Modern.az

Əfv, amnistiya, bəraət - Məhkumluq həyatı yaşayanların XİLASI...  

Əfv, amnistiya, bəraət - Məhkumluq həyatı yaşayanların XİLASI...   

Hadisə

4 İyul 2017, 11:13

Artıq illərdir ki, əlamətdar günlər və bayramlar ərəfəsində Azərbaycanda məhkumlarla bağlı əfv və amnistiya tətbiqi ənənə halını alıb. Xüsusilə məhbus ailələri bu günləri böyük səbirsizliklə gözləyir. Bəs amnistiya və əfvin fərqi nədir? Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər əfv oluna, yaxud onlar barəsində amnistiya tətbiq edilə bilərmi?

 

Modern.az mövzunu araşdırıb.

 

Amnistiya cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir.

Amnistiyanın tətbiqi dairəsi heç də cinayət qanunvericiliyi ilə məhdudlaşmır, bir sıra ölkələrdə tez-tez vergi amnistiyası aktları da qəbul edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən, amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır. Cinayət qanununa gəldikdə isə Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğunun götürülməsi də mümkündür.

 

Amnistiya və əfvetmənin fərqi nədir?

Cinayət Məcəlləsinin (CM) 81-ci maddəsinə görə, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir.

Məcəllənin 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. 


Konstitusiya Araşdırmalar Fondunun sədri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az
-a deyib ki, əfv Cinayət Məcəlləsinin hər hansı bir maddəsi ilə ittiham olunaraq, barəsində məhkəmə hökmü çıxarılmış şəxslərə aid edilir.

Komissiya üzvü bildirib ki, əfv müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının vaxtını azalda bilər:

 

“Həmçinin, əfvlə məhkumluq birdəfəlik ləğv oluna bilər. Şəxs ictimai təhlükəsi az olan, ağır sayıla bilməyəcək cinayət törədibsə, əfv üçün müraciət edə bilər. Bu, hər bir vətəndaşın konstitusion hüququdur”. 

 

Ömürlük azadlıqdan məhrum edilənlər 

 

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin əfv olunması,  yaxud amnistiya tətbiq olunmasına gəlincə, Ə.Nuriyev bunları deyib:

 

“Ömürlük azadlıqdan məhrum edilən şəxs cəzanın müddəti on il keçdikdən sonra əfv üçün müraciət edə bilər. Bu zaman onun cəzası azaldıla, yaxud ölkə prezidentinin qərarı ilə tamamilə ləğv edilə bilər. Bundan başqa, əfv təkcə azadlıqdan məhrum olunmuş şəxslərə deyil, barəsində cərimə cəzası tətbiq olunmuş və digər maddələrlə ittiham olunanlara da aid edilə bilər”. 

 

Bəraəti necə almaq olar?...

 


Hüquqşünasın sözlərinə görə, şəxslərin əfv və ya amnistiya ilə azadlığa çıxması onların bəraət alması demək deyil:

 

“Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. Yəni hər hansı maddə ilə ittiham edilən insanın əməlində doğurdan da cinayət tərkibi olmur. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, o adamlar bəraət ala bilər. Həmçinin, bu məsələ amnistiyaya da aiddir. Amnistiya da bəraət üçün əsas deyil. Şəraitin dəyişməsi ilə şəxs barəsində cinayət işinə xitam verilməsi də qanunda nəzərdə tutulur. Ancaq bu da hələ həmin adamların bəraət alması anlamına gəlmir. Bir də cinayət işinin qaldırılmasından sonra müddətlərin keçməsi ilə əlaqədar şəxslərin məhkumluğu götürülə bilər. Amma məhkumluğun götürülməsi də həmin adamın bəraət alması deyil”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!