Modern.az

İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün dost ölkədir”

İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün dost ölkədir”

13 Oktyabr 2017, 12:17

Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

 

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq.

 

Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq".

 

Prezident İlham Əliyev bildirib ki, Bolqarıstan bizim üçün çox sıx tərəfdaşdır, dost ölkədir: "Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək.

 

Sizə Azərbaycanda xoş səfər arzulayıram. Bir daha ölkəmizə xoş gəlmisiniz".

 

Bolqarıstan prezidenti isə bildirib ki, Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır.

 

Bolqarıstan Prezidenti qeyd edib:

 

"Cənab Prezident, əvvəlcə, icazə verin dəvətə və gözəl ölkənizə səfər etmək imkanına görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirim.

 

Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk".

 

R.Radev bildirib ki, Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır:

 

"Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi