Modern.az

Deputatlar 2011-ci ilin büdcəsinə dəyişiklikləri təsdiqlədilər

Deputatlar 2011-ci ilin büdcəsinə dəyişiklikləri təsdiqlədilər

27 May 2011, 14:27

Modern.az xəər verir ki, Milli Məclisin mayın 27-də keçirilən iclasında millət vəkilləri «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında», «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında», «Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında»  qanunlara dəyişikliklər barədə qanun layihələrini müzakirə ediblər.
Modern.az xəbər verir ki, qanun layihələrini təqdim edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, il ərzində büdcə gəlirlərinin formalaşmasında heç bir problem yaranmayıb. Dövlətə pul axını güclənsə də, hökumətin və Mərkəzi Bankın səyləri sayəsində əhalinin əmanətlərinin qorunması davam etdirilib.

Z.Səmədzadə bu büdcənin son on illə müqayisəsini aparıb. Komissiya sədri qeyd edib ki,  2010-cu ildə ÜDM 41,6 milyard dollar təşkil edib ki, bu da 2001-ci ilə nisbətdə 7,8 dəfə çoxdur. Adambaşına düşən məhsul üzrə göstərici də inkişaf edən dövlətlərə yaxınlaşır. Azərbaycanın valyuta ehtiyatları 2001-ci ildə 1,4 milyard olsa da, bu gün bu göstərici 29 milyard dolları ötür. Son 10 il ərzində hər il əhalinin gəlirləri qiymət indeksini 2 dəfə örtüb.

Komitə sədri büdcə icrası ilə əlaqədar ortaya çıxan problemlərdən də danışıb. O qeyd edib ki, bir sıra rayonlarda gəlirlərin formalaşmasında problemlər yaranıb. Həmçinin, Azərbaycan üzrə əmək müqavilələrin bağlanması istiqamətində işlərin gücləndirilməsini təklif edib.

Ziyad Səmədzadə qeyd edib ki, bəzi hallarda istehsalçıları vergidən azad etmək lazımdır: “Bəzən nazirliklər bir sıra məhsul və avadanlıqları kənardan alırlar, yerli istehsalçılar pis vəziyyətdə qalırlar. Azərbaycan elə gözəl müəssisələr var ki, onlar istehsal etdikləri avadanlıqların 40 faizini ixrac edirlər. Biz ölkəyə idxal olunan bəzi məhsulları ƏDV-dən azad edirik, buna görə bizim müəssisələr pis vəziyyətə qalır. Odur ki, biz vergidən azadolma prinsipinə yenidən baxmalıyıq. 90-cı illərin əvvəlində tətbiq olunan prinsiplər dəyişdirilməlidir. Əgər vergi azadolmalarını gücləndirməsək, daxili istehsalı gücləndirə bilmərik”.

Komitə sədri hökuməti vakansiyaların doldurulması, həm də borcalma siyasətinin aparılmasında diqqətli olmağa çağırıb: “Fikir verilməlidir ki, bu borcu niyə alırıq, bundan iqtisadiyyata nə qədər xeyir dəyəcək. “Borc haqqında” qanunda həm dövlətin, həm də özəl sektorun borclarına sistemli yanaşmalıyıq”.

2011-ci il dövlət büdcəsində əlavələrə gəlincə, Ziyad Səmədzadə bunu məcburi addım adlandırıb. “Azərbaycana pul gəlir. Biz də bir sıra layihələri icra etmək üçün Neft Fondundan vəsait  götürməliyik. Dəyişikliklər qəbul etsək, dövlət büdcəsinin gəlirləri ilk dəfə 20 milyarda çatacaq”.
Z.Səmədzadə bildirib ki, bu il neftin qiymətinin bahalaşması nəticəsində  Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artacaq. 

Sonra maliyyə naziri Samir Şərifov  büdcənin icrası və 2011-ci il büdcəsinin dəyişiklikləri haqda əsas məlumatları səsləndirib. Nazirin sözlərinə görə, 2010-cu ilin dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat (99,1 faiz) yerinə yetirilib. Dövlət büdcəsinin xərcləri 11 766 milyon manat, 95,9 faiz icra edilib. Xərclərin 56,5 faizi cari xərclərə, 42,7 faizi əsaslı xərclərə yönəlib.

Hesablama Palatasının sədri Heydər Əsədov dövlət orqanlarının satınalnma prosesləri ilə bağlı iradlarını səsləndirib. O vurğulayıb ki, açıq tender keçirmək əvəzinə, müvafiq İH orqanına müraciət edərək təkliflər sorğusu ilə bir mənbədən satınalınmaya üstünlük veriblər.
“Nazirlik, komitə şirkətləri nəzdində “təsərrüfat hesablı” adı altında büdcənin sifarişçiləri Büdcə pulları hesabına saxlanılır".

H. Əsədov bildirib ki, proqram xarakterli işlərin icrası ümumi xarakterli göstərilir. Bu da Palatanın təhlil aparmasına mane olur. “Bəzi təşkilatlar proqramlar üzrə ayrılmış vəsaitdən də, cari fəlaiyyət üçün ayrılan vəsaitdən də istifadə edirlər. Belə təkliflərimiz rəyimizdə çoxdur. Bu təkliflərin yerinə yetirilməsi şəffaflğın artmasına gətirib çıxara bilər”.

O bildirib ki, Neft Fondundakı  ehtiyatların həcmini artırdıqdan sonra ilin sonunda  dövlətin ehtiyat fondunda 29-30 milyard dollar qalacaq. “Bu iki illik büdcəmizə bərabər bir məbləğdir. Ona görə də hesab edirik ki, büdcə dəyişiklikləri ağlabatandır və zəruridir”. 

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılıb.

Birinci sənəd 93 səs lehinə, 1 səs əleyhinə, 1 səs bitərəf olmaqlə təsdiqlənib.

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» sənədə dəyişikliyin isə lehinə 97, əleyhinə 1 səs verilib, 1 nəfər bitərəf qalıb.

«Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında» sənədə dəyişikliyi 92 nəfər dəstəkləyib, 1 səs əleyhinə verilib, 1 nəfər bitərəf qalıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür