Modern.az

"Qatarın altına atılan qadın” bu axşam premyeraya çılxarılacaq

"Qatarın altına atılan qadın” bu axşam premyeraya çılxarılacaq

17 İyun 2011, 12:46

Modern.az saytı xəbər verir ki, bu gün Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi, yazıçı – dramaturq Afaq Məsudun “Qatarın altına atılan qadın” tamaşasının premyerası olacaq.

Görkəmli sənət adamının həyat faciəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı, xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı Vüqar Camalzadədir.

Tamaşa qızğın iş prosesi gedən vağzalda vaqe olur. Hər kəs – aktyorlar, rejissor köməkçisi, rejissor məşqə hazır durumdadırlar. Məşq prosesinə gələn Gültəkin Sarabskaya (Kəmalə Hüseynova) çəkilişlər gedən vağzalı “ayrılıq və nisgil qoxuyan kədərli məkan” adlandıraraq rişxəndlə rejissorun gördüyü işi bəyənmədiyini hərəkətləri ilə tamaşaçısına göstərir. Ömrünü səhnəyə, yaradıcılığa həsr edən, insanların sevgisini, pərəstişini, alqışlarını qazanan aktrisa bugün heç kimə lazım olmadığını dərk edir. Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynovanın ifası tamaşaçıların böyük marağına səbəb olub.
Bir vaxtlar çox məşhur olan, qələmə aldığı hər pyesin teatrlar tərəfindən böyük maraqla qəbul edilərək repertuarlardan düşməyən, bu gün isə şöhrətini itirən, yazdıqları qəbul edilməyən, yazıçı ( Xasay Dilgir) obrazını Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Cəfər Namiq Kamal canlandırıb. Xasay Dilgir vağzalda Gültəkin Sarabskaya ilə rastlaşır və istedadlı aktrisa oynadığı tamaşalardan monoloqlar səsləndirir. Hər ifa Xasay Dilgirin alqışları ilə qarşılanır. Lakin hələ də aktrisa onun bütün çıxışlarını bu cür ürəkdən alqışlayan, demək olar ki, hər ifasını əzbər bilən bu adamın kimliyini bilmir. Bu sirr vağzalın nəzarətçisi tərəfindən açılır. Həmin insan, yəni Xasay Dilgir aktrisaya özünün dediyi kimi uzun illər boş və mənasız söz yığınını əzbərləmək və bunu səhnədə icra etmək kimi çəkilməz əzab verib.

Səhnə əsəri aktrisanın ən uğurlu oyunu ilə yekunlaşır. Gültəkin Sarabskaya özünü qatarın altına atır.
Afaq Məsud əsərin birinci variantının komediya janrında olduğunu və adının “Yol üstə” olduğunu deyir: “Zaman keçdikcə yazıçının yazdığı əsərinə münasibəti dəyişir. Əsərdəki situasiyalara, hadisələrə dəyişiklik etmək qərarına gəlir. Əsərin tamaşaya qoyulması məqamı yetişəndə Mehriban Ələkbərzadə ilə ümumi bir fikrə gəldik. Belə ki, əsərin janrı komediyadan tragikomediya dəyişdi. Belə olan halda əsərin adı da dəyişərək “Qatarın altına atılan qadın” oldu”. Müəllif tamaşa haqqında da ətraflı danışaraq müraciət edilən mövzunun bugünə qədər milli teatr sənətimizin istedadlı aktrisalarının başına gələn situasiyaların ümumiləşmiş forması olduğunu bildirib. Tamaşanın rejissoru Mehriban Ələkbərzadənin sözlərinə görə, “Qatarın altına atılan qadın” tamaşasında baş rolun ifaçısı müəyyən səbəblərə görə iki dəfə dəyişməli olub.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir