Modern.az

“Sayənizdə ilk dəfə özümü insan kimi hiss etdim”

“Sayənizdə ilk dəfə özümü insan kimi hiss etdim”

1 İyun 2011, 12:27

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib-keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
( N.Kəsəmənli )

Həyat insana bir dəfə verilir. Hər kəs istədiyi həyatı yaşamaq istəyir. Lakin hamı buna nail ola bilmir. Çoxları əllərində olmadan səbəblərdən həyatın bədbəxt süprizlərinin qurbanı olurlar. Söhbət həyatı yeni dərk etdiyi vaxt özlərini körpələr evində tapanlardan gedir. Pafoslu sözlər və ya statistikadan fərqli bir şey yaratmaq istəyirəm. Təsadüfən əlimə bir vərəq keçdi. 3 il əvvəl fakültəmizin tələbələriylə (BDU-Jurnalistika) körpələr evinə getdiyimiz vaxt yazdığım yazı. Reportaj üçün nəzərdə tutulmuş ssenari. Oxuduqca olanları təkrar-təkrar yaşadım və hər yaşadıqca, o körpələrin valideynlərinin yerinə mən utandım həm də dəfələrlə. Həmin ssenarinin mətbuat formasını yaradıb  sizlərə təqdim edəcəm.

“Natiq Mənsimovun rəhbərlik ediyi Nizami rayonundakı “Ümid yeri” adlı körpələr evi... Əvvəllər televiziyadan baxarkən körpələrin  həyatının qaranlıq-efirin gözündən qaçan  məqamları mənə daha da maraqlı gəlirdi. Bu gün keçmiş istəklərimin canlı şahidi oldum. Burada 1 yaşından 18 yaşına kimi doğma ev-eşiyə, valideyn sevgisinə həsrət insanlara rast gəlmək mümkündür. Maddi cəhətdən bir çox istəklərinə nail olsalar da, onların ən böyük itkisi məhz sevgidir. Körpələr evinin rəhbəri söhbət zamanı az yaşlılarla müsahibə almamıza razı olmadı. Səbəbi soruşanda isə “bu bizim özəl hüququmuzdur!”-deyə cavab verdi. Cavab bizi qane etməsə də, məkan sahibi olduğu üçün razılaşmağa məcbur idik.

Körpələr evində  istedadlı və bacarıqlı uşaqlara rast gəldik. Gözəl səsə, pianino çalmaq qabiliyyətinə malik insanlara baxanda heyrət etdim. Kim bilir onları irəli çəkən olsaydı, hansı yüksək zirvələri fəth edib, Azərbaycanımızın adını dünyaya tanıdacaqdı. Buna cəhd etdilər. Amma nəticəsiz olması məni daha çox sevindirdi. Müxtəlif körpələr evində yaşayan gözəl səsi olanlar arasında musiqi yarışması başlandı. Müsabiqədə iştirak edən uşaqların arasında “Ümid yeri” körpələr evindən qatılanın olduğunu biləndə dəhşətə gəldim. Orada yaşadığımız hər dəqiqə lent yazısı kimi göz önümdə canlandı. Öncə 8-12 yaş aralığındakı körpələri yaşlarına uyğun olmayan şəkildə  qrimləyib efirə buraxmaq bir qırağa, “SMS göndərin”-deyə aparıcılar özləri ilə yanaşı, bütün müsabiqədə iştirak edən kimsəsiz uşaqlara da yalvardırdılar. Bu günkü şou-biznesdəki  müğənnilərlə müqayisə edəndə bu proqramın bağlanması daha məntiqliydi. 

