Modern.az

Sumqayıtda şəhid QALMAQALI - Həlak olmuş döyüşçülərin plakatları niyə söküldü… - FOTOLAR  

Sumqayıtda şəhid QALMAQALI - Həlak olmuş döyüşçülərin plakatları niyə söküldü… - FOTOLAR   

13 Oktyabr 2017, 12:39

Sumqayıtda Qarabağ şəhidləri ilə bağlı qalmaqal baş verib. Belə ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Qarabağ döyüşlərində şəhid olmuş 5 hərbçinin plakatı hazırlanıb və vaxtilə yaşadıqları küçələrə vurulub. Amma bir neçə gün sonra kimlərsə şəhidlərin plakatlarını söküblər.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı  şəhid plakatlarının sökülməsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətini günahlandırıb. Sosial şəbəkələrdə bu hadisəyə münasibət bildirənlər hiddətlərini gizlətmir, plakatların sökülməsini şəhidlərə hörmətsizlik hesab edirlər..  

Maraqlıdır, qanun şəhid plakatlarının onların yaşadığı əraziyə vurulmasına icazə verirmi?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Deputat hər kəsi şəhidlərlmizlə bağlı məsələlərə həsaslıqla yanaşmağa çağırıb.

“Mənim bacım oğlu da şəhid olub. Şamaxı rayonunun Nərimanov küçəsində onun yaşadığı evin divarına mərmər daş üzərində şəkli vurulmuşdu. Həmin şəkili oradan çıxarmaq istəyirdilər. Bununla bağlı böyük narazılıq da olmuşdu. Amma daha sonra divardan çıxıntı olmadığına, gəlib-gedənə mane törətmədiyinə görə əl dəymədilər. Hesab edirəm ki, şəhid plakatlarının bu qaydada vurulmasına mane olmaq lazım deyil”.
 

T.Kərimli İranda dövlət tərəfindən şəhidlərin plakatlarının küçələrə vurulduğunu deyib.

“Bizdə də bu cür hallar qanunla tənzimlənir. Sumqayıtda şəhidlərimizin plakatlarını qoyanlar  bunu yerli icra orqanı ilə razılaşdırmalı idilər. Amma o plakatlar gediş-gəlişə mane olmursa, özündə hansısa mənfi yük daşımırsa, kiməsə maneçilik törətmirsə, buna həsasslıqla yanaşmaq olardı. Həmin plakatları ora vuranlara demək olardı ki, yerini dəyişdirsinlər. Çox təəssüflər olsun ki, bəzən məmurlar bu işlərə səhlənkar yanaşırlar. Hətta bəzi məmurlar şəhid analarına deyir ki, “oğlun gedib şəhid olmayaydı”. Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq. Amma şəhidə qarşı belə hal olanda dərhal reaksiya veririk ki, guya, qanunu müdafiə edirik. Düşünürəm ki, hakimiyyət nümayəndələri belə hallara qarşı təmkinli davranmalı, səhlənkarlıq etməməlidir”.

Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, şəhid adlarının əbədiləşdirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
“Şəhid adlarının əbədiləşdirilməsi müxtəlif formalarda ola bilər. Bu da qanunla tənzimlənir. Sözügedən plakatların yerləşdirilməsindən və sökülməsindən İcra Hakimiyyətinin xəbəri yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?