Modern.az

“Deputat övladı olmaq əlavə məsuliyyət tələb edir”

“Deputat övladı olmaq əlavə məsuliyyət tələb edir”

18 Noyabr 2009, 14:33

Mahir Tahir oğlu Rzayev 1982-ci il aprelin 14-də Agcabədi şəhərində anadan olub. 1998-ci ildə Ağcabədi şəhər 2 saylı orta məktəbi bitirib. 1998-ci ildə İqtisad Universitetinə daxil olub. 2004-cü ildə həmin ali məktəbin magistraturasını fərqlənmə ilə bitirib. Bu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. 2003-cü ilin fevralından Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) işləməyə başlayıb. Hərbi xidməti də başa vuran M.Rzayev hazırda AzərTAc-da İqtisadiyyat redaksiyanın müxbiridir. Ailələdir.
- Deputat övladı olmağın xeyirli və zərərli tərəfləri nədir?
- Sözsüz burada heç bir zərərli tərəfdən söhbət gedə bilməz. Xeyirli tərəfinə gəldikdə isə deyə bilərəm ki, bu, əlavə məsuliyyət deməkdir. Xalqın seçdiyi, etimad göstərdiyi deputat seçicinin etmadını doğrultmaq üçün hər sözünə, ifadəsinə, davranışına, bir sözlə fəaliyyətinə ciddi fikir verir, nümunəvi olmağa çalışır. Düşünürəm ki, deputat övladı da öz həmyaşıdları üçün nümunəvi olmalıdır. Bir sözlə deputat övladı olmaq əlavə məsuliyyət tələb edir. Bu mənim üçün ən xeyirli və şərəfli tərəfdir.
- Kimlərlə dostluq edirsiniz?
- İlk növbədə dostluğu bacaran, dost süzünü əsl mənada başa düşən insanlarla. Həyatda dostlar çox olur. Uşaqlıq dostları, iş, əsgərlik yoldaşları, məsləkdaşlar və s. Hərəsinin öz yeri var. Ancaq qeyri-rəsmi prinsiplərə əsaslanan uşaqlıq dostlarımı özümə daha yaxın hesab edirəm. 
- Sizə deputat oğlu olduğunuza görə dostluq təklifi olubmu?
- Təklif deyəndə ki, heç kim açıq şəkildə gəlib deməz ki, səninlə dostluğu deputat oğlu olduğuna görə edirəm. Ancaq müəyyən məqamlarda belələrini görmüşəm. Burada söhbət təkcə məndən getmir. Bəlkə də kiçik yaşda olarkən deputat övladı olsaydım, belə hiylələrə aldanardım. Ancaq atam Milli Məclisin üzvü seçiləndə artıq mənim 20 yaşım var idi və öz dostlarımı müəyyənləşdirmişdim.
-Hansı deputatın uşağı ilə yaxınlıq edirsiniz?
- Demək olar ki, heç biri ilə!
- Sizi deputat övladı olub jurnalist işləməkdə qınayanlar varmı?
- Əlbəttə var. Belə insanları qeyri-ciddi adlandırmaq olar. Amma mənim fikrimcə, insan kim və kimin övladı olmasından asılı olmayaraq öz işinə hörmətlə və vicdanla yanaşmalıdır. Ola bilər ki, jurnalistlərin gəliri sırf “qələm”lə bağlı olduğundan digər peşə sahiblərinə nisbətən azdır. Ancaq bu, heç də bu peşənin nüfuzunun aşağı olması anlamına gəlməməlidir. Hər şeyi maddi cəhətdən qiymətləndirmək düzgün olmazdı. Yada salaq XIX əsrin sonları – XX əsrin əvvəllərini. Azərbaycanda o qədər neft milyonçuları olub ki. Nədənsə, indi bir çoxu xatırlanmır. Amma Həsən Bəy Zərdabinin adı o vaxtdan bəri dillər əzbəridir.
- Dostlarınız sizdən istifadə edibmi?
- Dostlarım ancaq mənim dostluğumdam istifadə ediblər və indi də zərurət yarandıqda öz gücümüz hesabına bir-birimizə kömək edirik. Heç bir dostum indiyədək gəlib mənə deməyib ki, atandan xahiş elə fılan işin həllində mənə kömək göstərisin.
- İmkanlı deputat uşaqlarına baxanda həsəd aparırsınız?
- Allah artıq eləsin! Həsəd paxıllıqdan irəli gələn hisdir. Mənə bu hislər çox yaddır. Gərək insan öz gücünə, bacarığına, savadına arxalansın. Atasının köməyindən istifadə edib sahibkarlıqla məşğul olan, xaricdə təhsilini davam etdirən, xeyirli işlərə vaxtını sərf edən insanları qiymətləndirmək lazımdır. Bu imkanı sağa-sola xərcləyənlər isə gələcəyini düşünsə, daha yaxşı olar.
- Marağınız ən çox nəyədir?
- Həyatın bütün tərəfləri maraqlıdır. Insan dünyaya gələndən əbədiyyətə qovuşanacan bir çox maraqlı proseslərdə iştirak edir. Kimsə bunu dərk edir, kim isə dərk etmir. Gündəlik maraqlarıma isə işim və ailəm daxildir. Bir də yaxşı futbol matçı olanda seyr edirəm.
- Daha çox hansı musiqiyə qulaq asırsınız?
- Öz musiqimə. Çox maraqlıdır. Bir tarım, bir də gitaram var. Hərdən vaxt olanda öz musiqimi səsləndirirəm. Mahnılardan isə öz milli xalq mahnılarımızı, xüsusilə muğamlarımızı çox sevirəm. 
- Maaşınız dolanışığa çatırmı?
- Əlhəmdü-lillah! Bilirsiz, insanın təlabatı sonsuzdur. Həyatda heç kimin təlabatı tam ödənmir. Çalışıram öz gəlirimə uyğun istehlak səbətini müəyyənləşdirim. Tam səmimi deyirəm, bütövlükdə maaşım məni qane edir.
- Pulunuz qurtaranda kimə müraciət edirsiniz?
- İndi bütün dünya maliyyə böhranı yaşayır. Insanların həyatında da bəzən belə hallar baş verir. Çətinliyə düşəndə ilk müraciət etdiyim insan əlbəttə ki, atam olur. Həm bir ata, həm də bir ziyalı kimi o, mənə öz tövsiyyələrini verir. Bura maliyyə çətinliyini də əlavə etmək olar.
- Atanızın adından istifadə etmisinizmi?
- Atamın öz adından istifadə etmişəm. Məsələn, doğulduğum rayonda məclisdə olarkən məni tanımayanlara özümü təqdim edərkən. Ancaq vəzifə adından istifadə etməmişəm.  
- Gələcəyinizi harada görürsünüz?
- Niyyətin hara, mənzilin də ora! İnsanın gələcəyi təkcə öz əlində deyil. Gələcəyi Allah-təala müəyyənləşdirir. Bizim üzərimizə isə səylə çalışmaq və əməli fəaliyyət göstərmək düşür. Bir də, daim nəsə öyrənmək lazımdır. Bunsuz inkişaf mümkün deyil.



 

 

 


Adəm QORXMAZ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir