Modern.az

Ay tutulan gecə

Ay tutulan gecə

Mədəni̇yyət

1 İyul 2011, 11:41

Bu gün atamı torpağa tapşırdım.  Öz əllərimlə, müsəlman qayda-qanunu ilə. Qəhər yaman boğmuşdu məni. Göz yaşlarımı çatdırıb silə bilmirdim, yanaqlarımdan üzüaşağı sürətlə diyirlənən damlalar mənə başsağlığı verən insanlara bir kəlmə deməyə aman vermirdi – kişinin kitablarına, yan-yana düzdüyü – iki köhnə radiosuna toxunduqca bir az da kövrəlirdim.

Hər dəfə deyəndə ki, bunları niyə saxlayırsan axı, gəl ataq, bax bir gün görəcəksən ki, daha yerində yoxdu, kişi dərhal əsəbiləşirdi: “Onlara əl vurasan ha, incimə, səni bir də bu qapıdan içəri buraxmaram”.

Aydın məsələdir ki, heç vaxt atmazdım, sadəcə, kişini cırnadırdım. Radiolar ona kimlərdənsə hədiyyə idi – vaxtilə təptəzə olsa da, indi daha heç nəyə yaramırdı. Amma atam onlardan ayrıla bilmirdi, “yadigardır” deyib ömürlərini uzadırdı.

Onun otağında hər şey köhnədir  - vərəqləri saralmış kitablar... açılıb-örtülməkdən qapıları yerindən oynayan kitab şkafı...  didilməkdən iti ucları dəyirmiləşmiş qovluqlar... Kişi hələ də mürəkkəblə yazır. Yazı masasının gözü diyircəkli qələmlə doludur. Amma yox, onun üçün ən yaxşısı mürəkkəbdir. Hər dəfə qələmini dəyişməyi təklif edəndə “sənin işin yoxdur, mənə bu xoşdur. Qələmlərə gözün düşübsə, o ayrı məsələ” deyib yenə tərslik edərdi. Mən əl çəkməyib dirəşəndə isə “elə özüm də  köhnəlmişəm” deyərdi.

Beləcə, atam  keçmişə  doğru dartardı, mənsə gələcəyə. Bu dartışmadan atam qalib çıxdı – onun yaşayışında az şeyi dəyişə bildim – masasının üstünə saldığı örtüyü, əl dəsmalını, ev paltarını...

Özümü ələ ala bilmirdim – öz halıma yazığım gəlirdi. Həm də fikirləşirdim. Bəs deyirdin buna hazıram? Hesab edirdin ki, sevdiyin insanların vaxtsız itkisindən, həyatını kölgə kimi izləyən acı gerçəklikdən sonra səni bu dünyada daha heç nə sarsıda bilməz? Özünə çoooox arxayın idin. Bəs nə oldu? İndi sağlığında atanın xoşu gəlməyən qohum-qardaşı görəndə də kövrəlirsən? Bu, nə səsdir belə?

-        Ana, ay ana....
Uşağı  kim buraxıb bura?
-        Ana... Yaxşı  da... ağlama. Yekə qızsan.
Zəngli saatın səsi uşağın səsinə qarışdı. Hə...
-        Ağlama da, ana.
-        Mən ağlayıram ki?
-        Hə. Sən satıcıya demişdin ki, mənə ağıllısından ver?
-        Nəyin?!
-        Uşağın da...
-        ...
-        Yəqin satıcı səni aldadıb. Sən ağıllısını istəmisən, o da götürüb məni qoyub qutuya. 
-        Kim deyib e bunu sənə?
-        Sən deyirdin. Eybi yox, atam deyir bir-iki ay qalıb. İkinci sinifdə ağıllanacam da.  Noolar, bir də ağlama.
-        Nə vaxt ağlamışam ki?
-        Bayaq.
-        Sən də yuxu görmüsən?
-        Hə.
Bu dəfə telefonumun zənginə diksinirəm. Hə, işə gecikə bilərəm. Amma dəxli yoxdur.
-        Tez qaç, əl-üzünü yu! Babagilə gedirik.
-        İndi də gülürsən. Babamı görəcəksən deyə sevinirsən, yoxsa ağıllanmağıma iki ay qaldığına görə?
-        Üçünə görə də.
-        Üç?
-        Tez ol, gecikirik.
Çoxdandır belə ürəkdən gülməmişdim.  Həm də ona sevinirdim ki, nə yaxşı ki, atam kompüterdən uzaq adamdır... 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür