Modern.az

Xoşagəlməz problemlərin XOŞ ƏTİRLİ HƏLLİ  

Xoşagəlməz problemlərin XOŞ ƏTİRLİ HƏLLİ   

5 İyul 2017, 23:23

Mətbəximizdə hazırlanan təamlara xüsusi ətir və dad verən ədviyyatlatlar orqanizm üçün faydalı olmaqla yanaşı insan xarakterinə də müsbət təsir göstərir. Bu sahədə mütəxəssislərin uzun illər apardıqları araşdırmalar bir daha sübut edir ki, müxtəlif ədviyyatlardan istifadə etməklə xarakterdə olan problemlərdən yaxa qurtarmaq mümkündür.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Hamımıza yaxşı məlumdur ki, müntəzəm istifadə etdiyimiz ədvaların sağlamlıq üçün saysız-hesabsız faydaları var. Xalq təbabətində bir çox xəstəliklərin müalicəsində ədviyyatlardan geniş istifadə olunur. Mətbəximizin bu ətirli şəfa mənbəyinin daha bir üstünlüyü isə onun insan xarakterinə göstərdiyi təsiridir.

Beləliklə, ədviyyatlar insanın əhvalını, xarakterinin bəzi cizgilərini dəyişməyə qadir olan ən dadlı və ətirli təbii vasitədir.

1. Zəncəfilin insan xarakterinə təsir göstərə biləcək bir çox üstünlükləri var. Diqqəti əsas hədəfdən tez-tez yayınanlar, məqsədinə doğru gedən yoldan yarımçıq çəkilənlər, özlərini olduqlarından da çox yorğun hiss edənlər, stress və gərginlikdən qurtula bilməyənlər üçün zəncəfili əsl möcüzə saymaq olar. Bu ədvadan istifadə etməklə diqqəti cəmləşdirmək, fiziki və zehni yorğunluq səbəbindən yaranmış gərginliyi, ruh düşkünlüyünü, stressi aradan qaldırmaq, hər hansı bir işin həllində məqsədə çatmaq üçün qətiyyəti artırmaq və həyat fəaliyyətində bütün mənəvi və fiziki qüvvələri səfərbər etmək olar.

2. Mixək öz hislərinə, emosiyalarına sahiblik etməyi bacarmayanlar üçün ən yaxşı vasitədir. Ən adi hadisələrə belə kəskin reaksiya verənlərə, yerli-yersiz qıcıqlananlara, daxili qəzəbini tez üzə çaxaranlara bu ədvadan müntəzəm olaraq istifadə etmək tövsiyə olunur. Mixək insanı kənar mənfi təsirlərdən qoruyaraq onun daxili aləminə rahatlıq və sakitlik gətirir. Bu ədviyyatın təsirlərindən biri də baş vermiş xoşagəlməz hadisələrdən, yaxud uzun sürən xəstəliklərdən sonra yaranmış psixoloji gərginliyi aradan qaldırmasıdır. Odur ki, arabir çayınıza mixək atmağı unutmayın.

3. Sarıkök vaxtında lazımi qərarlar verə bilməyənlər, ümumiyyətlə qərarsız və qətiyyəti zəif olanlar üçün daha münasibdir. Müşahidələr sübut edib ki, bu ədvadan müntəzəm istifadə edənlər daha düzgün qərar verməyə, istənilən bir məsələyə daha mükəmməl münasibət bildirməyə qadir olurlar. Bunu nəzərə alaraq sarıkökdən tez-tez istifadə edin ki, planlarınızı həyata keçirəndə qərarlarınız yanlış olmasın.

4. Hil mərhəmət, əmin-amanlıq, mehribanlıq duyğularını artırır, insanı xoşagəlməz hislərdən azad edir. Normal ünsiyyət qurmaqda çətinlik çəkənlər, ətrafdakı insanlarla həmsöhbət olarkən gərginlik yaşayanlar hildən daha çox istifadə etməlidirlər. Bu ədviyyat insanı yersiz mübahisələrdən, xoşagəlməz söz-söhbətlərdən uzaqlaşdırır, ən qəliz məsələləri belə sülh yolu ilə həll etməyə kömək edir. Bir sözlə, mehriban olmaq istəyirsinizə bunu hilin ətrinə həvalə edin.

5. Darçın baş verən uğursuzluqların öhdəsindən gəlməyə kömək edir, nikbinliyi, həyat eşqini artırır, yeni planların həyata keçirilməsində insana yeni ruh verir. Bu ədviyyatdan müntəzəm istifadə edənlər istənilən seçimlərində daha dəqiq olurlar və optimal variantlara üstünlük verirlər. Çətin adam kimi qəbul etdiyiniz insanlarla dil tapmaq üçün darçın sizə yardımçı olacaq. Qısa ifadə etsək işinizin yağ kimi getməsini arzulayırsınızsa qida rasionunuzda darçından daha çox istifadə edin.

Yuxarıdakıları nəzərə alıb xoşagəlməz problemlərinizi xoş ətirlə həll edin.


İlham Cəmiloğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir