Modern.az

İki dəfə oxuyacağımız “Səhnə”nin təqdimatı keçirildi - FOTOLAR

İki dəfə oxuyacağımız “Səhnə”nin təqdimatı keçirildi - FOTOLAR

14 Oktyabr 2017, 00:56

Gənc yazıçı, dramaturq Pərvin bu dəfə “Səhnə” kitabı ilə ədəbi səhnəyə çıxdı. Özü də səhnəyə və “Səhnə”yə yad olan yerdə yox, məhz, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında...

Bəli, təqdimat mərasimi, məhz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilirdi. Tədbiri giriş sözü ilə açan “525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid də məkanın heç də təsadüfi olmadığını,  xanım yazarın bir neçə pyesinin orada səhnələşdirildiyini vurğuladı. Bu, əslində, çox vacib faktdı. Belə ki, kitabla, onun təqdim olunduğu yer arasında müəyyən energetik əlaqə, ruhi bağlılıq olmalı idi. Və... oldu da... Həm məkan, həm də ora toplaşan qonaqların hər biri həm səhnəyə, həm də “Səhnə”yə bağlı olan adamlar idilər.

Burada çox vacib bir faktı vurğulayaq: deməli, “Səhnə” kitabı “525-ci qəzet”lə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsidir.  Layihə çərçivəsində yeni kitab Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək. Fürsətdən istifadə edərək, bu gözəl layihə üçün həm Rəşad müəllimə, həm də nazirliyin slahiyyətli şəxslərinə təşəkkürümüzü bildiririk. Bu faktı isə xüsusi olaraq qeyd edək  ki, “525-ci qəzet”lə Mədəniyyət və Turizm Nazirliyinin başqa layihələri də hər zaman çağdaş ədəbiyyatımıza, gənc yazarlara xüsusi dəstəyini əsirgəməyib.

Qayıdaq, “Səhnə”yə... Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq artisti Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, dramaturq Əli Əmirli, professorlar Cahangir Məmmədli, Himalay Qasımov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi çıxış edərək, (daha doğrusu, kulisdən “Səhnə”yə baxaraq) Pərvin xanım və onun yeni kitabı barəsində ürək sözlərini dedilər.

Sual edə bilərsiniz ki, axı kitab yenicə təqdim olunur, onu oxumadan barəsində nə danışa bilərlər? Haqlı sualdı. Amma izninizlə biz də bu cür cavab verək: “Səhnə”də əslində, çıxışçıların hamısı var. Bütün çıxışçılarda da (həmçinin, bütün qonaqlarda da) “Səhnə” var. Yəni, kitabın artıq ruhu oxunmuşdu. Qonaqlar da, bu ruhi “mütaliə” barəsində danışırdılar...

Təbii ki, sonradan həmin kitabın özünü oxuyacaq və orada Pərvin Nurəliyevanın sənət xadimləri haqqında portret yazılarını, sənətin perspektiv və problemləri barəsindəki məqalələrini, mədəni xadimlərlə silsilə müsahibələrini və ən nəhayət pyesləri görəcəklər.  Bu zaman da zatən həmin ruh yenidən mütaliə ediləcək.

Nə deyək, təkrar biliyin anasıdır. Bir kitabı iki dəfə oxumaq daha yaxşıdır.

 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?