Modern.az

"Bolqarıstanla  Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür" -  Rumen Radev

Aktual

13 Oktyabr 2017, 23:21

"Bolqarıstanla Azərbaycan arasında ənənəvi, xoş, mehriban münasibətləri təsdiq etdik və qarşılıqlı maraq doğuran bütün sahələrdə ölkələrimizin və xalqlarımızın inkişafı və rifahı naminə həmin əlaqələrin dərinləşməsi istiqamətində çalışmağa hazır olduğumuzu bildirdik. Gələcəyə əminliklə nəzər salaraq keçmişi bilməliyik və əziz tutmalıyıq. İyirmi beş illiyini 2017-ci il iyunun 5-də qeyd etdiyimiz dövlətlərarası münasibətlərimizin tarixi zaman baxımından qısa olsa da çox əhəmiyyətli və hadisələrlə zəngindir. Ötən 25 il ərzində Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər ümumi maraq doğuran bütün sahələrdə bərabərhüquqlu əməkdaşlıqla, qarşılıqlı hörmət və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin olmaması ilə xarakterizə edilir". Modern.az xəbər verir ki, bunu Bolqarıstan prezidenti Rumen Radev rəsmi ziyafətdə çıxışı zamanı bildirib.

Bolqarıstan prezidenti qeyd edib ki, Xəzər dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakı şəhərində həmin İpək Yolunun bərpasına ümumi maraq var: "Asiya ilə Avropa arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında geostrateji üstünlüklərdən istifadəni vacib sayıram. Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür. Mən əminəm ki, biz bu üstünlüyü ölkələrimizin rifahı naminə birgə səylərlə inkişaf etdirərək bundan yararlanacağıq. Təsadüfi deyil ki, məhz enerji sahəsində qarşılıqlı fəaliyyət gün ərzində gələcək əməkdaşlığımızın təfərrüatlı qaydada nəzərdən keçirilmiş imkanları və prioritetləri sırasında oldu. Bu baxımdan, icazə verin, enerji resurslarının təchizatında mənbələrin və marşrutların şaxələndirilməsi sahəsində gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bir daha qeyd edim.

Avropa İttifaqı ilə münasibətlərə gəldikdə, biz həm Şərq Tərəfdaşlığı çərçivəsində, həm münasibətləri yeni inkişaf mərhələsinə daxil edəcək hərtərəfli sazişin bağlanması ilə əlaqədar danışıqların aparılmasında Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etmək arzusunu yüksək dəyərləndiririk və dəstəkləyirik. Bu, şübhəsiz ki, Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi mübadilənin, qarşılıqlı təmasların və sərmayələrin artması üçün yeni perspektivlər açacaq.

Ölkələrimiz arasında rəsmi münasibətlərlə yanaşı, xalqlarımız arasında əlaqələr əsrlər boyu davam etmişdir. Bolqarıstanda Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi dahi şairlərin yaradıcılıq fəaliyyəti və bütövlükdə Azərbaycan mədəniyyətinin nailiyyətləri ilə tanışdırlar. Məmnuniyyətlə qeyd edirik ki, son illər ərzində ikitərəfli münasibətlərimizin mədəniyyət, təhsil və elm sahələrində inkişafı, eləcə də mədəni-tarixi irsin qorunması istiqamətində ciddi addımlar atılıb".

Rumen Radev bildirib ki, mədəni və mənəvi sahələrdə layihələrin mühüm sosial elementi mövcuddur və bu layihələr xalqlarımız arasında yaxınlaşmaya xidmət edir: "Bu baxımdan, icazə verin, Veliko Tırnovo şəhərinin yaxınlığında Trapezitsa qalasının ictimaiyyətə açıq elan olunması, bərpası və konservasiyası layihəsinin həyata keçirilməsində göstərilən maliyyə dəstəyinə görə Heydər Əliyev Fondu qismində Azərbaycan tərəfinə, xüsusən də bu cür nəcib missiyanın reallaşmasında şəxsi xidmətlərinə görə Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirim".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü