Modern.az

Azərbaycan Prezidentinin oğlu topa belə zərbə vurdu (FOTOLAR)

Azərbaycan Prezidentinin oğlu topa belə zərbə vurdu (FOTOLAR)

6 İyun 2011, 22:45

Azərbaycan futbolunun 100 yaşının tamam olması münasibətilə Bakı Olimpiya Stadionunun təməli qoyulub.
İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak ediblər. Tədbirə, həmçinin FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini qatılıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, metronun “Məşədi Əzizbəyov” stansiyası dairəsindəki yol ayrıcının şimal hissəsində, Sabunçu rayonunda 50 hektarlıq ərazidə yerləşəcək və paytaxtda müasir tikinti üslubu, xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək.
Daxili sahəsi 120830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Jurnalistlərin işləməsi üçün nəzərdə tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcək. Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq sahəsi salınacaq. Ümumilikdə, 18 girişi olacaq stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7 dayanacaq fəaliyyət göstərəcək.
Stadionun layihəsini Türkiyənin “TOCA” şirkəti hazırlayıb.

Stadionun ətrafı və tribunaların üstü hava şəraitindən asılı olaraq özünütəmizləmə xüsusiyyətinə malik membran örtüklə bağlanacaq. Stadionun yerləşəcəyi ərazinin inşaat üçün hazırlanması işləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tikinti təşkilatları tərəfindən həyata keçirilib. Həmin ilkin tədbirlərə indi də davam etdirilən ərazinin abadlaşdırılması, habelə stadionun bünövrəsinin etibarlı qurulması məqsədi ilə yeraltı svayların vurulması işləri daxildir. Bundan başqa, tammiqyaslı tikinti üzrə xidmətlərin göstərilməsi üçün aparılacaq beynəlxalq tenderin şərtləri də hazırlanır.
Sonra dünya və Azərbaycan futbolunun tarixindən bəhs edən film nümayiş olundu.
Mərasimdə İlham Əliyev nitq söyləyib. Prezident deyib ki, Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramı bir neçə ildir ki, icra edilir. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır.

“Ancaq, əlbəttə ki, bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçularımızın yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər”-deyə İ.Əliyev bildirib.

Prezident deyib ki, bu sahədəki beynəlxalq əlaqələr artır. “Qeyd etmək istəyirəm ki, gələn il Azərbaycanda ölkəmizin tarixində ən böyük və mötəbər futbol yarışı keçiriləcək. 17 yaşınadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçiriləcəkdir. Bu, böyük məsuliyyətdir və mən ümid edirəm ki, bütün müvafiq qurumlar hazırlıq işlərini lazımi səviyyədə aparacaqlar və bu çempionat Azərbaycanda çox uğurlu keçəcəkdir”.

Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq bünövrəyə salıb. Dövlət başçısı beton qarışığı tökən qurğunu işə salıb. Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini xatirə topunu imzalayıb. Sonra xatirə şəkli çəkdirilib.











Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir