Modern.az

Elmira Axundova: “Məmurlar arasındakı maaş fərqi tədricən aradan qaldırılmalıdır”

Elmira Axundova: “Məmurlar arasındakı maaş fərqi tədricən aradan qaldırılmalıdır”

27 May 2011, 17:26

Modern.az saytının məlumatına görə, bu fikirləri millət vəkili Elmira Axundova Parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
Millət vəkili iclasda “2010-cu il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinin müzakirəsi zamanı ölkə prezidentinin imzaladığı əfv fərmanına görə minnətdarlığını bildirib.

E.Axundova “2010-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi barədə danışarkən ilk növbədə bu sahədə Hesablama Palatasının fəaliyyətinə toxunub. O, qeyd edib ki, Hesablama Palatasının fəaliyyəti nəticəsində böyük irəliləyişlər əldə olunub:

“Bu qanun layihəsi haqqında danışarkən mən bir məsələyə öz münasibətimi bildirmək istərdim. Hesablama Palatasının bu rəyinə, həmçinin öncəki illərdə hazırladığı rəylərə nəzər saldıqda şahidi oluruq ki, bu qurum yaradıldığı və fəaliyyət göstərdiyi bu illər ərzində əhəmiyyətli dərəcədə böyük irəliləyişə nail olub, günü-gündən özünün professionallıq səviyyəsini artırıbdır. Bizə təqdim olunan rəydən də göründüyü kimi Hesablama Palatası Maliyyə Nazirliyinin 2010-cu il dövlət büdcəsinin icrasına dair illik hesabatı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesabat və statistik məlumatları ilə yanaşı özünün həyata keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələrindən də səmərəli şəkildə istifadə edibdir. Buradan göründüyü kimi Hesablama Palatası heç də düşünüldüyü kimi hər hansı qurumlardan, hətta azacıq olsa belə, onların məlumat bazasından asılı vəziyyətdə deyil, bunun əksinə olaraq müstəqil şəkildə maliyyə-büdcə nəzarəti tədbirlərini də həyata keçirməyə qadirdir”.

Millət vəkili geridə qalan 2010-cu ildə Azərbaycan İqtisadiyyatında əhəmiyyətli nəticələrin əldə olunduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu müsbət artım bir çox dünya qurumlarl tərəfindən yüksək qiymətləndirilib.

“Bu rəydə qeyd olunduğu kimi 2010-cu ildə davam etməkdə olan mürəkkəb və qeyri-müəyyən iqtisadi şəraitə baxmayaraq ölkə iqtisadiyyatında əhəmiyyətli iqtisadi və sosial nəticələr əldə olunub. Əlbəttə ki, bu göstəricilər tam olaraq statistik məlumatlara əsaslanır, hətta Dünya İqtisadi Forumu, “Fitch Ratings” və digər beynəlxalq maliyyə agentlikləri və qurumları tərəfindən də respublikamızın iqtisadi artımı yüksək qiymətləndirilibdir. Rəydən açıq-aşkar görünür ki, ümumi investisiyaların 30 faizi neft sektorunun, 70 faizi qeyri-neft sektorunun inkişafına yönəldilib. Həmçinin kənd təsərrüfatında ümumi məhsulun dəyəri 2.2 faiz, heyvandarlıq məhsulları üzrə 6.1 faiz artıbdır. Daxili investisiyanın payı xarici investisiyanın payını 3 dəfə üstələmişdir. İxracın həcmi 19.4 mlrd. ABŞ dolları, idxalın həcmi isə 5.7 mlrd. ABŞ dolları təşkil etmişdir. Bütün bunlar iqtisadiyyatımızın ciddi uğurlarıdır”-deyə E.Axundova bildirib.

Hesablama Palatasının işini yüksək qiymətləndirən millət vəkili bir sıra maraqlı məqamlara toxunub.

“Müsbət cəhətləri ətraflı şəkildə qeyd etməklə yanaşı Palata öz tövsiyyələrini də verib. Məsələn, dövlət büdcəsinin icrası üzrə kassa idarəetməsinin təşkili məsələlərinə və mal satınalmaları üzrə büdcə təşkilatlarının öhdəliklərinin vaxtında və real tələbata uyğun icra edilməsi üçün xərclərin mütənasib icra edilməsinə diqqətin artırılmasını məqsədəuyğun hesab edibdir. Təqdirəlayiq haldır ki, Palata vergi gəlirlərinin proqnozlarının kəsirlə icra olunmuş bölmələrini qeyd edib. Bununla bahəm vergi daxilolmaları üzrə icra səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olan orqanların adlarını da açıq-aşkar göstərib. Və belə misalları artırmaq olar. Qeyd olunanları nəzərə alaraq tam əminliklə demək olar ki, Hesablama Palatası müstəqil və professionalcasına öz işinin öhdəsindən gəlib”

2011-ci il dövlət büdcəsi haqqında qanuna dəyişikliklə bağlı danışan deputat 2010-cu il ilə 2011-ci il dövlət büdcələrinin xərc hissəsində olan bəzi müxtəlifliyi diqqətə çatdırıb. O qeyd edib ki,  2011-ci il dövlət büdcəsindəki xərclər təqribi olaraq elmə 20 milyon, müdafiə sahəsinə 180 milyon, səhiyyəyə 134 milyon, təhsilə 219 milyon, mədəniyyətə 43 milyon artırılıb.

“Sırf elm, təhsil, səhiyyə, müdafiə, mədəniyyət sahələrindəki dəyişiklikləri nəzərinizə çatdırmaqda məqsədim var və mən bugün məhz bu fikirlərimi sizlərlə bölüşmək və sizlərin də düşüncələrini öyrənmək istərdim. Hamımıza bəlli olduğu kimi savadlı və intellektual nəslin yetişdirilməsində müəllimlərin, sağlamlığın qorunmasında həkimlərin və ümumilikdə səhiyyə işçilərinin, dövlət sərhədlərimizin və müstəqilliyimizin qorunmasında isə zabitlərimizin əməyi danılmazdır. Mən belə hesab edirəm ki, 2011-ci il dövlət büdcəsində bu qrup əhalinin əmək haqlarının artırılması və maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulsa və xərclərin əksər hissəsi bu istiqamətə yönəldilsə, məqsədəuyğun olardı. İkinci bir məsələ icra hakimiyyəti orqanlarında qulluq keçən işçilərin əmək haqlarının çox cüzi olması ilə bağlıdır. Misal üçün deyə bilərəm ki, rayonlarda İcra Hakimiyyəti orqanlarında mütəxəssis və baş mütəxəssis vəzifələrində işləyən dövlət qulluqçularının əmək haqları 150-170 manatdan yuxarı olmur”

E.Axundova çıxışı zamanı Azərbaycanlı gənclərin üzləşdiyi iş probleminə də toxunub və qeyd edib ki, onlara dövlət orqanlarında çox aşağı maaş təklif olunur:

“Eyni zamanda bugünkü günümüzdə hökumətimizin qayğısı və dəstəyi ilə yüzlərlə gəncimiz hər il xarici ölkələrdə bakalavr və magistr pilləsi üzrə təhsil alıb vətənə qayıdır. Amma onlara dövlət orqanlarında 200-250 manata iş təklif olunur. Belə olan halda bu gənclər ailələri bir yana, heç özləri-özlərinin maddi ehtiyaclarını təmin edə bilmirlər. 2010-cu il ilə 2011-ci il dövlət xərcləri müqayisə etdikdə görürük ki, qanunverici və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 23 milyon manat artırılıb. Bilmək istərdim ki, bu artım kiçik vəzifəli məmurların maaş artımına sərf olunacaqmı və ümumilikdə bu kateqoriya insanların maaşları hansı səviyyədə olacaq. Çünki hal-hazırda yuxarı çinli dövlət məmurları ilə qeyd etdiyim kiçik vəzifəli məmurların vəzifə maaşları arasında nəzərə çarpacaq dərəcədə böyük fərq var. Hesab edirəm ki, bu fərq tədricən də olsa azaldılmalıdır”

Millət vəkili son zamanlar mədəniyyət sahəsində əldə olunan uğurların birbaşa ölkə başçısının bu sahəyə olan diqqət və qayğısından qaynaqlandığını söyləyib.

“Hər kəsə bəllidir ki, dövlətimiz və başda cənab Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva olmaqla mədəniyyətimizin inkişafı naminə geniş tədbirlər planı həyata keçirirlər. Teatrlar təmir olunur və ya yenidən tikilir, mədəniyyət sahəsində proqramlar işlənilir və icra olunur. Bununla belə nəzərinizə çatdırmaq istərdim ki, rayon yerlərində mədəniyyət evləri, klubları demək olar ki, tamamilə yararsız və bərbad vəziyyətdədir.  Dəfələrlə həm mən, həm də Masallı rayon İcra başçısı Masallıda yerləşən Rəhim Tağıyev adına Diyarşünaslıq Muzeyi, Masallı şəhərindəki İdeoloji Mərkəz və Mədəniyyət evinin əsaslı təmir olunması üçün aidiyyəti qurumlara müraciət etmişik. Belə ki, bu mədəniyyət obyektləri sovet dönəmindən qalıblar və qəzalı vəziyyətdədirlər. Hörmətli Samir müəllimdən xahiş edərdim ki, təcili olaraq həmin binaların təmiri üçün imkan daxilində vəsait ayrılsın.

Bugün hökumətimizi düşündürən sual var. Rayondan gənclərin şəhər mərkəzlərinə axınının qarşısını necə almalı? Düşünürəm ki, bunun əsas səbəbi rayonlardakı işsizlikdir. Hal-hazırda rayonlarda gəncləri hər hansı sənədə yiyələndirə biləcək Texniki Peşə Məktəbləri yoxdur və ya bu cür Peşə məktəbləri tamamilə yararsız vəziyyətdir. Hesab edirəm ki, bu tip Peşə Məktəblərinin əsaslı təmiri, maddi-texniki bazasının yenilənməsi və təzə ixtisas bölmələrinin, məsələn çilingər, qaynaqçı, traktorçu və s. yaradılması da bölgənin gənc nəslinin peşəyə yiyələnməsi, gələcəkdə işsizlik probleminin aradan qaldırılması və əhalinin şəhər mərkəzlərinə axınının qarşısının alınması baxımından mühüm rol oynayacaqdır. Ümumiyyətlə 2011-ci il dövlət büdcəsi haqqında qanununa dəyişiklikləri dəstəkləyirəm və onun lehinə səs verəcəyəmi bildirmək istəyirəm”-deyə millət vəkili Elmira Axundova fikrini tamamlayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü