Modern.az

Bax bu da "demokratiya"...

Bax bu da "demokratiya"...

Dünya

27 May 2011, 17:00

Bu gün dünyada insan hüquq və azadlıqları sözü yaman dəbə düşüb. Demokratiya adlı mənasız bir sözü ortaya atıb dünyaya meydan oxuyan super güclər istədikləri insanın hüququnu pozmaq üçün elə “insan hüququ” sözünün özündən istifadə edirlər. Söhbəti təsadüfən hüquqdan salmadım. Axı 1 iyun Uşaqların hüquqlarının müdafiə günüdür. Özü də bütün dünyada. Hə, indi gələk əsas məsələyə kimin uşaqlarının hüquqlarının müdafiəsi?

İki il öncə İsrail fələstinli uşaqların başına bomba tökəndə heç deyən olmadı ki, balam niyə bu uşaqların hüquqlarını pozursan? Yaxud da İraqda, Əfqanıstanda və digər yerlərdə. Bir müddət öncə Liviya haqqında BMT bir qətnamə çıxardı. Cəmi bir saatdan sonra qətnamənin icrasına başlanıldı. Amma 20 ildir ki, Ermənilər tərəfində işğal altında olan Qarabağ haqqında 4 qətnamə çıxaran BMT bunu icra edə bilmir. Bilirik ki, çox çətindir. Çünki büdcəsinin 70 faizini bir ölkənin verdiyi və cəmi 3 ölkənin sözünün keçdiyi bir qurum özbaşına deyil axı. Nə olsun ki, o qətnamələrə 200 dövlət imza atıb. Əsas odur ki, veto qoyan 3 dövlətdən biri bunu istəmir. Bax bu da demokratiya, demokratik təşkilat.

Sözümü elə Qarabağla davam etdirmək istəyirəm. Bəs görəsən Xocalıda öldürülən, gözləri çıxarılan, başları kəsilən körpələrin hüquqları yoxdur? Bəlkə yurd-yuvasından didərgin düşmüş uşaqlar kosmosdan gəliblər. Onların məgər bu bəşəriyyətə dəxli yoxdur.  
Xeyr cənablar! Biz anlayırıq ki, kiçik dövlətik və bəzən super güclərin qarşısında çətinliyimiz ola bilər. Amma sizdən xahişim budur ki, ölkənizdə demokratiya yoxdur, nə bilim insan haqları belə getdi, o biri belə gəldi deyə boş-boş masallarla başımızı ağrıtmayın. Qoyun heç olmasa öz dərdimizi özümüz çəkək.

Otu itə, əti ata atan bir qurumla 20 ildir başımızı qatdığınız yetər. Bir də bunu anlayın ki, didərgin düşən zaman cəmi 5 yaşı olan uşaqlar artıq 25 yaşlı cavanlardır və onlar uşaq olarkən pozulan hüquqlarının bərpası üçün sizə müraciət edə bilməyəcəklər. Yəqin ki, öz hüquqlarını özləri qoruyacaq, haqlarını tələb edə biləcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!