Modern.az

Azərbaycan tələbələri Prezidentə müraciət qəbul etdilər

Azərbaycan tələbələri Prezidentə müraciət qəbul etdilər

20 Noyabr 2009, 19:33

Noyabrın 20-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin təsis qurultayı keçirilib.

Modern.az xəbər verir ki, qurultayda 25 dövlət və 14 özəl tədris müəssisələrinin tələbə təşkilatları nümayəndələri iştirak edib. Tələbə təşkilatlarının birləşdirilməsinin məqsədi ali təhsil müəssisələrində təhsilin inkişafı, tələbələrin ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı və onların hüquqlarının təmin edilməsidir. Tədbirin əvvəlində Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu oxunub. Məktubda ölkə gəncliyinin qarşısında mühüm vəzifələrin durduğu, onların Azərbaycanın güclü dövlət kimi formalaşmasına öz töhfələrini vermələri vurğulanıb.

Mərasimdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 200 minlik tələbə ordusunun vahid qurum şəklində fəaliyyətə başlamasını mühüm addım hesab edib. O, Azərbaycanın dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər ordunun qurulmasına ayrılan vəsaitlərdən sonra ikinci yerdə dayandığını diqqətə çatdırıb. R.Mehdiyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev gənclərin tərbiyəsi məsələsinə böyük diqqət ayırır. Prezident Administrasiyasının rəhbəri təhsil sahəsindəki problemlərə də toxunub. "Ölkənin bəzi tədris müəssisələrində təhsilin səviyyəsinin aşağı olması ilə bağlı problemlər var" deyən R.Mehdiyevin sözlərinə görə, bəzi universitetlərə ali məktəblərdə gənclər təşkilatının yaradılmasında lazımi kömək göstərilmir. Milli Məclisin deputatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov tələbə gənclər təşkilatlarının ittifaqının yaradılmasını təqdirəlayiq hal sayıb: “Bu ittifaq çoxdan yaradılmalı idi və bu zamanın tələbidir”. F.Muradovun fikrincə, bu addım ümumilikdə tələbə hərəkatına təkan verəcək, tələbələrin cəmiyyətdə baş verən prosseslərdə iştirak səviyyəsini daha da artıracaq, təhsil siyasətinin formalaşdırılmasına daha effektiv təsir göstərəcək,  bilik, ideya və təcrübə mübadiləsini daha çevik həyata keçirəcək. “Qurumun yaradılması tələbə gənclərimizin milli, regional və beynəlxalq səviyyədə maraqlarının təmin edəcək və ən əsası tələbə gənclər təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olunacaq”-deyə deputat qeyd edib. Çıxışlardan sonra qurultayda birliyin nizamnaməsi təsdiq edilib. Şahin İsmayılov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin sədri seçilib. Sonda qurultay nümayəndələri adından Prezidentə və Azərbaycan gəncliyinə müraciətlər qəbul edilib.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?