Modern.az

Qurban bayramının gizli səmavi mesajları- Tarix və rəmzlər

Qurban bayramının gizli səmavi mesajları- Tarix və rəmzlər

1 Sentyabr 2017, 00:39

Modern.az Qurban bayramı münasibəti ilə başda Azərbaycan xalqı olmaqla,  bütün dünya müsəlmanlarını təbrik edir. Qurban əslində, çox dərin məxəzlərə malik olan ayindir ki, aşağıdakı yazıda da ondan danışacağıq:

Dini dünyagörüşündə  qurbankəsmə mərasimi İslamdan da əvvəl mövcud olub. Lakin o vaxtlar bu mərasim günahdan təmizlənmək, primitiv dünyagörüşünə əsaslanaraq, guya qəzəblənmiş tanrıların könlünü almaq üçün  həyata keçirilirdi.

Qədim Şərqdə, eradan əvvəlki dövrün Avropasında, həmçinin, hindu qəbilələrində də bu ayin böyük miqyasda həyata keçirilib. Amma, çox təəssüf ki, hər zaman da insanlar qurban verilirmiş. Yalnız təkallahlı dinlərdə – Yəhudilik, Xristianlıq və İslamda insanın qurban verilməsi qadağan edilib.

Dində qurbankəsmə ayini  İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Yuxuda Allah İbrahim peyğəmbərə onun Allaha imanını, etiqadını  yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl etiqad sahibi kimi tərəddüd belə etmədən  Allahın əmrini yerinə yetirməyə hazır olur. İsmayılın  özü də atasının və ən əsası İlahi iradənin əksinə getməyərək qurban olmağa razılaşır. Bu haqda Quranda yazılır:

“O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Gör nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşaallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”

Onların hər ikisi təslim olduğu və üzüüstə yerə yıxıldığı zaman Biz ona belə xitab etdik: “Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi!” (Saffat surəsi, 102-111-ci ayələr)

Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər birində müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İslamda insanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilib. İslama görə, qurban “Allaha yaxınlaşdıran” mənasını ifadə edir. İbrani dilində isə “gorban”, yəni, Allah rizası üçün verilən pay anlamında işlədilir.

Dini rəvayətlərə görə, İbrahim peyğəmbər Allahdan əmr alan kimi, buyruğu yerinə yetirmək üçün Mina dağına gedir. Əvvəlcə qarşısını şeytan kəsir və  düz üç dəfə ona mane olmaq istəyir. İbrahimi bu işdən yayındırmağa çalışır. İbrahim peyğəmbər isə hər dəfə daş atmaqla şeytanı özündən uzaqlaşdırır. Qeyd edək ki, Həcc mərasimində şeytana daşatma ayini də buradan götürülüb. Uzun illər övlad həsrətində olan  İbrahim Allahın ona sonradan bəxş etdiyi oğlu İsmayılın boynuna düşünmədən bıçağı dayayır. İti bıçaq iki dəfə İsmayılın boynunu kəsmir. Üçüncüdə isə Allahın vəhy mələyi olan Cəbrayıldan səda gəlir və səmadan İsmayılın – insan övladının ölümünə son qoyan qoç endirilir. İslam hədislərinə əsasən, o qoç düz 40 il cənnət çəmənliklərində otarılmış və həmin gün üçün hazırlanmışdı. İbrahimlə İsmayılın Allaha etiqad sınağından üzüağ çıxmağı insanlıq tarixində yeni bir mərhələnin əsasını qoydu. Cəbrayılın endirdiyi qoç, əslində kosmik nizamın, İlahi ahəngin  var oluşunun bir növ təminatı idi. Həmin qoçu insan övladının adına göndərilən səma razılığı, İlahi təşəkkür kimi də anlamaq gərəkir. Qoç –  mahiyyətində razılıq, etibar, etiqada qarşılıqlı təşəkkür olan  kosmik ismarıcın maddiləşmiş formasıdır. İslam dünyası artıq əsrlərdi ki, həmin ismarıcın göylərdən insana çatdığı günü, həmin günün müqəddəsliyini qeyd edir.

Qurban bayramlarında kəsilən heyvanlar, paylanılan ətlər məsələnin yalnız zahiri yönüdür ki, Qurbanın əsas fəlsəfəsini, mahiyyətini anlamaq üçün yalnız onları görmək kifayət etmir. Qurban bayramı ilk dəfə olaraq insanla Ali İlahi Energetika arasında olan səddi aradan qaldırıb. O enerji səmadan insan ruhuna – İbrahimin qəlbinə, İsmayılın gözlərinə axır. İbrahimin qəlbi yenidən dirilir, İsmayılın gözləri işıqlanır. Ata oğlunu qucaqlayaraq hönkürtü ilə ağlayır. Bu, əslində sevincin, İlahi tərəfindən razılıq qazanma səbəbindən yaranan xoşbəxtliyin acizanə ifadəsidir. Kosmik bənd aradan qalxır – İlahi razılığın maddiləşmiş forması olan heyvan insan oğlunu – bəşəriyyətin əşrəfini xilas edir.

Hər il keçirilən Qurban bayramı, bu zaman insanlar tərəfindən müqəddəs niyyətlərlə kəsilən 4 növ heyvan – qoç, keçi, cöngə və dəvə İslam coğrafiyasını müqəddəslik dumanına bürüyür.

 

N.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu