Modern.az

“Aprel şəhidi”nin xanımı: “Nişan üzüyünü yadigar saxlaya bilmədim” - MÜSAHİBƏ+FOTOLAR

“Aprel şəhidi”nin xanımı: “Nişan üzüyünü yadigar saxlaya bilmədim” - MÜSAHİBƏ+FOTOLAR

Müsahibə

23 Oktyabr 2017, 13:50

“Bir oğlan uşağını övladlığa götürmüşəm, ona Dilsuzun adını verəcəm”

Gizir Dilsuz Qarayev 2016-cı ilin “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olub.

1990-cı ildə Ağcabədi rayonunun Hindarx kəndind anadan olan Dilsuz Qarayev aprelin 4-ü doğulduğu torpaqda son mənzilə yola salınıb.

Kəşfiyyatçı Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 Modern.az saytı şəhidimizin həyat yoldaşı Röya Qarayevadan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

- Röya xanım, aprel şəhidimiz Dilsuz Qarayev neçə il olardı ki, hərb sahəsində xidmət edirdi?

- 8 il olardı ki, hərbçi idi. Aprel hadisələri zamanı cəbhə bölgəsinə gedəcəyini dedi. Əslində, Dilsuz Bakıdakı hərbi hissələrdən birində baş gizir kimi xidmət edirdi. Həmin ərəfədə bütün hərbi hissələrdə xidmət göstərənləri ön cəbhəyə çağırmışdılar. Dilsuz da onların içində idi.

- Onun qəfildən ön cəbhəyə çağırılması sizi qorxutmadı ki? Müharibə olacağını ehtimal edirdinizmi?

- 2016-cı ilin aprel hadisələri öncəsi Dilsuz dedi ki, ön cəbhəyə getməlidir. Bundan heç narahat da olmadım. Çünki ayda bir dəfə onları cəbhəyə göndərirdilər. Düşündüm ki, bu da digər səfərlərdən biridir və o, mütləq qayıdacaq. Həm də gedərkən dedi ki, aprelin 4-ü qayıdacaq.

- Amma qayıtmadı...

- Mənə ağır gələ də o oldu. Dilsuz şəhid kimi qayıtdı yanıma. O, bir dəfə də olsun ümidsiz davranmadı mənimlə. Dilsuzda müharibə olacağı ab-havasını duya bilmədim. Axırıncı dəfə, evdən çıxanda martın 28-i idi.
 


- Bəs həmin ərəfədə  telefon vasitəsilə ünsiyyət qura bilirdinizmi? Axırıncı telefon zənginizdə nədən danışdınız?

- Martın 29-da və  aprelin 1-də  telefonda danışdıq. Dedi ki, “telefonun enerjisi sönür, zəng çatmasa, narahat olma. Aprelin 3-ü səninlə mütləq özüm əlaqə saxlayacam”.
Bilirdi ki, çox narahat olan biriyəm. Aprelin 3-ü gün ərzində onun zənglərini gözlədim, amma zəng gəlmədi. Bu vaxt narahat olmağa başladım. Dərhal hərbi hissəyə zəng etdim, cavab verən olmadı. Sonra döyüş dostlarının xanımları ilə əlaqə saxladım. Dəqiq bir söz deyən olmadı. Heç demə, onlar bilirmiş ki, Dilsuz şəhid olub, amma mənə demirmişlər.
 

- Deyəsən, heç övladınız da olmadı...

- Sağlığında Dilsuz övlad sahibi olmağı çox istəyirdi. Heç demirdi ki, oğlan uşağı istəyirəm. Həmişə  qız övladının olmasını çox arzulayırdı. Zamanında hər ikimiz həkim müayinəsindən keçmişdik. Əsasən, mənim səhhətimdə müəyyən problemlər vardı. “Üzülmə, nə olub ki! Nə yaşımız var, qarşıda o boyda illər var, övladımız olacaq da!” deyirdi. Buna baxmayaraq, 3 aydır ki, bir oğlan uşağını övladlığa götürmüşəm.

- Yəqin Dilsuzun adını vermisiz uşağa?

- Dilsuzun adını vermək niyyətim var, hələ ki verməmişəm. Bu uşaq məni təklikdən xilas edib.



- Dilsuz şəhid olanda 25 yaşı vardı. Sizin də yaşınız çox deyil. İçinizdən nə vaxtsa, öz övladınızı qucağınıza almaq hissi keçirmi?


- İnanın, heç keçmir. Əgər Dilsuzdan sonra ikinci həyatı düşünsəydim, övladlığa uşaq götürməzdim. İllər keçsə də, ikinci dəfə ailə həyatı qurmayacam. Əgər qismət olsaydı, elə Dilsuzla birgə yaşadığımız vaxtda ana olardım. Demək ki, qismət deyilmiş.

- Şəhidimiz  hərb sahəsinin çətinliyi barədə nə danışırdı?

- İşini çox sevirdi. Hərb sahəsinin keşməkeşli və çətin olduğunu ikimiz də bilirdik. İşini sevdiyini gördüyüm üçün heç vaxt onu ordudan ayırmaq istəyim olmayıb. Bəzən gecə saat 2 ya 3-də evə gələcəyini bilirdim və oturub onun yolunu gözləyirdim. Amma o evə gec gələndə çox ağlayırdım. Onun bir istəyi vardı ki, ağlamayım...

- Dilsuzdan yadigar olaraq nəyi özünüzdə saxlayırsınız?

- Hərbi paltarlarını...  Belədə isə hər şeyi yadigar saxlayıram.
 

- Güman ki, nişan üzüyünü də saxlayırsınız!

- Xeyr, Dilsuzun  barmağıma taxdığı nişan üzüyünü yadigar saxlamaq qismət olmadı. Çünki ev alanda bütün qızıllarımızı satmalı olduq. Nişan üzüyümü də satdıq.

-Onun xəyalı ilə nələrə danışırsınız?

- Elə bilirəm ki, Dilsuz nə vaxtsa qayıdacaq. Çünki onun cəsədini mənə göstərmədilər. İçimdə bir inam var ki, o nə vaxtsa yanıma qayıdıb gələcək. 2016-cı ilin 27 martında özümdən xəbərsiz olaraq Dilsuzu evdə videoya çəkdim. Oturub divanda krossvord edirdi. Demək ki, bu, bizim sonuncu dəfə bir yerdə olacağımız gün imiş.


- Sonuncu telefon zəngi zamanı sizdən başqa bir istəyi olmuşdumu?

-Kredit borclarımız vardı. Mesaj yazdı ki, onları ödə. Amma “mənə bir şey olsa, get, xoşbəxt ol” kimi sözlər demirdi. 4 il nişanlı qaldıq, 3 il ailəli olduq. Onun hərbi xidməti başa vurmasını gözlədim. Sonra işləməyə başladı və ev aldıq. Ev alandan sonra toyumuz oldu. Öz evimizə gəlin gəldim. Heç vaxt müharibə barədə kəlmə kəsmədi.

- Dilsuzun hansı istəyini yerinə yetirirsiniz?

- Onun məndən bir istəyi vardı ki, həmişə başımı bağlayım. Heç vaxt qırmızı geyinməyimi xoşlamırdı. Deyirdi ki, qara libas geyin. Mən də onun istəyinə uyğun olaraq toy günümdən başımı örtməyə başladım.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir