Modern.az

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

Hadisə

23 Oktyabr 2017, 21:31

Böyük Vətən müharibəsi ilə bağlı ən çox xatırlanan hadisələrdən biri də 1942-ci ildə almanların işğal etdiyi Kiyev şəhərində alman qoşunlarının futbol komandası ilə Kiyev “Dinamo”su arasında keçirilən oyundur. SSRİ dövründə bu oyun haqqında kitablar yazılıb, filmlər çəkilib, mətbuat öz səhifələrində bu olaya geniş yer ayırıb. Kiyevli futbolçular qələbə qazanarsa güllələnəcəklərini bilsələr də, almanları məğlub etməsi əfsanələşdirilərək çəmiyyətə təqdim olunub.

Həqiqətənmi almanlar məğlub olduqlarına görə kiyevli futbolçuları oyundan sonra stadionda güllələyiblər?

Modern.az saytı tarixi oyunla bağlı mifləri və həqiqətləri təqdim edir.

 

Sovet ideologiyası öz ənənəsinə sadiq qalaraq oyunla bağlı kiyevli futbolçuların “əfsanəvi qəhrəmanlıq obrazını” yaradıb və bu oyunu tarixə öz istədikləri kimi həkk edib. Belə ki, sovet dönəminin oyunla bağlı təqdimatına görə Kiyevin işğalından sonra alman qoşunları “NKVD”-nin komandası olan “Dinamo” ilə matç keçirmək təklifini veriblər. 1942-ci ilin iyun ayından başlanan oyunlar avqusta qədər davam edib. Kiyev futbolçuları bütün oyunlardan qalib çıxıblar. Turnirin gedişi almanların heç də könlünü açmayıb, əksinə qəzəblərinə səbəb olub. Nəhayət, avqustun 9-da onlar utanc gətirən oyunlara son qoymaq qərarına gəliblər. Həmin gün “Zenit” stadionda kiyevli futbolçular alman hərbi-hava qüvvələrinin komandası ilə görüşüblər. Birinci hissə 3-1 kiyevlilərin xeyrinə bitib. Fasilə zamanı SS zabitləri Kiyev futbolşularının geyinib-soyunma otağına daxil olublar. Alman zabitlərindən biri oyunun hakimini də çağırtdırıb. Yüksəkçinli alman zabiti fikrini bir cümlə ilə ifadə edib: “Qələbəniz taleyinizin faciəsinə bərabər olacaq...”

İkinci hissə başlanıb. Ukraynalı futbolçular xəbərdarlığa məhəl qoymayaraq almanları 5-3 hesabı ilə məğlub ediblər. Sovet ideologiyasının təqdim etdiyi bu oyunda ən maraqlı məqam isə ondan ibarətdir ki, guya oyunun sonunda qapıçı ilə təkbətək çıxan kiyevli hücumçu 100 faizlik qol vurmaq şansından imtina edərək topu zərbə ilə qapıya deyil, arxa tərəfə ötürərək alman futbolçularını qıcıqlandırıb. Oyundan sonra bütün futbolçular həbs olunaraq almanlar tərəfindən güllələniblər.

 

Bəs həqiqət necədir? 90-cı illərdən sonra həmin oyunun canlı şahidlərinin söylədikləri tam fərqlidir.

Belə ki, həqiqətən də almanlar futbol turnirinin küçirilməsinin təşəbbüskarı olublar. Turnirdə iştirak edən komanda Kiyev “Dinamo”su deyil, “Start” komandası olub. Bu komandanın tərkibində “Dinamo”çular da olub. Komandanın bütün futbolçuları 1 saylı çörək zavodunun işçiləri olub. Turniri təşkil etməkdə almanlar işğal altında olan Kiyevdə həyatı canlandırmaq məqsədini daşıyıb. Oyun zamanı almanların ünvanlarına yağdırdıqları lənətə görə “Start” komandasının azarkeşlərindən bir neçəsi almanlar tərəfindən həbs olunub. Hətta azarkeşlərin çılğınlığının qarşısını almaq üçün havaya atəşlər açılıb.

Oyun “Start”-ın qələbəsi ilə başa çatıb. Komandanın heç bir oyunçusu həbs edilməyib və güllələnməyib. Hətta bu oyundan sonra “Start”-ın alman futbolçuları ilə daha iki görüşü keçirilib.

 

Bəs futbolçular nə vaxt və hansı səbəbdən güllələniblər? Əvvəla qeyd etmək lazımdır ki, heç də bütün furbolçular güllələnməyib.

Həbslər bir neçə aydan sonra başlayıb. Belə ki, SS zabitlərinə 1 saylı çörək zavodunda almanlar üçün hazırlanan çörəklərin içərisinə şüşə qırıntıları qatmaq haqqında məlumat çatdırılıb. Bu məlumatdan sonra zavodun 200-dən artıq işçisi həbs olunuraq Sırets düşərgəsinə göndərilib. Həbs olunanların arasında “Start” komandasının oyunçuları da olub. Bütün həbs ounanlar ən ağır işləri görməyə cəlb olunublar.

Futbolçulardan dörd nəfər isə güllələnməyə məhkum olunub. Nikolay Korotkix, İvan Kuzmenko, Aleksey Klimenko və Nikolay Truseviç Kiyev “Dinamo”sunun oyunçuları olub.

 

Futbolşuların güllələnmə səbəbləri haqqında bir neçə versiya var. Amma bu versiyaların heç biri tarixi avqust oyunundakı qələbə ilə bağlı deyil.

Əsas versiya dinamoçuların “NKVD” ilə sıx əlaqədə olmalarıdır. Hətta furbolçuların evində axtarış aparılarkən “NKVD” ilə bağlı sənəd və şəkillər də tapılıb.

Bütün bu versiyalara, miflərə və həqiqətlərə baxmayaraq, bu hadisədə bir gerçəklik var: İşğal olunmuş torpaqda işğalçını məğlub etmək həqiqəti...

Məhz elə buna görə də bu tarixi matçın əsas qəhrəmanlarının, güllələnmiş futbolçuların Ukrayna paytaxtının Labanovski adına mərkəzi stadionunun qarşısında möhtəşəm monumenti ucalıb...

 

Kiyev şəhəri, 21 oktyabr, 2017-ci il

Foto müəllifindir

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...