Modern.az

Parlamentin komitəsində büdcə dəyişiklikləri müzakirə olundu

Parlamentin komitəsində büdcə dəyişiklikləri müzakirə olundu

23 May 2011, 11:22

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Prеzidеnt İlhаm Əliyеv tərəfindən 2011-ci il dövlət büdcəsinə yеnidən bахılmаsı ilə bаğlı hаzırlаnmış «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi bаrədə» Qаnun lаyihəsi Milli Məclisinin müzаkirəsinə təqdim еdilib. Modern.az saytının məlumatına görə, bu gün parlamentin İqtisadi siyasət komitəsində büdcə dəyişiklikləri layihəsinə baxılır. Artıq bununla bağlı iclas başlayıb.
Parlamentdən Modern.az-a bildirilib ki, iclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.

***

İclasda qanun layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov büdcənin yeni göstəriciləri haqqında məlumat verib.

Belə ki, dəyişikliklərə əsasən, 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır. Bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29% çoxdur. Büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək.

Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25% artırılır. Artımdan sonra xərclərin 48,4%-ni və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4%-ni və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2%-ni və ya 346,7 mln. manatını dövlət börclarına xidmətlə bağlı xərclər təşkil edəcək.

Cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 mln. manatın 462,7 mln. manatı və ya 66,3%-i ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara əlaqədar 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləği arasındakı fərqin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək.

Dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8%-i həcmində və yaxud 2 484,1 mln. manat vəsait yönəldilcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş ilkin göstəriciyə nisbətən 73,5% çoxdur.

Bu mənbədən qəza vəziyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılmasına, tələbələr üçün yataqxanaların tikintisinə, ölkənin şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsinə, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılmasına, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulmasına, Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrasına, regionlarda kəndlərarası yolların tikintisinə və əsaslı təmirinə, Sumqayıt şəhərində gübrə istehsalı zavodunun tikintisinə və digər zəruri investisiya layihələri üçün vəsaitin ayrılması məqsədəmüvafiq hesab edilib.

Büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687 mln. manat vəsaitin əlavə gəlirlər hesabına 300 mln. manat azaldılması nəzərdə tutulur.

Qeyd edək ki, 2011-ci il dövlət büdcəsinə yeniən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Dünya neft bazarındakı konyuktur fonunda Azərbaycan neftinin bir barelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki 80%-dən artıq üstələyir.

Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 80 ABŞ dollarına çatdırılıb. Qeyd edək ki, 2011-ci ilin ilkin büdcəsində neftin baza qiyməti 60 dollardır.

Komitənin iclasında deputatlar çıxış edərək dəyişikliklərin edilməsini müsbət qiymətləndiriblər. İclasın yekununda qanun layihəsi parlamentin plenar iclasında müzakirələrə çıxarılmaq üçün tövsiyə olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu