Modern.az

Rektor Əhməd Vəliyev: “Universitetimizi digər ali məktəblərlə müqayisə etməzdim…”

Rektor Əhməd Vəliyev: “Universitetimizi digər ali məktəblərlə müqayisə etməzdim…”

18 May 2011, 14:33

Milli Məclisin ötən gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən əlavə və dəyişiklikərin müzakirəsi zamanı millət vəkili Abel Məhərrəmov dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışanlara yuxarı yaş həddi kimi 65 yaşın tətbiqinin universitetlərə problemlər gətirəcəyini bildirib və buna etirazını səsləndirib. O qeyd edib ki, “Odlar Yurdu” Universitetinin (OYU) rektoru Əhməd Vəliyev bu məsələdə sakit durur:
“Onun sakit durmasının səbəbi məlumdur. Fikirləşir ki, dövlət universitetlərindən yaşla bağlı kənarlaşdırılan professor, müəllim heyətini öz universitetinə cəlb edəcək”.

Məsələ ilə bağlı OYU-nun rektoru, millət vəkili Əhməd Vəliyev Modern.az saytına bildirib ki, bu gün ən düzgün addım ölkə Prezidentinin atdığı addımdır: “Gəncləri dəstəkləyirəm. Çünki gələcəyimiz gənclərin əlindədir”.

Ə.Vəliyev Abel Məhərrəmovu yaşlı nəsli müdafiə etməyinə rəğmən köhnədən qalan adam adlandırıb: “O, hesab edir ki, yaşı yuxarı olanları universitetdən kənarlaşdıranda yerinə başqa adam tapmayacaq. Azərbaycanda xeyli sayda işsiz adam var. Hesab edirəm ki, xaricdə təhsil alıb gələnlər, burada yüksək təhsilli gənclərimiz çoxdur. Şərt deyil ki, elmlər doktorunun yerinə elmlər doktoru çalışsın, onun yerinə elmlər namizədi də çalışa bilər. Sadəcə olaraq, gənc düşüncəli, müasir texnologiyadan, dünyadan başı çıxan insanlar onları əvəz edəcək, bu da müsbət mənada böyük bir nəticə verəcək”.

Ə.Vəliyev onu da qeyd edib ki, indiki zamanda Azərbaycan cəmiyyətində təhsil müəssisələri ilə bağlı “özəl” və “dövlət” ifadələrinin işlənməsi düzgün deyil: “Həm dövlət, həm də özəl ali təhsil müəssisələri eyni qanunla, eyni qayda ilə fəaliyyət göstərir. Bunların arasında bircə maliyyə məsələsində fərq var idi, bu məsələ də artıq aradan qalxdı. Ona görə də hesab edirəm ki, təhsil müəssisələrinə “özəl”, “dövlət” deməyin özü yanlışlıqdı”.
Ə.Vəliyev dövlət universitetlərinin rəhbərlərinin yaşlı nəsli müdafiə etmələri fikirlərinin arxasında nəyin dayandığının onun üçün də qaranlıq olduğunu deyib:
“Yalnız onu deyə bilərəm ki, rəhbər olduğum universiteti Azərbaycanda heç bir ali məktəblə müqayisə etməzdim. Qərbin, müasir dünyanın sahib olduğu bütün yeniliklər bizim universitetdə tətbiq olunur. Bu gün elə yaşlı müəllimlərimiz var ki, birinin qulağı eşitmir, birinin gözü görmür, birinin başqa bir qüsuru var. Təbii ki, mənim onların hər birinə hörmətim var. Amma  məsələ ondan ibarətdir  ki,  onları tədris auditoriyasına, tələbələrin qarşısına buraxmağın özü düzgün deyil. Çünki  onlar tələbələrin qarşısına çıxanda nüfüzlarını itirirlər. Onların təcrübəsindən Elmi şuralarda, məsləhətçi kimi digər yerlərdə istifadə etmək olar. Auditoriyalar birmənalı olaraq Azərbaycanda gəncliyə verilməlidi. Prezidentimiz də bunun tərəfdarıdır. Heydər Əliyev də deyib ki, “XXI əsr gənclərlə işləmək əsridir”. Bəziləri ikiəlli sukandan yapışır, amma özüm də içində olmaqla deyirəm ki, artıq mənim də 64 yaşım var, vəzifədən ikiəlli deyil, bütun gücümüzlə yapışsaq da, çətin məqamda sükanı əlimizdə saxlıya bilməyəcəyik. Ona görə biz bu sükanı mütləq və mütləq gənclərə verməliyik. Azərbaycanda böyük istedadlı gənclər ordusu var. O gənclər Azərbaycanı böyük gələcəyə aparacaqlar”.

Deputat Milli Məclisdə həmkarlarının səsləndirdiyi “yaş həddilə bağlı elmi dərəcəsi olan müəllimlərin həmin unversitetlərdən kənarlaşdırılacağı təqdirdə, onları özəl universitetlər özlərinə cəlb edəcəklər” fikrilə də razılaşmır:
“Rəhbəri olduğum “Odlar Yurdu” Universiteti öz kadr kontingentini xeyli müddət öncədir ki, formalaşdırıb. Ona görə bizim buna ehtiyacımız yoxdur. Sadəcə, ola bilər ki, hansısa ali məktəbdən kənarlaşdırılan elm adamını işə cəlb edək, bu da mümkün variantdır”.

Mail AĞAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü