Modern.az

Milli Məclisdə bələdiyyələrin dövlət reyestrinin aparılması ilə bağlı layihəyə baxılıb

Milli Məclisdə bələdiyyələrin dövlət reyestrinin aparılması ilə bağlı layihəyə baxılıb

17 Noyabr 2009, 12:53

Noyabrın 17-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamə layihəsi müzakirə olunub.

Milli Məclis Aparatının İnzibati ərazi vahidlərinin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev layihə barədə iclas iştirakçılarına ətraflı məlumat verib. O, deyib ki, bələdiyyələrin  qeydiyyatı “Dövlət reyestri kitabı” ilə yanaşı, həm də elektron şəklində aparılacaq. Bələdiyyələrə verilməsi nəzərdə tutulan şəhadətnamədə onların yaranma tarixi, əhatə etdiyi ərazi vahidi və digər məlumatlar öz əksini tapacaq. Bundan əlavə, bələdiyyələrin həm kağız üzərində, həm də elektron xəritələri hazırlanacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçiriləcək bu prosesdə bələdiyyələr özləri də iştirak edəcəklər.

İ.Qarayevin sözlərinə görə, gələn il respublika üzrə bütün bələdiyyələrin siyahısından ibarət nəşrin hazırlanması da planlaşdırılır.

Sonra iclasda  müzakirələr aparılıb. Əsasnamə layihəsinə düzəlişlərlərlə bağlı bəzi təklif və tövsiyyələr səslənib.

Layihənin təklif və tövsiyyələr nəzərə alınmaqla yenidən hazırlanıb komitənin iclasına təqdim olunması qərara alınıb.  İclasda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin, şəhər, kənd və qəsəbə bələdiyyələrinin nümayəndələri də iştirak ediblər.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir.  

                                                                      

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?