Modern.az

Qərbi Azərbaycan Partiyasını kimlər yaradır? - MÜSAHİBƏ

Qərbi Azərbaycan Partiyasını kimlər yaradır? - MÜSAHİBƏ

25 Sentyabr 2017, 09:28

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az-a müsahibəsində Qərbi Azərbaycan Partiyasını kimlər yaradır” sualına aydınlıq gətirib:

- Əziz müəllim, Qərbi Azərbaycan Partiyasısının yaradılacağını demişdiniz. Məsələ gündəmdədirmi?

 
- Təbii ki, gündəmdədir. Mən belə bir ideyanın cəmiyyət arasında illərdən bəri mövcud olduğunu, bu ideya ətrafında həmişə müzakirələr getdiyini müsahibələrimdə də demişəm. Və onu da demişəm ki, bu ideya hansısa subyektiv bir düşüncənin məhsulu olaraq yox, ilk növbədə bu gün Azərbaycanda mövcud olan partiyaların Qərbi Azərbaycan probleminə laqeyd münasibətindən yaranmış boşluğu doldurmaq üçün meydana gəlib.
Son illərin siyasi mənzərəsinə fikir verin, hansı siyasi partiya Qərbi Azərbaycan problemini ciddi, səmimi şəkildə müzakirə müstəvisinə çıxarıb? Heç biri. Ola bilər ki, bəzi partiyalar buna təşəbbüs etsin, amma gözdən pərdə asmaq üçün, sıralarına 3-5 Qərbi azərbaycanlı cəlb etmək üçün. Qərbi Azərbaycanın beş mahalının, beş kəndinin adını bilməyən, az qala bu bölgənin insanlarına daxilən nifrət edən bir partiya sədrinin səmimiyyətinə mən necə inanım?
Digər misal, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz beş il bundan əvvəl Qərbi azərbaycanlıların 1988-ci il soyqırımının 25 illiyi ilə bağlı bəyanat verdik, bu tarixin xatırlanması üçün çağırışlar etdik, səsimizə kim səs verdi – heç kim! Beş ildi hamı susur.
Gələn il 1948-ci il deportasiyamızın 90 illiyi, 1988-ci il soyqırımımızın 30 illiyidir. Amma kimin yadına düşür – heç kimin.
Lakin baxarsınız, seçkisiqabağı hamının yadına düşəcək ki, bir Qərbi Azərbaycan problemi də var, seçki qutularına gedəcək qərbi azərbaycanlılar var... Dərhal hər partiya öz strukturunda bir “Qərbi Azərbaycan”, “İrəvan” departamenti yaradacaq və ya belə bir qurumu hərəkətə gətirəcək. Amma bizə belə xatırlanma və belə canıyananlıq lazım deyil. Ola bilər ki, Qərbi Azərbaycan kimin üçünsə hakimiyyət və ya parlament binasına daxil olmaq üçün turniket kartı olsun, kimin üçünsə bankomatdan pul çəkmək üçün bankomat kartı, amma bizim üçün nə turniket kartıdır, nə də bankomat kartı, bizim üçün Vətəndir, torpağının altında əcdadlarımızın sümükləri yatan Vətən! Və bu Vətənlə alver etməyi heç kəsə məsləhət görmürük.

 
- Əziz müəllim, belə bir adda partiyanın yaranması məsələsinə cəmiyyətdə fərqli münasibətlərin şahidi olduq. Kimisi partiyanın regional əsasda yaranmasına irad tutdu, kimisi ümumiyyətlə cəmiyyətdə yeni bir partiyanın yaranmasını məqsədəuyğun bilmədi.

- Amma belə bir partiyanın yaranmasını dəstəkləyənlər daha çox oldu. Bunu da etiraf edək. Bəli, etiraz edənlərin əksəriyyəti partiyanın adının regionallığına irad tutdular. Amma mən bir daha təkrar edirəm ki, ad şərti xarakter daşıyır, bu dəqiqə partiyanın Təşəbbüs qrupu ciddi iş aparır, qızğın müzakirələr gedir, elə partiyanın adı məsələsində də. Ad bizim üçün şərtidir. Bəlkə olacaq Azərbaycan Vətən Partiyası, bəlkə başqa bir ad. Buna partiyanı yaradanlar qərar verəcək. Bizim üçün əsas odur ki, tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın azadlığı ideyası bu partiyanın məram və məqsədinə iri hərflərlə yazılsın. Və bu ideya, bu ideya uğrunda mübarizə həmin partiya üçün prioritet məsələ olacaq.

- Hətta “Qərbi azərbaycanlıların əksəriyyəti Yeni Azərbaycan Partiyasında təmsil olunursa, Qərbi Azərbaycan Partiyasının yaranmasına nə ehtiyac var” kimi fikirlər də səsləndi...

- Haqlısınız, belə iradlarla qarşılaşdıq. Əvvəla, Qərbi azərbaycanlıların çoxunun Yeni Azərbaycan Partiyasında təmsil olunması normaldır. Bu, onların böyük hissəsinin ulu öndərin ideyalarına və cənab Prezident İlham Əliyevin siyasi xəttinə sədaqətindən irəli gəlir. Lakin bu gün tək Qərbi azərbaycanlılar yox, Azərbaycan xalqının böyük əksəriyyəti Heydər Əliyev ideyalarını dəstəkləyir və cənab Prezidentin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunur. Onda heç Azərbaycandakı digər partiyalara da ehtiyac yoxdur. Lakin Azərbaycan demokratik bir ölkədir və biz çoxpartiylaı bir sistemdə yaşayırıq. Azərbaycanda yeni bir partiyanın yaranması kimin yerini dar edir ki?!
Məndən tez-tez soruşurlar: “Qərbi Azərbaycan Partiyası”nı kim yaradır? Mən bu partiyanın yaranmasından narahat olanlara birmənalı şəkildə cavab verirəm: bu partiyanı siz yaradırsınız, sizin Qərbi Azərbaycan probleminə, o tarixi torpaqlarımızın taleyinə biganə münasibətiniz yaradır, Qərbi Azərbaycandan deportasiya olunan qaçqınların problemlərinə laqeydliyiniz yaradır, gözümüzün önündə Vətən həsrəti ilə şam kimi əriyən ata-babalarımızın, ana-nənələrimizin İrəvan, Göyçə, Zəngəzur... deyəndə əsən dodaqları, axan göz yaşları yaradır. Bu partiyanı Qərbi azərbaycanlı kimi onillər boyu yüksək dövlət vəzifələrində, parlament kürsülərində əyləşib, özü, ailəsi və ətrafı üçün sərmayə toplayan, dəyəri milyonlarla ölçülən imarətlərə və obyektlərə sahib olan, övladlarını, qohumlarını vəzifə pillələrində yuxarı dırmaşdıran, bir qarın çörəyə möhtac qaçqın qohumundan, qonşusundan, soydaşından xəbərsiz Qərbi azərbaycanlı məmurlar yaradır. Siz onlardan soruşun ki, bu partiyanı niyə yaradır?



Gülşən Raufqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi