Modern.az

İlham Əliyev: “Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr mühüm yer tutur”  

İlham Əliyev: “Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr mühüm yer tutur”   

13 Oktyabr 2017, 22:13

Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin və xanımı Desislava Radevanın şərəfinə rəsmi ziyafət verilib. Modern.az xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələri 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında münasibətlərin zəngin tarixi var: "Bu münasibətlər mədəniyyət, incəsənət, elm və digər sahələri əhatə edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Bolqar ədəbiyyatının klassikləri – İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqaları Azərbaycanda sevilərək oxunur. Belə gözəl ənənə üzərində qurulmuş əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Bu gün də ölkələrimiz arasında humanitar sahədə münasibətlərin inkişafı məmnunluq doğurur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Balkanlarda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Trnava şəhərindəki Trapezitsa memarlıq muzeyi qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası ölkələrimiz arasındakı dost münasibətlərin təzahürüdür.

Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın inkişafı üçün yaxşı perspektivlər mövcuddur".

İlham Əliyev qeyd edib ki, səfər zamanı keçirilən görüşlər və aparılan fikir mübadiləsi ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin daha da güclənməsinə təkan verəcək: "Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri - Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır. Bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirəcək və ölkələri bir-birinə daha da yaxınlaşdıracaqdır.

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr mühüm yer tutur. Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə başladıq. Bolqarıstan 2018-ci ilin yanvar ayından Avropa İttifaqına sədrlik edəcək. İnanıram ki, bu sədrlik müddətində əlaqələrimiz daha da möhkəmlənəcək.

Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstana minnətdarlığımı bildirirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər