Modern.az

Millət vəkilinin 58 yaşı tamam olub

Millət vəkilinin 58 yaşı tamam olub

Parlament

26 May 2011, 12:48

Bu gün millət vəkili, nasir, publisist, tərcüməçi və ədəbiyyatşunas Elmira Axundovanın doğum günüdür. Azərbaycan Milli Məclisinin üzvü E.Axundova 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədidir.

Millət vəkili Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı Xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasında təhsil alıb. Daha sonra ADU-nun filologiya fakültəsini daxil olan E.Axundova 1976-cı ildə buranı fərqlənmə diplomu ilə bitirib.

E.Axundovanın ilk elmi məqaləsi 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap olunub. İlk bədi tərcüməsi isə 1978-ci ildə Hüseyn İbrahimovun “Nəcibənin ürəyi” hekayəsi ilə olub.  Əmək fəaliyyətinə 1971-ci ildə stenoqrafist kimi başlayan E.Axundova sonradan Azərbaycan Dövət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) kimi çalışıb. 1980-1988-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyib. 1988-1991-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub. 1990-1998-ci illərdə "Literaturnaya qazeta"nın, 1993-2000-ci illədə isə "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri, "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib.
1995-ci ildən isə Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür.

2002-ci ildən Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir. E.Axundovanın tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılıb. Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanıb.

E.Axundova son illər bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: 2000-ci ildə rus dilində "Fərmanla əfv edilmişdir...", 2001-ci ildə "Poliqrafçının ölümü", 2003-cü ildə "Həqiqət anı", 2003-cü ildə "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik"və "Yaşamaq əyyamı" kitabları kütləvi tirajla çap olunub.

1984-cü ilin mayında Moskvada keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində iştirak edən E.Axundova  Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində də bilavasitə iştirak etib.  Xarici və rus mətbuatında müntəzəm çıxış edən millət vəkili xidmətlərinə görə H.Zərdabi adına mükafata layiq görülüb, 2003-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub.

E.Axundova birinci dəfə 2005-ci ildə, ikinci dəfə isə 2010-cu ildə Masallı rayonundan deputat seçilib. Hazırda Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!