Modern.az

Qoruyucu maskaları baha satan daha bir aptek müəyyənləşdirildi

Qoruyucu maskaları baha satan daha bir aptek müəyyənləşdirildi

13 Noyabr 2009, 19:35

Qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə yoxlamalar davam etdirilir. Modern.az İqtisadi İnkişaf Nazirliyiyinə istinadən xəbər verir ki, noyabrın 13-də daha bir aptekin süni qiymət artımına yol verdiyi aşkarlanıb.
Belə ki, yoxlamalar zamanı Nəsimi rayonu, Cavadxan küçəsi-76 ünvanında “Liderfarm” ASC-yə məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 50 qəpiyə satıldığı və beləliklə də, onların qiymətlərinin süni şəkildə artırıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi və bu obyektə verilmiş xüsusi razılığın (lisenziyanın) dayandırılması ilə bağlı tədbirlər görülür. Yoxlamalar davam etdirilir. Xatırladaq ki, bundan öncə yoxlanılan 36 aptekdən 4-də qanunsuz hallar aşkarlanıb.
Yeri gəlmişkən, noyabrın 13-də Azərbaycanda A/H1N1 virusuna ("donuz qripi") yoluxmuş daha bir nəfər evə buraxılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 7 nömrəli Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasından evə yazılan şəxs tam sağalmış vəziyyətdədir. Hazırda xəstəxanada iki nəfər virusa yoluxmuş xəstə qalıb. Onların vəziyyəti kafidir.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi