Modern.az

Qurban bayramını SAĞLAM KEÇİRİN

Qurban bayramını SAĞLAM KEÇİRİN

Hadisə

30 Avqust 2017, 21:15

Adətən bayram günlərində insanların qida rasionunda nəzərəçarpacaq dərəcədə dəyişiklik baş verir. Sözsüz ki, bu da təbii haldır. Hər bir kəs bayram süfrəsinin fərqli və zəngin olmasını arzulayır. Bu istək öz yerində, amma bayram ovqatını korlamamaq üçün bayram süfrəsindən istifadə edərkən sağlamlıq haqqında da düşünmək lazımdır.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

Müqəddəs Qurban bayramı günlərində hətta qoyun ətindən nadir hallarda istifadə edən ailələrin belə, süfrəsini bir neçə gün bu ətdən hazırlanmış xörəklər bəzəyir. Xüsusilə, bu dövrdə insanları qoyun ətinin sağlamlıq üçün faydalı və ya ziyan olması düşündürür.

Ümumiyyətlə, bir qisim insanlar var ki, qoyun ətinin sağlamlıq üçün ziyan olduğunu güman edərək ondan birdəfəlik imtina ediblər. Ancaq bu gümanda bir yanlışlıq var. Əgər digər qida məhsulları kimi, qoyun ətindən də qədərində istifadə olunarsa, onun orqanizm üçün faydalarından yetərincə bəhrələnmək olar.

Qoyun ətinin insan üçün faydaları nədən ibarətdir?

 

İlk növbədə onu qeyd edək ki, qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı-piyli hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə “pis” xolesterinin miqdarını aşağı salmaq da mümkündür.

ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır. Amma unutmayaq ki, söhbət yağsız qoyun ətindən gedir. Alimlərin apardığı eksperiment nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna sutka ərzində 100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı düşüb.

 

Qoyun əti bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş enerjisini bərpa edir, daxili orqanları möhkəmləndirir.

Qoyun ətindən istifadə zamanı daha bir məsələni də diqqətdə saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan, şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan istifadə etmək lazımdır ki, ətin tərkibindəki yağın maddələr mübadiləsində normal nizamlanmasına şərait yaratsın.

Qoyun ətindən hazırlanmış xörəklərin qəbulundan sonra kiçik bir gəzintiyə çıxmaq onun həzmini asanlaşdırır. Yəqin ki, çoxlarımız eşitmişik ki, ulularımız adətən qoyun ətindən istifadə ediblər və demək olar ki, heç bir xəstəlikdən də şikayətləri olmayıb. Təbii ki, bunun səbəbi də fiziki aktivlik olub.

Digər faydalı qida məhsulları kimi qoyun ətindən istifadənin də əks göstəriciləri var. Həzm sistemində problem olanlara, artrit xəstəliyindən əziyyət çəkənlərə, piylənmə problemi olan insanlara qoyun ətindən istifadə məhdudlaşdırılmalıdır. Xüsusilə, oturaq həyat tərzindən yaxa qurtara bilməyən insanlar qoyun ətindən istifadə etməməlidirlər. Çünki bu artıq çəkinin yaranmasına səbəb ola bilər. Ən başlıcası isə qoyun ətindən qədərində istifadə olunmalıdır.

Bu sadə şərtləri nəzərə alaraq bayram günlərinizi sağlam keçirin.

Qurban bayramınız mübarək!

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir