“Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu”nun İdarə Heyətinin üzvləri bu gün Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nail Zaripovla görüşüblər.
Forumun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə İdarə Heyətinin üzvü Azər Cavadov qurumun fəaliyyəti barədə səfirə geniş məlumat verib. O bildirib ki, bu gün türk dilli xalqlar arasında tarixən mövcud olan mədəni əlaqələrin inkişafı üçün münbit şərait var. Bu şərait bizə tarixi köklərə bağlı olan birgə tariximizi, mədəniyyətimizi təbliğ və təqdim etməyə imkan verir.
İdarə Heyətinin üzvü Anar Xəlilov isə Azərbaycan xalqının ən həssas və ağrılı problemi olan Dağlıq Qarabağ və erməni yalanlarından söz açıb:
”Türk dilli ölkələrin dövlət başçılarının sonuncu zirvə görüşündə bir daha vurğulandı ki, türk dilli xalqlar daha çox bir birinin problemlərinin həllində, inkişafında maraqlı olmalıdırlar. Biz də eyni addımı Qarabağ problemində Azərbaycan xalqının haqlı mövqeyinin dəstəklənməsində türk dilli xalqlardan gözləyirik”.
İdarə Heyətinin üzvü Nailə İsmayılova isə Tatarıstan və Azərbaycan arasında vətəndaş cəmiyyəti səviyyəsində əlaqələrin inkişafından, qarşılıqlı və birgə layihələrin reallaşmasının zəruriliyini qeyd edərək, müxtəlif səviyyələrdə birgə layihələrin uğurlu nəticələr verəcəyini bildirib. Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nail Zaripov isə öz növbəsində qeyd edib ki, sözügedən Forumun yaranmasına doğrudan da ehtiyac var idi: “Ən sevindiricisi isə odur ki, artıq bu Forum var və bizlərin üzərinə düşən vəzifə Forumun inkişafına öz dəstəyimizi və töhfəmizi verməkdir. Mən inanıram ki, bu Forum türk dilli xalqların birgə fəaliyyətində olduqca önəmli rol oynayacaqdır və biz Tatarıstan tərəfi olaraq, bu işə həmişə dəstək verməyə hazırıq”.
Görüşdə iştirak edən Forumun İdarə heyətinin üzvü Vüsalə Hüseynli də müzakirələrə öz münasibətini bildirib.