Modern.az

Redaktorların rəyləri: qəzetlərə məsul katib lazımdırmı?

Redaktorların rəyləri: qəzetlərə məsul katib lazımdırmı?

18 Noyabr 2009, 18:23

Azərbaycanda dərc olunan əksər qəzetlədə məsul katib ştatı çoxdan ixtisara salınıb. İndi aparıcı qəzetlər arasında məsul katib vəzifəsini saxlayanları barmaqla saymaq olar. Çap mətbuatında məsul katib ştatına ehtiyac varmı?  Modern.az bununla bağlı bir sıra qəzetlərdən rəy öyrənib. “Kaspiy” qəzetinin redaktoru Kənan Quluzadə mətbuat orqanlarında məsul katib ştatının olmasını vacib sayır: “Hər qəzet öz imkanlarına uyğun ştatını formalaşdırır. Mən işlədiyim mətbu orqanlarda məsul katib olub və faydasını da görmüşəm. Məsul katib qəzetin yığılması, şəkillərin yerləşdirilməsi və şənbə nömrəsi ilə bağlı kənar müəlliflərlə iş qurur. Bu baxımdan qəzetlərdə bu vəzifənin olmasını vacib sayıram”. “Kaspiy”də məsul katib var.

“Mərkəz” qəzetinin redaktoru Nicat Sadıqlı bildirib ki, onlarda məsul katibin işini redaktorlar icra edir: “Konkret olaraq bu vəzifə bizdə yoxdur. Mənim fikrimcə, məsul katib sovet dövrünün ştatı idi. İndi fəaliyyət göstərən qəzetlərin əksəriyyətində belə vəzifə yoxdur. Qərb təcrübəsinə əsaslansaq, müasir dövrdə belə bir vəzifənin olmadığını demək olar, amma onu əvəzləyən vəzifə var. Məsələn, icraçı redaktor və başqa adla bu vəzifə icra edilir. Bəlkə də qəzetlərdə məsul katib olsa, yaxşı olar. Çünki səhifələrin dizayn olunması, şəkil və materialların yerləşdirilməsinə məsul katib baxmalıdır. Məsul katib gün ərzində redaktorla birgə işləməli və qəzetdə çatışmayan şəkil, material problemini həll etməlidir. Bu baxımdan belə bir vəzifənin olması vacibdir”.

 

“Exo” qəzetinin baş redaktor müavini Nair Əliyev də bu ştatın olmasını vacib bilir: “Məsul katibib vəzifəsi illüstrasiyaların və materialların yerləşdirilməsinə nəzarət etməkdir. Redaksiyamızda bu post var və onun olmasını da vacib sayıram”.

Bakı-Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev isə məsul katib ştatını çap mətbuatı üçün artıq hesab edir: “Məsul katib sovet dövründən qalmış və ehtiyac olmayan termindi. Əslində qəzetlərdə belə işçilərin olmasına heç bir ehtiyac yoxdur. Qəzetin baş redaktoru, redaktor müavinləri, müxbirlər, korrektor və operatoru varsa, məsul katibin və buna oxşar artıq ştatların saxlanması lazımsızdır. Bizim qəzetdə də təbii ki, bu vəzifə yoxdur. Məsul katibin görməli olduğu işi redaktor və dizaynerlər yerinə yetirir”. Rəsmi dövlət qəzeti “Azərbaycan”da məsul katib postu var və bu media orqanının rəhbərliyi onun ləğvi barədə düşünmür. Bu qəzetdə hesab edirlər məsul postu saxlanılmalıdır. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, məsul katibin işini redaksiyada hər kəs yerinə yetirə bilər: “Bu vəzifə sovet dövründə formalaşıb. Hazırda texnologiya o qədər inkişaf edib ki, hətta jurnalistlər yazılarının dizaynını da özləri edirlər. Söhbət inkişaf etmiş ölkələrin mətbuat orqanlarından gedir. Bu istiqamətdə bizim mətbuatda da müəyyən addımlar atılır. Məsul katib anlayışı bizdə yoxdur. Bu funksiyanı bu və ya digər şəkildə yerinə yetirən insanlar var. Yəni baş redaktorun müavini və redaktorlar lazım gəldikdə həmin funksiyanı qismən yerinə yetirirlər. Redaksiya heyətinin hər biri təcrübəli insanlardır. Onlar hər gün nə edəcəklərini çox yaxşı bilirlər və öz fəaliyyətlərində bunu konkret şəkildə həyata keçirilər. Siyasi, sosial və başqa şöbələrin redaktoru dizayn və  tərtibat məsələlərlə bağlı məsuliyyəti öz üzərinə götürür. Son nəticədə bütün məsuliyyət yenə də baş redaktorun üzərinə düşür. Bu bir komanda şəklində fəaliyyətdir. Bu baxımdan da bizim redaksiyada xüsusi olaraq məsul katib vəzifəsini yerinə yetirən insan yoxdur. Yeri gəldikdə, hər kəs məsul katiblik edir”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da öz redaksiyaları və bütün qəzetlər üçün məsul katib ştatını lazımsız hesab edir: “Əvvəllər bizim redaksiyada məsul katib vardı, ancaq indi yoxdur. İndi onun görməli olduğu işlərə dizayner baxır. Hazırda bu vəzifənin olması vacib deyil”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qəzetdə məsul katibə ehtiyacın olduğunu düşünür: “Qəzetçilik təcrübəsində məsul katib qəzetin biçimi, informasiyaların təqdimatı, materialların yerləşdirilməsini müəyyənənləşdirən və dizaynerlərə rəhbərlik edən şəxsdir. Buna da qəzetdə təbii ki, ehtiyac var. Hazırda bizim qəzetdə də bu ştat saxlanılır”.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı qəzetə məsul katibin lazım olduğunu fikirləşir: “Bizim qəzetdə 2 il öncə məsul katib ştatı vardı. Sonradan həmin ştatı maddi imkanımız aşağı olduğu üçün dondurduq. Çünki həm dizaynerə, həm də məsul katibə maaş verməyə imkan olmadı. Ancaq mənim fikrimcə, hər bir qəzetə məsul katib lazımdır. Çünki ən azından maketin hazırlanması və başqa texniki işlərə o, baxmalıdır. İndi redaksiyamızda redaktorlardan biri həm də bu işlərlə məşğul olur. Ancaq bunu məsul katib öz üzərinə götürsə, bu təbii ki, yaxşıdır”. “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlunun sözlərinə görə, məsul katib olmalıdır: “Bizim qəzetimizdə əvvəllər məsul katib vardı, ancaq o, rəhmətə gedəndən sonra bu vəzifəyə hələki heç kim təyin edilməyib. İndi bu işi redaktorlar yerinə yetirir. Redaksiyalarda məsul katibin olması vacibdir”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev redaksiyalarında məsul katib ştatının olmadığını bildirib: “Ola bilər ki, başqa adla bu işi yerinə yetirən olsun. Bizim qəzetdə də bu işi başqa adla icra edən şəxslər var”.

“Kaspi” qəzetinin baş redaktoru Nurəddin Heydərli deyib ki, maddi imkan olmadığı üçün məsul katib ştatına işçi götürə bilmirlər: “Ümumiyyətlə, qəzetdə struktur nə qədər geniş olsa, bunun ziyanı yoxdur. Bu zaman qəzetdə nöqsanlar da az olar. Bizim mətbuat orqanlarında məsul katibin işi hansısa bir şəkli qəzetə tapıb qoymaqla kifayətlənir. Ancaq onun vəzifəsi böyükdür. Bizim qəzetdə məsul katib ştatı yoxdur. Bu da təbii ki, maliyyə imkanları ilə bağlıdır. Onun işini dizaynerlər yerinə yetirir”.

“Yeni Azərbaycan” qəzetinin məsul katibi Ramin Vəlibəyov mətbu orqanlarda bu vəzifənin ləğv edilməsini qəzetlərdə irəliləyişin olması ilə əlaqələndirib: “Məsul katib saxlamaq redaksiyaların özlərindən asılıdır. Əgər redaksiyada məsul katib vəzifəsini yerinə yetirə bilən başqa şəxs varsa o, hər iki vəzifəsinin öhdəsindən gəlir. Bu baxımdan da həmin vəzifə orada ləğv edilir. Yəqin ki, irəliləyişin olması sövq edir ki, bu vəzifə ixtisar edilir”.

“525”-ci qəzetin məsul katibi Qalib Toğrul qəzetin görünüşünü məsul katibin formlaşdırdığını deyib: “Köhnə sistemlə götürəndə məsul katibin olması mütləq vacib idi. Çünki orda hər santimetrin, bəlkə də millimetrin hesabını əvvəldən düzgün aparmaq lazım idi ki, materialı səhifəyə düzgün yerləşdirmək mümkün olsun. Kompüterlərdən istifadəyə başlanılandan sonra məsul katib vəzifəsinə ehtiyac qalmadı. Bundan başqa, məsul katibin yaradıcı vəzifəsi də var. Yəni qəzetin sifəti deyilən bir şey var ki, bunu da məsul katib formalaşdırır. Müəyyən mənada bu vəzifəyə ehtiyac var. Çünki indi qəzet səhifəliyənlərin əksəriyyətində yaradıcılıq yoxdur. Əslində bu vəzifə  jurnalistikanın bir sahəsidir”. Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli qəzetlərdə məsul katib vəzifəsinin olmasını vacib sayır: “Bu vəzifə köhnə ənənələrdə olub. Bu gün məsul katib adını qəzetin tərtibçi-dizayneri termini əvəzləyib. Ancaq əvvəllər məsul katib qəzetdə materialların yerləşdirilməsinə nəzarət edirdi. İndi dizayner qəzeti tərtib edib oxucuya çatdıran adamdır. Dizayner olmasa, qəzeti texniki cəhətdən başa gətirmək mümkün deyil. Məsul katib öz adıyla olmasa da, digər adla qəzet üçün mütləq lazımdır. Çünki materialın harda yerləşdirilmə, prioritet mövzunu hara çıxartma və sair işlərə məsul katib baxır. Bütün bu işlərə nəzarət etməyə redaktorun vaxtı yoxdur”.

 

  Günay Musayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir