Modern.az

Cənnət görmək istəyən İsmayıllıya gəlsin… (REPORTAJ)

Cənnət görmək istəyən İsmayıllıya gəlsin… (REPORTAJ)

17 May 2011, 12:38

 “Azərbaycanın İsveçrəsi”nə səfər qeydlərim


“Bədo” suyu - yüz bir dərdin dərmanı

Həftə sonu güzarım İsmayıllı tərəfə düşmüşdü, iki günlüyə. Bu vaxtlar İsmayıllıda təbiət özgə aləm olur, adamın gözünə lap cənnət kimi görünür bu yerlər. Gül gülü, bulbul bülbülü çağırır, havası da beçə balı kimi təmiz, saf. Əbəs yerə deyil ki, İsmayıllını “Azərbaycanın İsveçrəsi” adlandırırlar. Yaşıl libasını geymiş meşələr, meşələrdən özünə qumaş libas biçmiş uca dağlar, xalı naxışına bənzər güllü-çiçıkli çəmənlər, dağların ətəyindən süzülüb gələn gözyaşı kimi duru gur bulaqlar İsmayıllıya alayı cürə gözəllik verir. Bulaq demişkən, elə İsmayıllıya yol da “Bədo” deyilən məhşur bir bulağın həndəvərindən keçir. Ola bilməz ki, “Bədo” barədə məlumatı olan yolçu bu bulağın başında maşınını əyləyib suyundan içməsin. Biz də bu məkanda maşınımızı əyləyib müalicəvi əhəmiyyətə malik olan “Bədo”nun suyundan içib yolumuza davam etdik. Üzü dağlara dirənən yolumuzsa İsmayıllınin girəcəyində qərar tutmuş Olimpiya İdman Kompleksinədir.

“Millətimizin övladlarına xidmət edirik”

Maşınımız İsmayıllı Olimpiya İdman Kompleksinin həyətində dayanır. Kompleksin xarici görünüşü qəlb oxşayır, geniş həyəti, hovuzu, idman zalları ilə yanaşı, həyətində 4 ikimərtəbəli, hər biri 10 yerlik olan katej tikilib. 2009-cu ilin oktyabrında istifadə verilən bu kompleksdə şahidlərin dediyinə görə, həmişə qələbəlik olur. Əksər idman yarışları da elə bu kompleksdə keçirilir. Xarici görkəmi həddən artıq səliqə sahmanlı olan kompleksin zal və yardımçı otaqları ilə tanış olduqda burada da eyni mənzərə ilə tanış oluruq. Kompleksin foyesində çay stolu arxasında bir nəfərin tanış siması diqqətimi cəlb edir. Deyəsən, zənninmdə yanılmamışam, odur, Asif Məlikov, əslən İsmayılıdan olan ağırlıq qaldırma üzrə dünya çempionu.

Dərhal yerindən qalxıb qonaqpərvərlik nümayiş etdirir. Sonda isə “vizitkasını” uzadaraq, “Sabunçu Polis İdarisindəyəm, hər zaman zəng etsəniz, qulluğunuzdayam” deyir. Jurnalist olduğumu bilincə, daha da mehribanlıq göstərir, ordan-burdan söz salıb söhbətləşirik. A.Məlikovla söhbət zamanı mənə o da məlum olur ki, son illər İsmayıllıda başqa sahələrlə yanaşı, idman da xeyli inkişaf edib.

Asiflə sağollaşıb Kompleksin direktorunu arayıram. Rastıma çıxan idmançı qiyafəsində bir gənc “direktor, ikinci mərtəbədə oturur, ancaq indi onu orada tapa bilməzsiniz, başı qonaqlara, çempionata qarışıb” deyir.

Ancaq mən Tofiq Hümbətovu - kompleksin direktorunu gəncin dediyinin əksinə olaraq tez tapıram. Bir-iki dəqiqəlik söhbətdən bəlli olur ki, Tofiq müəllim əslən ağdamlıdır. İsmayıllıya 1993-cü ildə gəlib, həyat yoldaşı buralıdır. İndiyə qədər bir çox sahələrdə özünü sınayıb, ali təhsillidir, 3 diplomu var. Bu barədə mənə icra başçısının birinci müavini Rəfail müəllim dedi. Onu da əlavə etdi ki, Tofiq indi əsil öz yerini tapıb, əsil təşkilatçıdır, buranı kimsə onun kimi belə saxlaya bilməz. 

“Öz millətimizin övladlarına xidmət edirik, onların sağlam, gümrah böyümələri üçün biz cavabdehik.Mən millətimi sevən adamam. Birdə görürsən, bəzən uşaqlardan birinin geyindikləri idman formasının üzərində başqa dövlətin adı yazılır. Mən buna qətiyyən yol vermirəm, dərhal soyundurub milli forma geyindirirəm”.- bu sözləri də Tofiq müəllim söylədi. 

Sin-do Ryuçuların respublika çempionatı

İsmayıllıya gəlişimin səbəbi barədə deməmişəm axı. Məqsədim Sin-do Ryu və Pençak Silat Federasiyasının YIII respublika çempionatını izləmək idi. Qeyd edim ki, İsmayıllı Olimpiya İdman Komleksində iki gün davam edən bu tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuşdu.  