“Ümid yeri” cəmiyyətində ömrünün 15 ilini körpələr evində keçirən 18 yaşlı həmyaşıdım Xalidlə söhbətim heç yadımadn çıxmaz. Xalidlə söhbətimiz maraqlı və tükürpədici oldu.
Onun “ilk dəfə məni adam yerinə qoyub içimi öyrənmək istəyirsiniz” deməsi sanki məni yerin ən dərin qatına çökdürdü. Həyatlarıyla barışmayan bu kimi gənclərin illərlə yaşadıqları daxili iztirablarını o söz deyilən anda yaşar kimi oldum. Xalidlə söhbəti sizlərə təqdim edirəm:

- 18 yaşın var. 3 yaşından burdasan. 15 il əvvələ qayıtmaq şansın olsaydı, özünü harda görmək istəyərdin?

- Sizin yerinizdə.

- Niyə məhz mənim?

 - Dəyəri bilinməyənlərin bu həyatda bir az da olsa dəyəri olduqlarını çoxlarına çatdırmaq üçün.

- Bura gələndə yaşın az olmayıb. Ailəni xatırlayırsan?

- Xatırlamaq belə istəmirəm. Məni 3 qardaşımla bura atanları niyə xatırlamalıyam ki? Axı, niyə dünyaya gətirib, sonra atırlar?

- Həyata nəylə tutunursan?

 - Yanımdakı məndən kiçik qardaşlarıma gərək olduğumu düşünürəm.

Söhbətimizə yekun vuran Xalidin Şahin adlı balaca qardaşının ağlaması oldu. Qardaşını qucağına alıb, mənə tərəf döndü “bir də bura nə vaxtsa gələcəksiz? Sayənizdə mən ilk dəfə özümü insan kimi hiss etdim”.

Üzüldüm. İçimdə qəribə bir nifrət yarandı. Bilmirəm bu nifrət Xalidin valideynlərinə qarşıydı, yoxsa həyata.... “Söz verirəm, gələcəm!” dedim. Onlara alınmış yeməkləri aralarında paylaşdırıb, yediklərindən əmin olandan sonra geri qayıtdıq. Sonda bizi nisgilli simalar və hüzünlü baxışlar yola saldı. Geriyə baxmağa cəsarət etmirdim. Hər şeydən çox həmyaşıdım Xalidin sözləri məni durğunlaşdırmışdı.

Yol boyu öz-özümə düşünürdüm. Axı onların günahı nədir? İllər sonra analar-atalar geri dönüb də- biz sənin valideynlərinik- deməsinin tam əleyhinəyəm. Heç bir üzrlü səbəb körpələri yetim qoymaqdan üstün ola bilməz. Əsl ana övladı dünyaya gətirən yox, ona nəvaziş və qayğı göstərən, ona həyat verəndir. Doğrudan da qəribədir, hansısa evdə övlad səsinə həsrət qalan valideyn var, hansısa evdə övladını körpələr evinə hədiyyə verən ata-analar yaşayır.

Yəqin ki, hamıya məlumdur ki, körpələr evinə atılanların 18 yaşdan sonrakı həyatı şübhə altındadır.Görəsən Xalid və onun kimi gənclərin gələcəkləri necə olur? Çoxları pul tapa bilmək üçün narkoman, dilənçi və s kimi pis yolların qurbanı olurlar. Bu dövrdə pul qazanmaq çox çətindir.

Bəs sevmək??? O  ki, qaldı sevməyə, sevmək və sevilmək, buna qarşılıq vermək də onlara haram qılınır. Hansı ailə  kimsəsiz bir qızı öz evinə gəlin  gətirər, hansı ailə kimsəsi olmayan oğlana qız verər, axı kim?. Bax bütün bunları nəzərə alanda həyata küsməmək olmur.

Bir çoxlarına sual verəndə ki, ən böyük arzun nədir?- cavab bu olur ki, körpələr evi açdırmaq istəyirəm. Unutmayaq ki, nə qədər ki, bu tip arzularla yaşasaq, öz gələcəyimizi şübhə altına qoyarıq.

Dürrə HƏSƏN

P.S. Hələ də Xalidə verdiyim sözü tuta bilmədiyimə görə çox üzülürəm. Mən də sənin gözünü yolda qoydum, Xalid. Bağışla!..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?