Modern.az

YOL AĞRISI (I)

YOL AĞRISI (I)

16 May 2011, 16:40

Əlizadə İmdad Əli oğlu. 1980-ci ildə Laçının Oğuldərə kəndində anadan olub.
1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistraturapillələrində təhsil alıb.
2004-2005-ci illərdə hərbi xidmətdə olub.
1998-ci ildən mediada çalışır. “İntibah”, “Persona”, “Həftə içi”qəzetlərində, “525-ci qəzet”də və “Trend” İnformasiya Agentliyində işləyib. 2009-cu ildən “Media forum” saytının əməkdaşıdır.     
 

Atam Əli Əliyev “Media forum” saytında ötən il dərc etdirdiyi “54 gün erməni mühasirəsində” xatirəsinin bir bölümündə doğma yurdumuzdakı - Laçının Oğuldərə kəndindəki son günümüzdən bəhs edib. Həmin gün - 1993-cü il martın 31-i atamın yadında belə qalıb: “Oğlum İmdadı yanımda saxladım. Gedənlər kənddən uzaqlaşandan sonra dedim ki, qaç, gedən adamlara çat. O da yüyürə-yüyürə məndən uzaqlaşdı”.

1993-cü il martın 31-də mənim 13 yaşım vardı. Yadımda qalanları nəql edirəm...

Səhər saat 11 radələrində piyada gedən adamlar yola düşdülər. Mən kənddə təsərrüfata, mal-qoyunun saxlanmasına kömək etmək üçün atamın yanında qaldım. Lakin bir qədər sonra atam dedi ki, dünyanın işini bilmək olmaz, ermənilər bura qədər gələ bilər: “Ona görə də sən qalma, qaç gedənlərə çat, onlarla birlikdə get”.

Etiraz etdim, razı olmadı. Piyada gedənlər arasında anam Zeynəb Əliyeva və ortancıl qardaşım, 11 yaşlı Babək Əlizadə də vardı. Qaça-qaça atamdan uzaqlaşdım və kənddən xeyli aralanmış adamlara çatdım. Ermənilərin qurbanı olmaqdan qurtulmaq üçün dağlardan, yamaclardan keçən yüz kilometrlərlə qarlı, palçıqlı yolu piyada qət etməli idik.

Kənddən çıxanda bir at götürmüşdük. Yol boyu atı gah mən, gah da qardaşım Babək minirdi. Anam dedi ki, at arıqdır, mən minsəm, yorulacaq, siz də yolda qalacaqsız. Ona görə də anam ancaq piyada gedirdi. Xeyli gəldikdən sonra Laçın-Kəlbəcər yoluna çıxdıq. Yolda mülki adamlara, hərbçilərə rast gəldik. Mülki adamlar Laçın kəndlərinin sakinləri, hərbçilər isə Laçın cəbhəsində döyüşənlər idi. Hamı Kəlbəcər istiqamətində gedirdi - Murovu aşmaq ümidi ilə. Dağlarda qar yenicə əriməyə başlamışdı, yollar palçıq idi, elə yer olurdu ki, atlar, piyada insanlar palçığa batır, çətinliklə çıxırdılar.

Günortadan sonra Laçınla Kəlbəcərin arasında yerləşən Çilgəz dağına qalxdıq. Dağın başında Azərbaycan ordusunun postu vardı. Lakin postda heç kim qalmamışdı. Əsgərlərin oranı nə vaxt tərk etdiyi məlum deyildi. Yalnız sahibsiz itlər dolaşırdı.

Bizim heç nədən - Kəlbəcərdə, Laçın cəbhəsində nə baş verdiyindən xəbərimiz yox idi. Elə bilirdik ki, ermənilər yalnız Laçın cəbhəsindən hücuma keçiblər, Kəlbəcərdə isə sakitlikdir. Oğuldərəni tərk edənlər müvəqqəti olaraq Kəlbəcərin Tirkeşəvənd kəndinə getməyi, bir müddət qohumların evində qalmağı, vəziyyət sabitləşəndən sonra doğma evlərinə qayıtmağı planlaşdırırdılar. Ona görə də Oğuldərdən çıxanda Kəlbəcərə o qədər də tələsik getmirdik, Kəlbəcərdəki vəziyyətdən xəbərimz olmadığına görə arxayın idik.

Ancaq Çilgəz dağını aşıb Kəlbəcər ərazisinə daxil olanda tamamilə başqa mənzərənin şahidi olduq. Çilgəzin ətəyində Fikrət bəyin böyük təsərrüfatı vardı. Bura “Qazıxanlı binəsi” adlanırdı. Dağı aşanda Fikrət bəyin sahibsiz qalan mal-qoyununun dağlara dağıldığının şahidi olduq. Axşama yaxın Fikrət bəyin evinə çatdıq. Evdə heç kim qalmamışdı. Həyətdə bir necə hərbçi xarab olmuş “KAMAZ” və “ZİL-131” avtomobillərin təmiri ilə məşğul idi. Kəlbəcərdən Laçın cəbhəsinə, Laçın cəbhəsindən geri qayıdan hərbi avtomobillər, texnika xarab olanda kənar şəxslərin söküb aparmaması üçün Fikrət bəyin həyətində qoyurdular. Hərbçilər isə xarab olmuş avtomobillərdən lazım olan hissələri söküb öz maşınlarına əlavə edirdilər. Çıxıb getməyə hazırlaşırdılar.

Bir neçə nəfər Fikrət bəyin evində olduq. Odun sobasının üstündə çaydan vardı. Soba yanırdı və çaydan isti idi. Həyətə çıxıb bizi gözləyənlərə xəbər verdik ki, soba yanır, çaydan istidir, deməli, ev yiyəsi təzəlikcə gedib. Hərbçilər qayıtdılar ki, iki gündür buradadırlar, sobanı onlar yandırıb özlərinə çay hazırlayıblar, ev yiyəsi isə iki gün əvvəl gedib.

Artıq vəziyyət bizə aydın olurdu. Qaranlıq düşməmiş Tirkeşəvənd kəndinə çatdıq. Kənddə bir nəfər də qalmamışdı. Yiyəsiz mal-qoyundan tərpənmək mümkün deyildi. Tirkeşəvəndin ortasından keçən yolda isə Laçın cəbhəsini tərk edib Kəlbəcərə doğru gedən ordu birliklərinin ardı-arası kəsilmirdi. Biz çıxılmaz vəziyyətə düşmüşdük. Oğuldərədə qalanlara vəziyyətin nə yerdə olduğunu çatdırmaq lazım idi. Kənddən çıxanda iki nəfər - Ağaşirin İbrahimov və Muxtar İbrahimov da qadın və uşaqları evlərdə yerləşdirmək, Kəlbəcərdəki vəziyyətlə bağlı məlumat aparmaq üçün Tirkeşəvəndə gəlmişdi. Ağaşirin İbrahimov və Muxtar İbrahimov Oğuldərədə qalanlara vəziyyət barədə xəbər vermək üçün dərhal geri qayıtdılar.

Baxış bəyin evinin qarşısına getdik. Evin qapısı açıq idi. İçəri yığıldıq. Ev yiyəsi heç nə aparmamışdı, illərlə əziyyətlə tikib qurduğu evindən yalnız əyninin paltarı ilə çıxmışdı, bütün əmlak yerində idi. Qadınlar çay qaynatdılar, bir gün idi ac-susuz idik, Oğuldərədə səhər yeməyinə yenicə oturmuşduq ki, ermənilərin hücuma keçdiyi xəbəri gəlmişdi, tikə kəsə bilməmişdik.

Gecəni bu evdə qaldıq. Ev Laçın-Kəlbəcər magistral yolunun kənarında yerləşirdi. Laçın cəbhəsindən çıxıb Kəlbəcər istiqamətində gedən hərbi texnika və avtomobillərin səsindən səhərə qədər yatmaq mümkün olmadı.

Səhər açıldı. Təqvimdəki tarix 1 apreli göstərirdi. Bütün dünya zarafat və gülüş gününü qeyd edəndə biz tarixin ən ağır və dəhşətli həqiqətlərindən biri ilə üz-üzə qalmışdıq. Kəlbəcəri iki hissəyə bölən və bir hissəsinin digəri ilə əlaqəsini təmin edən tuneli ermənilər gecə tutmuşdular və biz tam olaraq erməni mühasirəsinə düşmüşdük, sağ qalmaq üçün yeganə ümid yolumuz da bağlanmışdı.
 
Səhər açılanda Oğuldərə kəndinin bir qrup sakinini də Tirkeşəvənddə gördük. Kamal Abdulkərimov oğlanları və qohumları ilə birlikdə mal-qoyununu da götürüb gecə ilə Oğuldərəni tərk edib Kəlbəcərə adlamış, Tirkeşəvənd kəndinə gəlmişdi.

Burada mənzərə isə dəhşətli idi: ağlaşan insanlar, batalyon-batalyon hərbçilər, yiyəsiz evlər, sahibsiz mal-qoyun, itlər... Baxış bəyin həyətində xeyli mal-qoyun vardı. Bir neçə inək yenicə balalamışdı, sahibi olmadığı üçün körpə quzular, buzovlar mayalanmamışdı, yerdə sürünürdü. Bu mənzərə adamın içini göynədirdi. Müharibə heyvanların da həyatını cəhənnəmə döndərmişdi.

Uşaqlarla birlikdə Baxış bəyin həyətində və qonşu həyətdə bir neçə buzovu mayalandırdıq. Tövlədə bağlı qalan heyvanları açıb həyətə çıxardıq. Savab olsun deyə. Təbii ki, bundan sahiblərinə heç bir xeyir yox idi. Həmin heyvanların hamısı ermənilərə qaldı.

Laçın cəbhəsindən çıxan hərbçilərin böyük əksəriyyəti Tirkeşəvənddə, bir hissəsi isə Zülfüqarlı kəndində, Kiçik İstisuda dayanmışdı. Çünki ermənilər yolu bağlamışdılar.

Kamal Abdulkərimov və bir neçə nəfər ata minib Zülfüqarlı kəndinə getdilər. Bir qədər sonra geri qayıdıb dedilər ki, vəziyyət çox ağırdır, ermənilər tuneli tutub, yol bağlıdır, nə vaxt açılacağını heç kim bilmir, hərbçilər yolu açmaq üçün heç nə etmirlər: “Ermənilərin mühasirəsinə düşmüşük, burada qalmaq təhlükəlidir, indi yalnız sağ qalmağa çalışmaq lazımdır”.

O, oğlanlarına və qohumlarına evdən özləri ilə gətirdikləri bütün əşyaları atmağı, mal-qoyunu buraxmağı, yalnız atları və çörəyi götürməyi tapşırdı. Bir neçə nəfər bununla razılaşmadı, mal-qoyunu aparmağı təklif etdi. Onlardan biri də Cabbar Cabbarov idi. 

O, yaşlı adam idi (hazırda Bakının Sabunçu rayonunda məskunlaşıb, bir neçə il əvvəl Həcc ziyarətində olub). Dedi ki, bu heyvanlar mənim kəfən haqqım, ehsanımdır, onları qoyub gedə bilmərəm, sabah ölsəm, ehsanım necə veriləcək?

Cabbar kişi bu sözləri ağlaya-ağlaya dedi və ətrafdakıları da ağlatdı. Lakin bu da Kamal Abdulkərimova təsir etmədi. O dediyindən dönmədi və avtomatı Cabbar Cabbarova tərəf çevirərək heyvanların yanından uzaqlaşmasını tələb etdi, dedi ki, burada qalsan, onsuz da səni ermənilər ya qətlə yetirəcək, ya da əsir aparacaq. Bundan sonra bir neçə nəfər Cabbar kişinin qoluna girib onu mal-qoyunun yanından uzaqlaşdırdı.

Kamal Abdulkərimov bizdən də evdən götürdüyümüz paltarları atmağı, yalnız çörəyi götürməyimizi istədi. Yola düşməyə hazırlaşarkən bizim və Arif Zülfüqarovun atı (özü Oğuldərədə qalmışdı, atı övladları minirdi) bir-birinə qoşulub kəndimizə - Oğuldərəyə tərəf qaçdı. Ənvər Zülfüqarovla birlikdə atların arxasınca qaçdıq, Tirkeşəvənddən xeyli uzaqlaşandan sonra onlara çatdıq, atları minib geriyə çapdıq.

Yolda at məni daşlığa yıxdı, möhkəm zədə aldım. Sürünüb çayın qırağına gəldim, üzümə su vurdum, özümə gəldim, üst-başımı təmizlədim. At məni yıxandan sonra qaçmamışdı, yanımda dayanmışdı. Ənvər məni çətinliklə ata mindirdi, yavaş-yavaş gəlib Tirkeşəvənddəkilərə çatdıq. Anam məni görəndə sifətimin ağardığını dedi, nə olduğunu soruşdu. Atdan yıxıldığımı, ciddi bir şey olmadığını dedim.

Artıq yola düşürdük. Evdən götürdüyümüz paltarları da atdıq, yalnız kimdə çörək vardısa onu götürdü. Oğuldərədən çıxanda əksəriyyətimizdə çörək ehtiyatı da yox idi.

Kamal Abdulkərimov dedi ki, tuneldən kənar keçən bir yol tanıyır, avtomobil yolu deyil, meşələrin içindən, sıldırım uçurumlardan və qayalıqlardan, qarlı dağlardan keçən piyada yoludur. Əvvəllər Kəlbəcərə gəlib-gedəndə bu yoldan istifadə etdiyini söylədi.

Bu arada Kəlbəcərin Başlıbel kəndinin sakinləri avtobus, yük maşını, qoşqulu traktor, kiçik minik maşınları ilə Tirkeşəvənddən keçib Zülfüqarlıya - tunel istiqamətində getdilər. Hay-küy yayıldı ki, Azərbaycan ordusu hücuma keçib, tunel ermənilərdən azad olunub, yol açılıb. Lakin az sonra başlıbellilər getdikləri formada geri qayıtdılar, tunelin bağlı olduğunu dedilər.

Yol bağlı olduğuna görə Başlıbel sakinləri kəndlərinə qayıtmağı, dağlarda gizlənməyi qərara almışdılar. Sonradan ermənilər onların əksəriyyətinin dağlarda gizləndikləri yerləri tapmış, qətlə yetirmiş, əsir aparmışdılar. Yalnız bir hissə mühasirədən çıxa bilmişdi.

Günortaya yaxın Tirkeşəvənd kəndindən yola düşdük. Narahat, ümidsiz, aç-susuz, piyada, gözümüz arxada, gözüyaşlı... Oğuldərədə qalanlardan, bir gün əvvəl nasaz yük maşını ilə gedənlərdən xəbərimiz yox idi. Düşmən bizim ailəni üç hissəyə parçalamışdı, bir-birimizdən xəbərimiz yox idi - ölmüşük, əsir düşmüşük, yoxsa salamatıq.

Tirkeşəvənd kəndi qurtaran kimi sağa dönüb körpünü keçdik və Əsrik kəndinə qalxdıq. Bu kənddə yalnız orta yaşlı bir qadın qalmışdı. Ona bizimlə getməyi təklif etdik, lakin razılaşmadı. Dedi ki, doğma yurdunu qoyub heç yerə gedən deyil.

Əsrikdən çıxandan sonra məlum oldu ki, bu heç piyada yolu da deyil. Sadəcə istiqamət götürüb gedirdik, mühasirədən çıxmaq, sağ qalmaq ümidi ilə.

Yolda ağsaqqal kişiyə rast gəldik, yorğan-döşəyin arasında qarın üstünə qoymuşdular. Yataq xəstəsi olan bu nurani ağsaqqalı övladları çiyinlərində bura qədər gətirmişdilər. Qarşıda sıldırım qayalıq və zirvəsi görünməyən bir dağ vardı. Görünür, buranı qalxa bilməyəcəklərinə görə kişini qoyub getmişdilər.

Ağsaqqal keçənlərdən kömək istəyirdi. Bir neçə adam onun yanında ayaq saxladı. Kişi dedi ki, övladları onu bura qədər gətiriblər, sonra qoyub gediblər.

Ona para çörək verdilər. Lakin onu götürməyə, kömək etməyə imkanımız yox idi.

(Ardı var)

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?