Modern.az

Jalə Əliyeva: "Bu çox önəmli iqtisadi və siyasi hadisədir"

Jalə Əliyeva: "Bu çox önəmli iqtisadi və siyasi hadisədir"

Parlament

27 May 2011, 18:12

Milli Məclisin mayın 27-də keçirilən iclasında millət vəkili Jalə Əliyeva büdcəyə dəyişikliklə bağlı sənədin müzakirəsi zamanı çıxış edib. Deputat deyib ki, büdcəyə yenidən baxılması və əlavələrin  edilməsi çox önəmli iqtisadi və siyasi hadisədir. Modern.az J.Əliyevanın çıxışını təqdim edir:

- Büdcə iqtisadiyyatın güzgüsüdür. Və təbii ki, iqtisadi inkişafın göstəricisidir.
           
Büdcədə əlavə edilmiş  uğurlar, təbii ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. 
           
Artıq bir neçə ildir ki, dünyada iqtisadi böhran gedir. Lakin ötən illər göstərdi ki, Azərbaycan nəhəng böhranın fəsadlarının qarşısını alaraq özünün dinamik inkişafını təmin edə bildi. Bu mükəmməl bir örnəkdir, bu məhz Azərbaycanın seçdiyi yoldur və ölkəmiz bundan sonra da bu yolla inamla gedəcək.
           
Ötən il biz büdcəyə 2 istiqamətdə: hərbi xərclərin artırılması və sel daşqınının səbəb olduğu fəlakətin qarşısının alınması üçün əlavələr etdik. Bu gün müzakirə etdiyimiz əlavələr isə demək olar ki, ölkə həyatının bütün sahələrini əhatə edir və bu artımla qürur duymağa dəyər.
           
Mən təbii ki, bu əlavələrə səs verəcəyəm və bütün həmkarlarıma da səs verməyə dəvət edirəm.

Son günlərdə respublikada yağan normadan artıq yağıntılar nəticəsində bəzi rayonlar ötən il olduğu kimi, yenə də çətinliklərlə qarşılaşıblar. Təmsilçisi olduğum Zərdab rayonuna  da 2 gündür yağan aramsız yağış və düşən dolu nəticəsində ziyan dəyib.

Ötən il sel fəlakəti nəticəsində rayona dəyən ziyanın aradan qaldırılması üçün ölkə Prezidentinin qayğısı və diqqətiylə  təcili və təxirəsalınmaz tədbirlər görüldü. Bu işdə Fövqəladə Hallar Nazirliyinin texnikası, canlı qüvvəsi ön sırada gəlirdi. Evləri yarasız vəziyyətə  düşmüş ailələr üçün yeni qəsəbə inşa edildi. Görülən bütün işlərdən ötrü rayon əhalisi, insanlarımız ölkə başçısına minnətdardılar.

 Bir az əvvəl də  qeyd etdiyim kimi rayon yenidən çətinliklərlə qarşılaşıb. Rayonda mövcud olan yaşayış evlərinin əksəriyyəti ötən əsrin 50-60-cı illərində çiy kərpicdən tikilmiş evlərdir. Son yağıntılar nəticəsində həmin evlərdən 3000-ə yaxını ziyan çəkib. Sadəcə fərdi evlər deyil, maarif, mədəniyyət obyektləri, inzibati idarələrə də ziyan dəyib

Hazırda 120 km qədər   kənd arası yol ötən ilki bənd bərkitmə işləri zamanı ağır tonnajlı yük maşınlarının aramsız keçməsi nəticəsində bərbad vəziyyətə düşüb.

Mən hörmətli hökumət üzvlərindən rayonda baş verən təbii fəlakətin və əhaliyə dəyən ziyanın nəticələrinin qısa müddətdə aradan qaldırılması, eyni zamanda evləri bərbad vəziyyətə düşən ailələrə köməklik göstərilməsi üçün büdcədən ayırmaların nəzərdə tutulmasını xahiş edirəm.

Digər məsələ isə mənzil problemi ilə bağlıdır. Az təminatlı ailələrin, müxtəlif səbəblərlə evindən məhrum olmuş insanların, və sair bu qəbildən təbəqənin mənzil problemi mövcuddur. Müxtəlif vaxtlarda həmkarlarım o cümlədən mən də bu problemi səsləndirmiş və həlli üçün təkliflər irəli sürmüşdük.

Hörmətli hökumət üzvləri, bu il sosial müdafiə və sosial təminat məsələləri üçün büdcəyə nəzərdə tutulan 287,754,8  manat artımın bir hissəsinin az təminatlı ailələrin mənzil probleminin həllinə yönəldilməsini xahiş edirik.

Çıxışımın əvvəlində də qeyd etdiyim kimi bu artımlar ölkənin iqtisadi gücündən  xəbər verir və həm alqışlanmağa, həm də bir azərbaycanlı kimi qürurlanmağa əsas verən bir uğurdur. Bu layihənin ideya vericisi və dəstəkçisi olan dərin təşəkkürümü bildirməklə bərabər layihənin hazırlanmasında əməyi olan əlaqədar nazirliklərin rəhbərlərinin, işçi qruplarını təbrik edirəm.      

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı