Modern.az

İftar yeyən qalstuklu inancsızlar - Deputat: “Bəziləri bunu ancaq qonaqlıq kimi başa düşür”

İftar yeyən qalstuklu inancsızlar - Deputat: “Bəziləri bunu ancaq qonaqlıq kimi başa düşür”

Hadisə

20 İyun 2017, 17:59

Artıq Ramazan ayının 25-ci günü geridə qalmaq üzrədir. Bu müddətdə oruc tutan, tutmayan bir çox tanınmışların, vəzifə sahiblərinin, yüksək ranqlı məmurların iftar süfrəsi arxasında cəmləşdiyinin şahidi olduq. Hətta dini baxımdan doğru sayılmasa da, iftar süfrəsi açdığını xəbərə çevirənləri də görürük... Bu fonda oruc tutmayıb iftar süfrəsində yuxarı başda əyləşənlər bir qırağa dursun, çağırılanların ancaq  qalstuklu vəzifə sahiblərindən ibarət olması ikrah doğurur...


İnanclı deputatlarımızdan olan Fazil Mustafa da bu qənaətdədir ki, iftar süfrəsi əslində yoxsullara açılmalıdır. O, Modern.az-a bildirib ki, iftar süfrələri qonaqlıq xarakteri daşımamalıdır:

 

“Təəssüf ki, bizdə iftar süfrəsi deyəndə qonaqlıq, yeyib-içmək yada düşür. Rəsmilərin iftar süfrəsində olmasına gəlincə, müəyyən rituallar yerinə yetirilərkən dövlətin dinə münasibətini ifadə etmək üçün müxtəlif təbəqələrin, dinlərin təmsilçilərinin iştirakı qəbul olunandır. Amma bütövlükdə iftar süfrəsi açılanda orada yemək yeyənlərin daha çox yoxsullar olmasına diqqət yetirmək lazımdır”.

 

F.Mustafa Azərbaycanda iftar süfrələrinin verilməsinin lehinə olmadığını qeyd edib:


“Mən daha çox ehtiyaclı təbəqəyə yardım edilməsinin tərəfdarıyam. İftar süfrəsinin əsas mahiyyəti həmrəylikdir. Həmrəylik yalnız qarın doydurmaq anlamına gəlmir. İftar eyni duyğuları paylaşan insanların həmin vaxtı bir yerdə keçirməsidir. Bu olmadıqda faydalı nəticə olmur. Amma hər bir şəxs ürəyinə görə belə addım atırsa, bunu da normal qarşılamaq lazımdır. Hər halda çalışmalıyıq ki, iftar bir səmimiyyət tədbirinə çevrilsin. Göstəriş, kiməsə nəyisə nümayiş etdirmək tədbiri olmasın”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi