Modern.az

Ziyalılardan Tarix İnstitutuna QINAQ: “İş-işdən keçəndən sonra rəy bildirirlər”

Ziyalılardan Tarix İnstitutuna QINAQ: “İş-işdən keçəndən sonra rəy bildirirlər”

13 Oktyabr 2017, 16:02

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub. 

Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib. Dünən isə bununla bağlı  AMEA-nınTarix İnstitutunun müraciəti yayılıb.

 

Qeyd olunan məsələ ilə bağlı BDU-nun professoru, Tarix elmləri doktoru Anar İsgəndərov və tanınmış  jurnalist  Elçin Şıxlının  rəyini öyrəndik.

 

Modern.az onların çıxışını təqdim edir.

BDU-nun professoru, Tarix elmləri doktoru Anar İsgəndərov deyir ki, tarix riyaziyyat deyil, bəzən belə çatışmazlıqlar olur.

 

“İndi bu, çatışmazlıqdır, ya nöqsandır, səhvdir, hər nədirsə oldu və aradan qaldırıldı. Aradan qaldırılmasa idi, bu başqa. Əgər o şey ki həmin dəqiqə aradan qaldırılıbsa, onu tapana minnətdarlıq edilirsə, başqa nə olsun ? Nəşriyyatdır, ya müəllifdir səhvi düzəldər. Yəni, biz bir raket buraxmamışıq ki, deyək  o getdi hədəfə dəymədi, ya da bizim əraziyə düşdü, faciə törətdi.

 

Bilirsiniz, xəritəyə gəldikdə Dərbənddən kənarda da çoxlu xəritələr var. Yəni müxtəlif xəritələr var ki,İranda başqa cürdür, Osmanlıda başqa, Tiflisdə başqa. Əgər bizim  o xəritədə səhv olubsa, yanlışlıq aradan qaldırılıbsa, bununla da mövzu bağlanıb. Arzulayaq ki, gələcəkdə bir də belə şeylər olmasın, hansı kitab gələcəkdə çap olunursa, onun üzərində çox dayanaq, daha məsuliyyətli olaq.

 

O vaxtı Sovet İmperiyası var idi və hər şeyə onlar cavab verirdi. Bu gün artıq 25 ildən çoxdur ki,  müstəqil Azərbaycan dövləti var. İndi bu dəqiqə bizim məsuliyyətimiz ikiqat artmalıdır. Kimsə bir  yanlışlıq edibsə, repressiya dövrü deyil ki, əlin, ayağın kəsək, edam edək, nəslini sürgün edək?! Səhv tapılıb, çox sağ olsunlar tapıblar, çalışaq yanlışlığı aradan qaldıraq. İndiki müasir texnika ilə onu aradan qaldırmağa nə var? Bu yanlışlıqlar hər bir ölkənin tarixində ola bilər. Sovet dönəmində biz Səfəvi dövlətini iki yerə ayırmışdıq. Şah Abbasa qədər olan dövr, Şah Abbasdan sonrakı dövr. İndi müstəqil Azərbaycan hələ də çalışır ki, o yanlışlığı aradan qaldırsın. Ancaq bizim də müəyyən qədər səhvlərimiz olub. O səhvə görə  heç kim edam olunmamalıdır. Sadəcə o səhvləri aradan qaldıraq və belə deyək də mükəmməl obyektiv tariximizi yaradaq. İş olan yerdə nöqsan olur”.


Tanınmış jurnalist Elçin Şıxlının sözlərinə görə, dərslik mühüm məsələdir.

“Bizim fəaliyyətimizdə çalışmaq lazımdır ki, belə səhvlər getməsin. Lakin iş varsa, səhv olur. Məsələnin belə deyək də,  şişirdilməsi,  zənnimcə,  doğru deyil. O ki qaldı Tarix İnstitutunun məsələnin sizin baxış nöqtənizdən qapadılmasından sonra rəy bildirməsinə, bu, isə o deməkdir ki, bizim ümumən nisbətən rəsmi strukturlar həddindən artıq ləng hərəkət edir. Onlar o fikri gərək bəlkə də hamıdan əvvəl bildirəydilər. Yəni bir az fikrin məğzi başqa məsələdir. Onlar bürokratik əngəlləri, yaxud da ləngliyi dəf edəndən sonra, bir sözlə, iş-işdən keçəndən sonra rəy bildirirlər. Hər şeyi çevik həll etmək lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?