Modern.az

Cəbrayıl gülməcələri... (IV)

Cəbrayıl gülməcələri... (IV)

Mədəni̇yyət

28 May 2011, 11:51

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.

Baxşalının güləyən öküzü

Ötən əsrin 30-cu illərində Qarabağın hər yerində, o cümlədən Cəbrayılın Soltanlı kəndində möhkəm aclıq düşür. Camaat buğda, un almaq üçün nəyi varsa, satmalı olur. Soltanlı Baxşalı kişinin də aman-güman ələngə (çox arıq) qoca bir öküzü varmış, onu bazara çıxarmalı olur…
Baxşalı kişi öküzün çatısından tutub azaylana-azaylana bazara yollanır. Bazarın bir küncündə durub müştəri gözləyir. Gələnlər öküzün yaşını, sağlam olub-olmadığını bilmək üçün onun dodaqlarını aralayıb dişlərinə baxır, çürük dişləri görüb başlarını bulayıb gedirmişlər.  Bir gün belə, iki gün belə, öküzü alan olmur. Elə hər gələn də Baxşalıya salam verəndən sonra, birinci öküzün dodaqlarını aralayıb dişınə baxırmış. Bu hadisə o qədər təkrar olunur ki, axırda yazıq öküz ona yaxınlaşan olan kimi dodaqlarını aralayıb dişlərini göstərirmiş.
O vaxtdan Cəbrayılda, xüsusən də Soltanlıda çöpəgülən adamı sakitləşdirmək üçün deyirlər: “Bəsdi, Baxşalının öküzü kimi irişmə!”


Utancaq Bəyalı

Tinli kəndidə Bəyalı adlı həddən artıq utancaq bir kişi vardı. Onun 50 yaşı olsa da, evlənməmişdi. Tay-tuşları elə hey onu qınayırdı, subay qızlardan, dul arvadlardan nişana verirdilər, xeyri olmurdu. Evlənmək söhbəti düşəndə Bəyalı “siz Allah bəsdirin, ayıbdı” deyib başını aşağı salıb mızıldanırdı.
Bir gün tay-tuşları Qovşudlu yolundakı kəhrizdən su gətirməyə getmiş Bəyalını yolda yaxalayıb yaxşıca cırpib dilindən söz alırlar ki, bu dəfə kimi göstərsələr, Bəyalı naz-qoz eləməyəcək, onu alacaq.
Bəyalı qəhərini zorla boğa-boğa dostlarına yalvarır ki, kim olur olsun, Tinlidən olmasın, burda hamı onu tanıyir, eyibdi.
Ertəsi gün dostları bir necə zənən xeylağı götürüb Tinlidən üç ağac aralıdakı kənddə iki dəfə ərə gedib çıxmış Güləndam adlı bir gəlinə elçi gedirlər, əlüstü də “şirin çay”ını içib qayıdırlar.
Bəyalı fikrindən daşınar deyə, elə ertəsi gün də toy eləyirlər. Yeyib-içib şənlənirlər. Nəhayət… dizləri tir-tir əsən Bəyalını gəlinin yanına ötürürlər…
(Burdan beləsini camaata toy gecəsinin səhəri Güləndam özü danışıb):
Bəyalı gəlin otağına girir, qapınin dalında durub başını salır aşağı. Güləndam bir az gözləyir, görür Bəyalı elə kirimişcə durduğu kimi də durub.
Güləndam dillənir:
- Səhərəcən elə orda durassan, a başı batmış?! Bir bəri gəl görüm.
Bəyalı yarım addım geri çəkilib divara qısılıb mızıldanır:
- Əmiüün canı haqqı elə bura yaxşıdı.
Bəyalı Güləndamla indiyə qədər kefikök yaşayır, soruşsan, güman ki, nəvə-nəticələrinin sayını da dəqiq deyə bilməz.
Onun bu əhvalatı Cəbrayılın hər yerinə yayılıb. Cəbrayıllılar Bəyalının adından aşırı utancaqlıq simvolu kimi istifadə eləyib utancaq-çəkincək adama deyərlər:
“Bəsdi, bəyalılıq eləmə!”  

Öz əcəli ilə ölüb?!

Keçən əsrin 10-cu illəri çox qarışıq dövr olub. Azərbaycanın, o cümlədən Cəbrayılın hər tərəfi qacaq-quldurla dolu imiş. Evdən tezdən çıxan adam axşam sağ-salamat evinə, ailəsinin yanına çatanda Allaha şükr eləyirmiş.
O dövrdə Cəbrayılın Şükürbəyli kəndində Kərbəlayı Cavad adlı varli-hallı bir bəy yaşayırmış. Onun evi, bağ-bağatı kəndin yuxarı hissəsindəki geniş ərazidə yerləşirmiş (Sovet hakimiyyətindən sonra həmin ərazini Şükürbəyli kənd orta məktəbinə verdilər).
Bir gün Kərbəlayı Cavad bəy bağda tapcanda oturub istirahət eləyirmiş. Kərbəlayı görür ki, bir nəfər hündürdən adamları səsləyir. Nökərini çağırır:
- A gədə, bir bax gör o adam kimdi, kimi səsləyir?
- Kərbəlayı, duyuqçüdü, - nökər cavab verir, - camaata Əsgərxanın öldüyünü xəbər verir.
- Əsgərxan kimdi ə, get soruş gör kim öldürüb onu?
- Ağa, - nökər əlüstü cavab verir, - bayaq burdan keçəndə soruşdum, dedi öz əçəli ilə ölüb.
Kərbəlayı təəccüblə:
- Nə təhər öz əcəli ilə ölüb əəə! Bu da təzə çıxdı?! Öz əcəli ilə də adam ölər?!
O zamandan Cəbrayılda dünyasını dəyişən olanda soruşurlar:
“Kərbəlayı Cavad bəyin sözü olmasın, görən öz əcəli ilə ölüb?”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!