Çempionatın açılış mərasimində Federasiyanın prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov çıxış edərək bildirdi ki, Sin-do Ryu və Pençak Silat Federasiyası gənc olmasına baxmayaraq idmançıları bir çox beynəlxalq çemrionat və yarışların iştirakçısı olublar:
“2005-ci ildən bu günə kimi idmançılarımız Belçika, Ukrayna, Malayziya, Sinqapur, İndoneziya, Rusiya, Fransa və s. ölkələrdə keçirilən beynəlxalq səviyyəli yarışlardan vətənə 50-yə yaxın qızıl, gümüş və bürünc medallarla qayıdıblar. Məsələn, 16-18 apreldə Fransanın San Jülyen şəhərində 14 ölkənin iştirakı ilə keçirilən pençak silat üzrə beynəlxalq turnirdə döyüşçülərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Fransada əldə edilən bu qələbə idmançılarımıza iyun ayının 15-21-də Sinqapurda yeniyetmə və gənclər arasında keçiriləcək dünya birinciliyinə iştirak hüququ qazandırıb”. 

İ.Rəhimov bildirdi ki, bu çempionatda ölkəmizin müxtəlif bölgələrindən 500 yaxın idmançı öz qüvvəsini sınayır. Mübarizə 3 yaş qrupu üzrə keçirilib: “Bu çemrionat ölkənin idman həyatında mühüm hadisədir. Bu gün respublikanın ən güclü idmançıları İsmayıllıya yığışıb. Çoxsaylı azarkeşlərin diqqəti bu idmançılara yönəlib. Mən əminəm ki, bu ikigünlük yarışlar maraqlı, gərgin mübarizə şəraitində keçəcək. Bu çemrionat yaddaqalan idman hadisəsinə çevriləcək. Sevindirici haldır ki, bu günkü yarışda federasiyamızın idmançıları arasında əslən İsmayılıdan olan Fərid İbrahimov, Cəlal Kərimov və Allahverdi Həsənov da var, hansı ki, onlar dünya çempionlarıdır. Bütün iştirakçılara uğurlar arzulayıram, qoy güclü qalib gəlsin”.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov da öz çıxışında Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək qayğıdan söz açdı: “Məhz bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”, son illər respublikada beynəlxalşq səviyyəli yarışların, böyük beynəlxalq turnirlərin keçirilməsi artıq bir ənənəyə çevrilib”.

Ya sən, ya mən – Yasəmən

Yaz aylarında özünün füsunkar gözəlliyi və ətri ilə seçilən yasəməni digər rayonlarla müqayisədə İsmayıllıda o qədər də sevmirlər. Bu barədə mənə nə qədər təəccüblü görünsə də, öz həyətində bir neçə yasəmən ağacı olan,

gecə evində qonağı qaldığım tələbə yoldaşım Şahlar danışdı. Şahların sözlərinə görə, buralarda hər adam yasəməni öz həyətində əkməz, guya düşər-düşməzi olar. Sonra o həyətində əkdiyi ağacların tarixçəsi barədə danışdı. Dediyinə görə, iş yoldaşından aldığı yasəmən ağaclarını həyətdə əkərkən rəhmətlik anası Şahlara məsləhət görüb ki, onları əkməsin: “Rəhmətlik çox yalvardı, dedi ki, “bala, yasəmən ya sən, ya mən” deməkdir, düşər-düşməzi olar”. Yasəmən barədə yaşlı bir kişidən də eşitmişdim, o da anam deyəni demişdi mənə. Amma mən qulaq asmadım anamın sözünə. Hətta bir dəfə mən işdə olanda anamgil ağacları torpaqdan çıxarıb həyətə tullamışdılar, onları yenidən yerinə sancdım. Amma yasəmən bitəndən sonra çox keçmədi ki, anam dünyadan köçdü”.

Turistləri bol olan rayon

Əhalisi təxminən 81 min olan İsmayıllıda son illər köklü dəyişikliklər baş verib. Rayon mərkəzində artıq hündür mərtəbəli yaşayış binalarının tikintisinə başlanılıb. Yeni tikililərdənsə, Heydər Əliyev Mərkəzinin, Zərifə Əliyeva adına parkın, Xalq Bankın, İdman Kompleksinin, Heydər Əliyev parkında Gənclər Evinin, yenə həmin parkda Tarix düyarşünaslıq muzeyinin binalarının adını çəkmək olar. Vətəndaşlar faizlərin çox olmasından şikayətlənsələr də, rayonda demək olar ki, respublika banklarının əksəriyyəti fəaliyyət göstərir: Beynəlxalq Bank, “Zaminbank”, “Xalqbank”, “Muğanbank”, “Kapitalbank”, “Kredoaqrobank” və s. Sakinlərin özləri demişkən, ümid yeri qalmayanda banklara üz tutmaq olar.

İsmayıllı eyni zamanda turizm üçün də çox əlverişli və gəlirli rayondur. Lahıc, Baskal, Buynuz, İvanovka və s. kimi yerlər buraları turistlər üçün daha da maraqlı bir diyara çevirib. Ona görə də, İsmayıllıya təkcə yerli turistlər deyil, xarici turistlər axını başlayıb. Məsələn, 2009-cu illə müqayisədə ötən il İsmayıllıya 25 min turist gəlib ki, bu da bir il üçün 10 min əlavə turist deməkdir. Turistlərin mehmanxana problemini həll etmək üçün rayon mərkəzində inşaasına başlanılan çox mərtəbəli 5 ulduzlu hotelin tikintisi artıq başa çatmaq üzrədir...

İsmayıllı barədə qələmə alınası çox mövzu var. Ancaq mən bu yazıma xoş ovqata köklənərək nöqtə qoyuram...





Xanoğlan ƏHMƏDOV
Bakı-İsmayıllı-Bakı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür