Modern.az

“Vor zakon”ların dostu: “Onların polisdə, prokurorluqda, hökumətdə adamları var” - MÜSAHİBƏ

“Vor zakon”ların dostu: “Onların polisdə, prokurorluqda, hökumətdə adamları var” - MÜSAHİBƏ

26 Oktyabr 2017, 16:07

Oktyabrın 24-də “Lotu Quli” ləqəbilə tanınan Nadir Səlifovun azalığa çıxması gündəmdə bomba effektini yaratdı. Belə ki, Qaradağ rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə şikayət təmin olundu və “Lotu Quli” vaxtından əvvəl şərti azadlığa buraxıldı.

Bəzi məlumatlara görə, kriminal aləmdə söz sahibi olmuş Rövşən Lənkəranskinin öldürülməsindən sonra Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisləşib. “Lotu Quli”nin məhz Rusiyadakı azərbaycanlılar yaşayan ərazilərə nüfuz edəcəyi  gözləntiləri var.

Azadlığa çıxmış “Lotu Quli”inin artıq Türkiyədə - İstanbulda olduğu barədə məlumatlar var.

“Lotu Quli” həbsxanada 20 ilə yaxın vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq, həbs edilmişdi.

Bəs Nadir Səlifovun həbsdən azad olunması keçmiş SSRİ məkanındakı kriminal aləmdə nəyə təsir edə bilər?

Modern.az-ın əməkdaşı bu suala cavab almaq üçün “qanuni oğru” aləminə yaxşı bələd olan, “kriminal avtoritetlər” barədə bir sıra kitabların müəllifi Bəhram Çələbiyə müraciət edib:

 

- Bəhram müəllim, bir neçə avtoritet -“Lotu Bəxtiyar”, “Dağlı Cavanşir”, “Lotu Himət”, “TT Nəriman”, "Rövşən Lənkəranski" haqqında kitabların müəllifisiniz. İki gün əvvəl azadlığa buraxılan “Lotu Quli” haqqında da kitab yazmaq fikriniz varmı?

- “Lotu Quli” barəsində kifayət qədər məlumat toplamışam. Mütləq onunla bağlı kitab yazmaq fikrindəyəm. Çünki 15 il müddətində nə edibsə, hadisələrin hamısını yazmışam, material hazırdır. Sadəcə, onun özündən kitab çıxartmaq üçün icazə almaq istəyirəm.

- Adətən avtoritetlər öldükdən sonra barələrində kitab yazılmasını istəyirlər, sağ ikən buna razı olmurlar...

- Bəli, mütləq şəkildə. Hələ 2002-ci ildə Sabirabadlı Hikmətlə qardaşının restoranında oturmuşduq. Dedim, “icazə verin sizin haqqınızda kitab yazım”. Hikmət üç dəfə qulağını çəkdi. Dedi ki, “öləndən sonra yazarsan”. Dəqiq bilmirəm. Yəqin “Lotu Quli” də belə düşünür. Amma istənilən halda özündən soruşmalıyam.

- Bu sahədə kifayət qədər araşdırmalar aparan biri kimi necə düşünürsünüz, “Lotu Quli”nin azadlığa çıxması nəyi dəyişəcək? Belə fikirlər var ki, “Rövşən Lənkəranski”nin missiyasını, yəni Rusiyada azərbaycanlıların müdafiə olunmasını “Lotu Quli” təmin edəcək.

- Yüz faizdir ki, “Lotu Quli” azadlığa çıxdıqdan sonra Rusiya bazarlarında çalışan soydaşlarımızın vəziyyəti düzələcək. Hamıya məlumdur ki, “Lənkəranski” öldürüldükdən sonra onları sıxışdırırdılar. Necə ki, “Yaponçik” Amerikada məhbəsdə otura-otura rus mafiyasına nəzarət edirdi, “Lotu Quli” də Azərbaycanda məhbəsdə otura-otura hər şeyə nəzarət edirdi. Azərbaycanlı avtoritetlərin hamısı “Lotu Quli”nin sözü ilə oturub-durur.

- Nadir Səlifovun sənədləri də qaydasında deyildi. Azadlığa buraxılandan sonra SSRİ dövründə verilən pasportla sərhəddi keçməyə necə nail olub sizcə?

- Onun Gürcüstan pasportu var, köhnə olsa da. Özü də “vor zakon” üçün sərhədi keçmək problem deyil. Onlar hər vasitədən istifadə edirlər. Məşhur killerlər killeri deyilən Aleksandr Salonik “Matrosskaya Tişina” kimi qapalı və qaçılması mümkün olmayan yerdən qaçıb İtaliyaya getmişdi. İtaliyadan İspaniyaya, oradan da Yunanıstana keçmişdi. Dediyim odur ki, “vor zakon”ların polis şöbələrində, prokurorluqlarda, hökumət içərisində də adamları var. Bu, bütün dünyada bilinən məsələdir. “Lotu Quli” heç vaxt Azərbaycan vətəndaşlığını qəbul etməyib. O deyib ki, Gürcüstanda doğulduğu üçün azadlığa çıxan kimi ora gedəcək. Və getdi də...

- Bəli, vəkili də təsdiqlədi ki, Nadir Səlifov Gürcüstana gedib.

- Amma məndə olan məlumata görə, “Lotu Quli” cəmi bir gün Gürcüstanda qala bilib. İkinci günü Gürcüstandan çıxarılıb. Çünki gürcü qanunları buna yol verməyib. Son məlumata görə, o, hazırda Türkiyədədir.


- Bəhram müəllim, oktyabrın 22-də Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması da ölkə gündəmini zəbt etdi. Onların qaçmasında “Lotu Quli”nin izi olduğu bildirilir.

 

- Bu barədə nə isə deyə bilmərəm. Amma məndə olan məlumata görə, həmin iki nəfər bir neçə dəfə həmin vaqonda Bakıya gətirilib. Görünür, onları müşayiət edən “nadzorlar”a müəyyən qədər pul təklif ediblər. Yoxsa təqsirləndirilən şəxslərin pəncərəsində barmaqlıq olmayan vaqonda nə işi vardı?! Məhbusların daşındığı vaqonlar tamamilə qapalıdır. Onlar həmin qatarda 3-4 dəfə gedib-gəlib, hər şeyi ölçüb-biçiblər. Özləri altıguşəli açar düzəldib pəncərəni açaraq qaçıblar. Bu, artıq onların məharətidir. Amma həm də “nadzor”ların səhlənkarlığı və qeyri-peşəkarlığıdır.

- Bəs qaçışın təşkil edilməsində Penitensiar Xidmət əməkdaşlarının “əməyi” görünürmü?

- Onlarınkı daha çox səhlənkarlıqdır. Və külli miqdarda pul almaları hiss edilir. Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanovun adı isə ona görə hallanır ki, gətirib məsuliyyətsiz qohumunu işə düzəldib. O da pulun xətrinə bu yola gedib. Pul verilməsə, “nadzor”lar o qaçışa imkan verməzdilər. Bəlkə də nəzarətçilər heç pəncərədə barmaqlıq olub-olmadığına diqqət də etməyiblər. Amma istənilən halda qaçış baş tutub. Sonra nələr olacaq, bunu istintaqın gedişi müəyyən edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı