Modern.az

Nazir təhsil şöbələrinin rəhbərlərinə nöqsanları aradan qaldırmağı əmr edib

Nazir təhsil şöbələrinin rəhbərlərinə nöqsanları aradan qaldırmağı əmr edib

13 Noyabr 2009, 18:04

Təhsil Nazirliyi bir müddət öncə pedaqoji kadrların ixtisasartırma təhsili sahəsində mövcud vəziyyətin öyrənilməsi və bu istiqamətdə işlərin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə respublikada mövcud olan əlavə təhsil müəssisələrində monitorinq keçirib. Monitorinqin nəticələri elan olunub.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, montorinq pedaqoji kadrlara əlavə təhsil verən 18 müəssisəni əhatə edib.
Monitorinq zamanı bəzi əlavə təhsil müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların şəxsi işlərinin uçotunun aparılması, müəllimlərin dərs yükünün bölüşdürülməsi sahəsində nöqsanlara yol verildiyi aşkarlanıb.  
Belə ki, Azərbaycan Müəllinlər İnstitunun (AzMİ) Quba filialında ixtisasartırma təhsili üzrə qrupların dərs saatı mövcud qaydalara zidd olaraq illik proqnoza əsasən tədris ilinin əvvəlindən tarifləşdirilib. Saathesabı ilə işləyən pedaqoji işçilərin şəxsi işləri qaydaya uyğun tərtib edilməyib.
AzMİ-nin Salyan filialında əlavə təhsil üzrə direktor müavini Novruz Zeynalova qaydalara zidd olaraq 804 saat tədris yükü verildiyi müəyyən olunub. Bundan başqa, pedaqoji ixtisası olmayanların filialda işə götürüldüyü üzə çıxıb.
Cəlilabad, Sumqayıt, Ağcabədi filialında qeyri-ixtisaslı şəxslərə ayrı-ayrı fənnlərdən dərs verildiyi məlum olub.
Şəki və Qazax filialında da qeyri ixtisaslı çoxlu müəllimim işlədiyi müəyyənləşib.
Aparılmış monitorinq nəticəsində məlum olub ki, əlavə təhsil müəssisələrinin maddi-texniki və tədris bazası ilə bağlı da bir sıra nöqsan və çatışmazlıqlar mövcuddur. 
AMİ-nin Quba, Şəki və Şamaxı filiallarının əlavə təhsil korpusunun əsaslı təmirə ehtiyacı var. Mühazirə və seminar auditoriyalarında olan avadanlıqlar yeniləşdirilməlidir. Müasir kompüter texnikasına ehtiyac var. Gəncə, Mingəçevir, Cəlilabad filiallarının binaları əsaslı və cari təmir olunsa da,  yeni avadanlıqlara və texniki vasitələrə tələbat var. Sumqayıt filialında tədris imkanları məhduddur, əlavə mühazirə və seminar otaqlarına ehtiyac var.
Araşdırmalar göstərib ki, respublikada pedaqoji kadrların ixtisasartırmasının kəmiyyət və keyfiyyət göstəriciləri ümumilikdə qənaətbəxş deyil. Son iki ildə ixtisasartırma təhsilinə 28109 nəfər dinləyici cəlb edilib ki, bu da nəzərdə tutulandan çox azdır. AMİ-nin Şamaxı, Quba, Cəlilabad, Şəki, Zaqatala filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Bakı Slavyan Universitetinin əlavə təhsil fakültəsi  müəllimlərin ixtisasartırma təhsilinə cəlb olunmasında  öz imkanlarından kifayət qədər istifadə etməyib. Bir sıra rayonlarda Təhsil Şöbələri ixtisasartırma təhsilinə, ümumiyyətlə müəllim göndərməyib.
Kürdəmir, Ağsu, İmişli, Zərdab, Beyləqan, Gədəbəy, Qəbələ rayonlarının Təhsil şöbələri tərəfindən son illər ixtisasartırma təhsilinə müəllim göndərilmədiyi müəyyənləşdirilib.
İxtisasartırma təhsili sahəsində qeyd olunan problemlərin yaranmasının əsas səbəbi kimi rayon (şəhər) təhsil şöbələri tərəfindən ixtisasartırma təhsilinə cəlb olunma ilə əlaqədar dəqiq proqnozlaşdırma aparılmadığı və maliyyə orqanlarının müqaviməti nəticəsində büdcədə ixtisasartırma təhsili üçün ezamiyyə xərclərinin kifayət qədər nəzərdə tutulmadığı, yerli təhsil orqanları və təhsil müəssisələri ilə bağlanmış müqavilələrdə "sifariş-təklif" prinsipinə əməl edilmədiyi, pedaqoji kadrların ixtisasartırmaya olan fərdi tələbatlarının öyrənilməsinə lazımi diqqət yetirilmədiyi, ixtisasartırma təhsilində müasir təlim metodları və texnologiyalarından geniş şəkildə istifadə edilmədiyi, ixtisasartırma təhsili müəssisələrinin yataqxanalarının olmadığı, mövcud yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı göstərilib.
Təhsil Nazirliyindən bildirilib ki, pedaqoji kadrların ixtisasartırma təhsili sisteminin müasir tələblər səviyyəsində qurulmasını, bu sahədə yeni mexanizmlərin və reqlamentlərin işlənib hazırlanmasını təmin etmək üçün bir sıra əməli tədbirlər həyata keçirilməkdədir.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanov "Pedaqoji kadrlarin ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model haqqında" Təhsil Nazirliyinin 24 kollegiya qərarının icrasını təmin etmək məqsədilə müfaq əmr imzalayıb.
"Azərbaycan Respublikasında məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırma təhsilinə dair Əsasnamə" təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.
Yeni modelə keçidlə əlaqədar ixtisasartırma proqramlarının akkreditasiyası məqsədilə Təhsil Nazirliyi nəzdində Akkreditasiya Şurası yaradılıb.
Təhsil Nazirliyinin strukturunda müvafiq dəyişiklik edilərək Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin nəzdində "İxtisasartırma təhsili" sektoru yaradılıb.
 Nazirin əmri ilə ixtisasartırma təhsili müəssisələrinin rəhbərlərinə bir sıra tapşırıqlar verilib. Onlar kadrların tərkibinə yenidən baxmalı, müəssisənin səriştəli elmi-pedaqoji kadrlarla təmin olunması, öyrədənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görməlidirlər. Bundan başqa, müdavimlərə təhsil haqqında sənədlərin vaxtında verilməsi sahəsində nöqsanların aradan qaldırılması da təmin edilməlidir.
Hər tədris ilinin sonunda rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsilinə cəlbi və müdavimlərə təhsil sənədlərinin verilməsi barədə Təhsil Nazirliyinə hesabat veriləcək.
Rayon və şəhər Təhsil şöbələrinin rəhbərləri isə yerlərdə pedaqoji işçilərin ixtisasartırma təhsili vəziyyətini ətraflı təhlil etməli, ixtisasartırmaya cəlb edilmə sahəsində yol verilmiş nöqsanları aradan qaldırmalıdırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir