim məktəbin məzunudur. O uşaqlar tədbirlərdə, ictimai işlərdə iştirak etməyi sevirdilər. Onların “KVN”nə olan  sevgisi elə məktəb dövründən başlandı. Məktəbdə tez-tez siniflər arasında intellektual oyunlar  keçirilərdi.

- Anar Məmmədxanovla bağlı yadda qalan hansı maraqlı hadisəni xatırlayırsınız?

Faina Ələkbərova:
- Anar çox maraqlı insan idi. Çox məqamlar var ki, xatırlayıram. O, sinif yoldaşlarının dayağı idi. O vaxt bizim məktəbdə şagird komitəsi var idi, onun nəzdində ayrı-ayrı komissiyalar fəaliyyət göstərirdi. Onlardan biri olan  Nizam - İntizam komissiyasının sədri  Anar  idi. Bir dəfə məktəbin yeməkxanasında alüminium qaşıq, çəngəllərin hamısını əyilmiş vəziyyətdə gördük. Anar  komissiya üzvləri  ilə birlikdə  bu işin günahkarlarını tezliklə aşkara çıxardı,  hərəkətlərinə görə həmin uşaqları utandırıb, əşyaları səliqəyə salmağı tapşırdılar. 

Sona Qarabəyova:
- Bir dəfə Anar və dostları dərsdən qaçanda onları yaxaladım. Arxa tərəfdəki bağlı darvazanın üstündən aşmaq istəyirdilər. Mən 4-cü mərtəbənin pəncərəsindən gördüm ki, Anar və  dostları  dərsdən  qaçır. Tez  dördüncü mərtəbədən qaça-qaça düşüb, darvazaya yaxınlaşdım. Onlar da “toppuş”  olduqlarına görə darvazanın üstündəki çox da böyük olmayan deşikdən  keçməkdə çətinlik çəkirdilər. Buna görə də mən onları qarşılaya bildim və onlara dərsdən  qaçmağa  mane oldum. Sonra Anar mənə dedi  ki, “müəllimə, sizdən nəinki  müəllim, həm də yaxşı  “KQB” işçisi olar”. 

Uzun illər sonra idi, artıq Anar Milli Məclisə deputat seçilmişdi, “KVN” komandasının kapitanı idi. Bizim məktəbdə bayram tədbiri idi. Anarın sinif yoldaşları da həmin tədbirə gəlmişdi. Onda Anar mənə bir söz dedi, indiyə kimi xatırlayıram. Dedi ki, “mənim Anar olmağımın ilk səbəbkarı sizsiniz. Siz məni Anar etdiniz”.

Dəcəl, liderlik etmək arzusunda olan Anar,  böyüdükcə öz istəklərini, fikirlərini müdafiə etməyi bacarırdı. Anarı eyni zamanda dostcanlı uşaq kimi də xatırlayıram. Onun dostlarına, sinif yoldaşlarına kimsə bir söz deyəndə, onları müdafiə edənlər arasında birinci sırada məhz Anarı görürdük.

Özü istəyəni mütləq həyata keçirməli idi. Məktəbə bağlılığı ilə də seçilirdi, kimsə desəydi ki, 160 nömrəli məktəb pisdir və ya başqa nəsə xoşuna gəlməyən söz olanda, mütləq məktəbi müdafiə edərdi.

Bax, Anar belə uşaq idi.... təəssüf  ... vaxtsız getdi...

Bəzən böyük gələcəyi olan insanlar barədə ilk rəy elə orta məktəblərdə müəllimlərdə yaranır...

Sona Qarabəyova:
-
Bax, onun məhz liderlik arzusuna görə, hiss edirdim ki, onun böyük gələcəyi var. Anar hələ kiçik yaşlarından məktəbdaxili işlərdə, ictimai işlərdə fəal iştirkı ilə secilirdi.  Hər zaman çalışardı ki, gördüyü işlərdə birinci olsun, ikinci planda olmağı heç vaxt qəbul etmirdi. Əgər hansısa işdə ikinci planda olsaydı, hirslənərdi, özündən çıxardı. Anar təkcə özü deyil, eyni zamanda istəyirdi ki, onun sinif yoldaşları də birinci olsun.

- Məşhurlaşandan sonra məktəblə əlaqələri var idimi?

Faina Ələkbərova:
- Anarın məktəblə hər zaman sıx əlaqəsi var idi. Bizim məktəbdə hər il 31 yanvarda ənənəvi olaraq əvvəlki illərin məzunları ilə görüş təşkil olunur. Deməzdim ki, Anargil hər il məktəbə gəlirdi, amma tez-tez gələrdilər. Bizdə onların bu görüşləri ilə bağlı fotoşəkillər də  var.

Məktəbin iki dəfə yubileyini təşkil etmişik. 1994-cü ildə Rus Dram Teatrında məktəbin 50 illik yubileyini qeyd etmişdik, sonra  məktəbin 60 illik yubleyini 2004-cü ildə Opera və Balet Teatrında təşkil etmişdik. Bu tədbirlərin hər ikisində  Anar iştirak edib. Deputat kimi, “KVN” rəhbəri kimi çıxış edib. 

Ümumiyyətlə,  “Bakılı oğlanlar”  komandasının yarısı bizim məktəbin məzunları  olub. 70-ci illərdəki birinci məşhur komandanın -Yuli Qusmanın komandasında olan 11 üzvdən 8-i bizim məktəbin məzunu idi. 

Anarın dostları da özü kimi istedadlı uşaqlar idi. Sinif yoldaşlarından biri - Toğrul Sadıqov, Xarici İşlər Nazirliyində məsul işçi, digəri Eldar Zülfüqarov - Voleybol üzrə Beynəlxaq dərəcəli hakimdir.  

- Məktəbə Anar Məmmədxanovun adının verilməsi təklifi var. Buna münasibətiniz necədir?

Sona Qarabəyova:
-  Çox gözəl, necə münasibət bəsləyə bilərəm?! Mən altı il ona ana kimi olmuşam. Belə bir şey olsaydı, çox sevinərdim.

Faina Ələkbərova:
- Əlbəttə istəyərdik ki, olsun. Anar çox böyük işlər görüb. O  vaxtlar Azərbaycanın çətin vaxtı idi. Anar Vətənin adını yüksəklərə qaldırdı. O, komandası ilə Azərbaycanı çox gözəl şəkildə təqdim etdi.

Sona Qarabəyova:
- O vaxtlar  ermənilər belə bir fikir yayırdılar  ki, biz heç nə edə bilmirik. Amma Anar sübüt etdi ki, bizim hər bir işə gücümüz çatır. Yeri gəlsə, biz onlara hər bir sahədə qalib gələ bilərik. Bax, bunu Anar onlara “Bakılı oğlanlar” ŞHK vasitəsilə sübüt etdi. Göstərdi ki, Azərbaycan xalqı güclü, istedadlı, intellekt səviyyəsi yüksək olan, yumora malik  bir  xalqdır.   

Faina Ələkbərova:
- Anarın vaxtsız vəfatı ilə əlaqədar  məktəbimizdə xatirə güşəsi yaradılıb. Orada Anarın fotoşəkilləri, onun haqqında qəzet məqalələri, internetdən götürülən materiallar yerləşdirilib. Şagirdlərimiz ora gül qoyublar, divar qəzeti hazırlayıblar.
Orada da yazıblar: “Biz istəyirik ki, bizim gimnaziya  Anar Məmmədxanovun adını daşısın”.

- Anar Məmmədxanovun ölüm xəbərini necə eşitdiniz?

SonaQarabəyova:
- Anarın ölümü mənə çox pis təsir edib. Eşidəndən özümə gəlmirəm. şagirdlərim elə bil mənim öz övladlarımdır. Deyirəm, Anar balama nə oldu?! O heç vaxt ürəyindən şikayət etməzdi. Mən çox təəccüb etdim ki, o ürək xəstəliyindən dünyasını dəyişdi. Heç vaxt bu haqda eşitməmişdim.  Bu, mənə çox böyük zərbə oldu. Həmin anda tutuldum... Anar həmişə yaşar insandır.

Faina Ələkbərova:
- Bütün məktəb kollektivi, məzunları, mən özüm bu hadisədən böyük  sarsıntı hissi  keçirdim.


 

 

 

 


Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı