Hazırda azərbaycanlı zəvvarlar Həcc ziyarətindədirlər. Artıq bu gün zəvvarların son qrupları da yola salınıb. Bu il Azərbaycandan Həccə 900 zəvvar gedib.
Maraqlıdır, qayıdandan sonra bu insanların hamısını hacı adlandırmaq olarmı?
Bütün dinlərdə Həcc ziyarəti var
İlahiyyatçı Elşad Miri Modern.az-a açıqlamasında bildirib ki, əslində İslamda “Hacı”anlayışı yoxdur. Onun sözlərinə görə, bu, sonradan uydurulmuş məsələdir:
“Beynəlxlaq tədbir keçiriləndə müxtəlif ölkələr bir yerə yığılır və müəyyən mövzu ətrafında çıxışlar, müzakirələr aparırlar. Həcc ziyarəti də belədir.
Bu zaman müsəlmanlar eyni yerə, yəni Kəbəyə toplaşır, müəyyən məsələlərin həlli ilə bağlı addımlar atılır. Bütün dinlərdə Həcc var. Hinduizm, xristianlıq, yəhudilikdə də insanlar bu cür ziyarətlər edirlər. Məsələn, İzmirdə Məryəm Ana deyilən yeri yaxud Qüdsü ziyarət etməklə “hacı” oluna bilirsə, müsəlmanlarda bu məsələ Məkkə şəhərindəki Kəbə ilə bağlıdır.
Amma məsələ ora gedib oteldə qalmaqla bitməməlidir. Təbii ki, burada həm ibadət , həm də insanlarla ünsiyyət önəmlidir. Həcc yekunlaşandan sonra isə orada keçirilən anlar davam etdirilməlidir. Buna görə də Həcc Kəbəni tərk edincə başlar”.
“Müsəlmanlar Məkkə, Mədinə şəhərindən qırağa çıxa bilmir”
İlahiyyatçı İslamda peyğəmbərlikdən başqa dini rütbə olmadığını qeyd edib:
“İnsan başqa ölkəyə gedən zaman müşahidələr aparır və həyatında dəyişikliklər olur. Allah Quran kitabının bir çox ayəsində də buyurub ki, yer üzündə gəzib dolaşın. Məsələn, bir ayədə “sizdən əvvəlkilərin başına nələr gəldiyini görün”, digərində “yaradılışın necə həyata keçdiyini öyrənin” qeyd edilib. Təəssüflər olsun ki, insanların əksəriyyəti Məkkə, Mədinə şəhərindən qırağa çıxa bilmir.
Amma həmin yerlərdə ərəblərin ilk gəlişi, insanların formalaşması ilə bağlı bir çox nüansların əks olunduğu şəhərlər də var.
İnsanlarımız fəaliyyəti sadəcə otel-Kəbə, Mədinə-Məscid-Otel istiqamətindən olur və bu doğru deyil. Bu gün bizim xəlifə deyə təsvir etdiyimiz şəxslərin əslində heç biri xəlifə olmayıb.
Onlara əmirəl-möminin deyilirdi. Xəlifəlik məsələsi sonradan uydurulmuş məsələdir. Amma peyğəmbərlik Allah tərəfindən verilən elçilik missiyasıdır. Bundan başqa islamda hər hansı dini rütbə və ya ad yoxdur. Hacı anlayışı ərəb ölkələrində yoxdur. Bu Türkiyə, Azərbaycan kimi ölkələrdə vüsət alıb”.