Modern.az

Azərbaycanın gerçək tarixi (VI yazı)

Azərbaycanın gerçək tarixi (VI yazı)

13 İyun 2011, 12:14

Musa Yaqubun poetik dünyasına səyahət 

...Yolumuz “Min ilin son gecəsi”nə doğrudur.

Azərbaycan torpağı Odlar Yurdu adlandırıldığından ölkəmizdə od-ocaqla bağlı hikmətlər, yer adları çoxdur. Odu uca tutub, müqəddəs bilməyimizlə bağlı mülahizələr də həmçinin. Belə ki, bunu vaxtilə Atəşpərəst olmağımızla da, torpaqlarımızın altındakı bəzi məqamlarda dərdlərimizə çarə, bəzi məqamlarda başımıza bəla olan neft ehtiyatlarının bolluğu ilə izah edirlər. Musa Yaqubun “Min ilin son gecəsi” poemasının şairin təxəyyülündə yaranmış əfsanəvi qəhrəmanı Odvar həmin yanaşmaların məcmusudur. Odvar həm də tarixən bu torpaqda Azərbaycan kökənli insan nəslinin yaşamasının bədii təsdiqidir. Bundan sonrasının isbatı tarixçilərin, etnoqrafların işidir. Onlara da bələdçiliyi şair öz boynuna götürür. Amma əvvəlcə oxucusuna Odvarın onun özünə nə qədər doğma olduğunu çatdırır:  

Çiçəklərin acar olsun,
Odvar, sənin.
Durnaların uçar olsun,
Odvar, sənin.
Damcı daşı ovan kimi
Göz yaşlarım
Ürəyimi ovsun mənim
Dərdin varsa, olsun mənim
Əzabın var, olsun mənim.
Sənin günün qaraldıqca,
Mənim ilim qara gəlsin.
Mənim ağaclarım solsun,
Sənin pöhrən bara gəlsin.

Sonuncu iki sətirə fikir verəndə məlum olur ki, “Odvarın pöhrəsinin bara gəlməsi”ni arzulayan şair əslində bununla həm tarixi qatlarınızın çox qədim, antik dövrlərə gedib çıxmasını diqqətə çatdırır, həm də xalqımızın dünya durduqca yaşamasına, tanınmasına, inkişafına arzusunu ifadə edir. “Sənin günün qaraldıqca, mənim ilim qara gəlsin” nidası isə müəllifin fərdi qayğılarını, şəxsi həyatını xalqı, dövləti naminə qurban verməyə hazır olduğunun göstəricisidir. Təəssüf ki, mənfəətpərəstlər Azərbaycanda belə arzuların toplumun arzusuna çevrilməsinə imkan vermirlər...

Torpaqda şər olarmı?

...Şairin fikrincə, yaxşı əməllər üçün alışıb yanan ocaq və hər şeydən öncə yaranan torpaq yer üzərində xeyirin əbədi keşikçiləridir:

Bu dünya xeyrin olub
Şər olmayıb dünyada.
Torpaq yaranıb ilkin
Torpaqda şər olarmı?
Ocaq alışıb ilkin
Ocaqda şər olarmı?
Xeyir üçün yaradıb
Məzda bu ağacları.
Dəni xeyir bitirib
Doydurubdur acları.  

Bir çox hallarda şərin xeyri üstələməsinin əsas günahkarı isə insanların torpağa, vətənə, soyköklərinə, tarixlərinə biganə münasibətləridir:

Amma xeyir var ikən
Birdən yol azdı insan
Onun üçün yaranan
Torpağa ağ olanda,
Üstünə kölgə salan
Budağa ağ olanda,

Bütün sətirlərindən ictimai yük əskik olmayan “Min ilin son gecəsi”nin əsas hədəfi gənc arxeoloqların İsmayıllıda, Qafqaz dağlarındakı “Yalodüz” deyilən ərazidə qazıntı aparmaları zamanı açılır. Burada oxucu tarixi keçmişə və ümumiyyətlə həyata münasibətdə insanların arasındakı fərqli prinsipləri aydınca görə bilir. Müəllif tarixi keçmişimizin faktlarsız, fərziyyələr əsasında yazıldığını qeyd edərək, gənc arxeoloqları Yalodüzdə qazıntıya, gerçək tarixin içinə dəvət edir:

Bax, elə özün gör bu Yalodüzü,
Torpağı, insanı, az öyrənmişik.
Hələ az demişik öz sözümüzü,
Bu qədim məkanı az öyrənmişik.
Haqq var ki, üstünü toz-torpaq alıb,
Qələm var, tarixdə itirib izi.
Torpaq ayaq altda baxılmaz qalıb,
Havadan yazmışıq tariximizi.

Ancaq arxeoloqları Yalodüzə aparıb əsil həqiqətləri üzə çıxarmaq da asan iş deyil. Əgər “Un işığı”nda insanlığa maneə olan Quzğun Zəki var idisə, bu poemada həmin missiyanın başqa formada daşıyıcısı, tarixi saxtalaşdırmağın mahir ustalarından biri Qara Əjdər var:

Kökümüz dərindir, lap çox-çox dərin,
Bundan başı çıxmaz Qara Əjdərin.
Kök haqda, biz kimik sualı haqda
Qorxur danışmağa adam bir az da.
Bizi xar edənlər qalır qıraqda
Düşmən axtarırıq öz aramızda.
Qara Əjdər kimi о «haqq» sevərlər.
Guya millətsevər, о xalqsevərlər
Nə Şabrana baxar, nə də Azığa,
Bir Vətən, bir torpaq, bir elli xalqı
Aparıb çıxarar tayfabazlığa.

Şair çox maraqlı şəkildə bu obrazları nağıllardan, dastanlardan bizə tanış olan Qara Div obrazı ilə eyniləşdirir. Nağıllardakı Qara Div insanları zülmətə, gedər-gəlməzə aparırdısa, aşkardakı – müasir Qara Div – Qara Əjdər ortaya tayfabazlıq nifaqı salmaqla nəticə etibarilə sələfi ilə eyni əqidəni bölüşür. Onların hər ikisi insanları qaranlıqda saxlamaq istəyən “yarasa xislətlilər”dir. Musa Yaqubun “Dəyirman” poemasındakı Xaqani Şirvanini sevməyən obrazlar haqqında yuxarıda verdiyimiz məlumatlar burada da öz aktuallığını qoruyub saxlayır. Görünür, bu faktları aşkarlamaq Musa Yaqub taleyinə möhürlənmiş əbədiyaşar missiyadır...

Arxeoloqların işinə mane olansa təkcə Qara Əjdər deyil. Onunla yanaşı daşıdığı səlahiyyət səbəbindən ixtiyarında xeyli avtomobil cəmlənmiş müdir də var. Onun əsas maneçiliyi arxeoloqların qazıntı yerinə getməsinə avtomobil ayrılmasınadır. Avtomobili isə o daha “münasib” işlərə, maddi qazanc ardınca səfərbər etmək istəyir. Tarix axtaranların onun bazarlığını pozduğundan qəzəblənən müdir arxeoloqları və onların işinə dəstək verənləri “goreşənlər” adlandırmaqdan belə çəkinmir. Şair-bələdçi bu sözün mərəkə yaradacağından, dava-dalaşa səbəb olacağından və nəhayətdə əsas işin pozulacağından ehtiyatlanaraq “düz deyir, elə biz goreşənlərik” söyləyərək gənc alimləri sakitləşdirir. Beləcə bu yurdun qədim yaşayış məskəni olduğunu konkret faktların (insan sümükləri, qədim dəfn adətləri, gil qablar, təndir və s.) dili ilə sübuta yetirib bədii formada oxucusuna çatdırır.

Digər maraqlı məqamsa arxeoloji qazıntı aparanlara yarı ciddi, yarı ironik şəkildə “qızıl tapdınızmı” eyhamıdır. Müəllif gənc alim Turacı məlumatlandırmaqla belə eyhamlar qarşısında geri çəkilməməkdə ona dəstək olur: 

Turac, qəribədir bəzi adamlar
Gəlib çox eyhamla soruşan da var:
«Нес qızıl tapmısız? Hə, qızıl necə?»
Neçə yol könlümə toxunub bu söz,
Dayanıb durmuşam lap kirimişcə;
Nə deyim, danışmaq demək də artıq.
Guya ki, biz qızıl axtaranlarıq...
Mənimçün bax, bu daş, bu daş qızıldı,
Dünya tarixinə bəlkə yazıldı.
Qızıldır bizimçün bu xətt, bu yazı,
О saxsı qırığı, о gil parçası.

Nə yaxşı insanı yaşadan, ucaldan xoş dəqiqələr, əhəmiyyətli, məzmunlu nəticələr var. Yaxşı əməlinin nəticəsindən qürurlanıb ciyərdolusu nəfəs almaqdan gözəl nə ola bilər?! Yazı ilə tam ehtiva edilməsi mümkün olmayan o hisslərin şirinliyi altında müəllif öz zəmanəsindəki Qara Əjdəri də, müdiri də, Qara Divi də unudur. Yalnız bütün maneələri dəf edən arxeoloji qrupun qızıldan qiymətli tarixi aşkarlaya bilməsinin xoş anlarını yaşayır:   

Bu gün Yalodüzün sonu görünmür,
Üstü də ömürdü,
altı da ömür.
Otu uzanırdı, suyu axırdı,
Ağacı boylanıb yola baxırdı.
О duman ruhdumu, xoş xəyaldımı?
Qoşulub axına çıxıb gedirdi.
Abidə dərənin daş yaxasına
Toxuna-toxuna çıxıb gedirdi.
Bir gün də düşürdü, yanırdı
par-par,
Xırdaca təpələr qızıllanırdı.
Bəlkə alışırdı köhnə ocaqlar,
О qədim məbədlər sanki yanırdı.                                                                            

(davamı var)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir