Modern.az

Namaz qılan deputatlar...

Namaz qılan deputatlar...

18 May 2011, 13:32

“Pakistanda bizi çox yüksək səviyyədə qəbul etdilər...Yadımdadır, böyük nümayəndə heyəti ilə məscidlərə getdik, namaz qıldıq. Orada adət belədir. Müsəlman dövlətlərindən gələn yüksək nümayəndə heyəti məsciddə birgə namaz qılır. Bizimlə bağlı məsciddə tragikomik vəziyyət də yaranmışdı.. Sovet vətəndaşları olan bizlər namaz qılmağı da bilmirdik. Yaxşı ki, bizim yanımızda deputat Hacı Fərrux Zeynalov var idi. O qayda-qanunları bilirdi... O dayandı yanımızda... Biz də ona baxa-baxa namaz qıldıq. Bəziləri necə əyilib-durmaq qaydalarını bilmirdi, bəziləri bir təhər yoluna qoyurdu”.

Bu sözləri Modern.az-a müsahibəsində millət vəkili Vahid Əhmədov 1991-ci ildə müstəqilliyini yenəcə bərpa edən Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri barədə danışarkən deyib.

Bəli, o zamanlar belə idi. Azərbaycanda məscidlər və namaz qılanlar barmaqla sayılacaq qədər az idi.
SSRİ-nin 70 il ərzində Sovet Azərbaycanında ateizmi, dinsizliyi təbliğ etməsinə baxmayaraq, azərbaycanlılar arasında Allaha inam sarsılmadı. Düzdür, bu təbliğata uyub cəmiyyətimizdə allahsızlaşanlar da oldu, amma ümumilikdə götürəndə sovet ideologiyası əksər azərbaycanlıların qəlbindən Allah xofunu çıxara bilmədi.

Müstəqilliyimizin bərpasından sonra isə Azərbaycanda dinə tapınanların, Allahın vacib buyurduğu əməlləri yerinə yetirənlərin, müqəddəs Həcc ziyarətinə gedib-gələnlərin sırası sürətlə genişləndi. Bu sırada sadə vətəndaşlarla yanaşı, müxtəlif vəzifələrdə çalışan məmurlar, digər postlar tutan insanlar da az deyil. O cümlədən də deputatlar.

Modern.az saytının məlumatına görə, Milli Məclisin hazırki üzvləri arasında Həcc ziyarətində olan deputatlar var. Hətta onlardan bəziləri bu müqəddəs yolu bir dəfə deyil, iki dəfə və daha çox gedib-gəliblər. Araşdırmalarımıza görə, deputatlar arasında Allahın vacib buyurduğu əməlləri icra edənlər də var. Namaz qılmaq, oruc tutmaq, xüms vermək, zəkat vermək, Həccə getmək kimi vacib əməllərin hamısını icra edən deputatlardan biri Fazil Mustafadır.

Modern.az saytının əməkdaşı ilə söhbəti zamanı Fazil Mustafa bildirib ki, namaz qılmaq insanın bütün həyatını xüsusi bir sistemə salır: “Namaz qılan şəxs mənən sağlam olur, mənəvi rahtlıq tapır. Namaz insanın sağlamlığına yaxşı mənada xüsusi təsir göstərir”.

F.Müstafa deyir ki, o, namazını vaxtında qılır: “Amma bəzən işlə əlaqadar olaraq vaxt tapa bilmirəm. Belə vaxtlarda qəza namazını da qılıram”.

Deputat cümə namazını həmişə məsciddə qıldığını deyir. Modern.az-ın “indiyədək hansı millət vəkili ilə bir yerdə namaz qılmısınız” sualımıza F.Mustafa “heç kimlə,  hansısa digər millət vəkilinin namaz qılması barədə məlumatım yoxdur” deyə cavab verib.

Modern.az-ın əməkdaşı ibadətlə məşğul olan bir neçə digər millət vəkili ilə əlaqə saxlayıb onları mövzu barədə danışdırmaq istəsə də, bu, mümkün olmayıb. Belədə onların adını yazmağa da ehtiyac duymadıq.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir