Modern.az

Mətbuat Şurası yazıçı-jurnalistin «Qız və qurd» kitabını təqdim edib

Mətbuat Şurası yazıçı-jurnalistin «Qız və qurd» kitabını təqdim edib

1 İyul 2011, 15:20


Bu gün Azərbaycan Mətbuat Şurasında MŞ-nin və Dialoq Avrasiya Platformasının birgə təşəbbüsü ilə yazıçı-jurnalist Zaur Akifoğlunun (Zaur Abdullayev) «Qız və qurd» kitabının təqdimatı keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov təqdimatı keçirilən kitabın həm Azərbaycan, həm də rus dilində nəşr edildiyini vurğulayıb. «Kitabda hadisələr olduqca maraqlı şəkildə cərəyvan edir. Oxucunu intizarda saxlayan sujet xətti var. Bu dəst-xətt müəllifin bədii təfəkkürünün məhsuludur. Amma daha böyük olan nəşrin ideoloji tərəfləridir. Əsərdə bir Qurd obrazı var. Həmin Qurd hər birimizik. Qarşımızda isə işğal altında olan və düşmən tərəfindən minalanmış torpaqlarımız dayanır. Qurd həmin ərazini keçməyə müvəffəq olur», - deyən Ə.Amaşov kitabda bu baxımdan diqqət çəkən çoxsaylı çalarların olduğunu vurğulayıb. O bildirib ki, əslində Azərbaycan həqiqətlərinin, torpaqlarımızın işğalı faktının dünya ictimaiyyətinə daha yaxından çatdırılması prosesində «Qız və qurd» kimi obrazlı təqdimat vasitələrinin böyük rolu var. Şura sədri rəhbərlik etdiyi qurumun belə kitabların cəmiyyətə çatdırılmasında bundan sonra da təşəbbüskarlıq göstərəcəyini vurğulayıb. Ə.Amaşov həmçinin məlumat verib ki, «Qız və qurd» kitabının müəllifi Z.Akifoğlu bu əsərinə görə Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının birgə mükafatına da layiq görülüb. Tədbirdə müəllifə həmin mükafat təqdim olunub.

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı təqdimatı keçirilən nəşri yüksək ortaq türk mənəvi dəyərlərinin təcəssümü kimi dəyərləndirib. «Əslində belə əsərlərlə qələm sahibləri bir növ, öz Vətənlərinə sahib çıxırlar. Biz bu təşəbbüsləri hər zaman dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik», - deyə o vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı çıxışında bildirib ki, «Qız və qurd» kimi kitabların meydana çıxması günün tələbidir: «Zaur məni gəncliyimə apardı. Elə bildim Cek Londonu oxuyuram. Əsərdə qurdun hərəkətləri o qədər incəlik və diqəqliklə verilib ki, heyran qalmamaq mümkünsüzdür. Hesab edirəm ki, kitabda Qarabağ mövzusuna tam yeni bir baxış var. Belə əsərlərin sayı nə qədər çox olsa, haqq işimizi, kimliyimizi dünyaya daha yaxından çatdıra bilərik».

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid söhbətinə təqdimatı keçirilən nəşrin müəllifi barədə məlumat verməklə başlayıb. «Zaur Akifoğlu Azərbaycan jurnalistikasında öz dəsti-xətti ilə seçilən şəxslərdəndir. Hələ 20 il əvvəl yazıları ölkə mətbuatında çox böyük maraqla qarşılanırdı. Əsərə gəldikdə isə, çox böyük peşəkarlıqla qələmə alınıb. Onu oxuyan insanlar Qarabağ həqiqətlərinə daha yaxından bələd olacaqlar. Əlbəttə, müəllifin əsərlərinin davamlı olmasını istərdim», - deyə o vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, əsər kiçik həcmli olsa da, orada çox böyük məzmun ifadə edilib. Bu, müəllifin bədii təfəkküründən irəli gəlib. «Qız və qurd»da Qarabağ mücadiləsini əks etdirən çoxsaylı məqamların olduğunu deyən T.Abbas əsərin eyni zamanda böyük siyasi və ideoloji təsir gücünə malik olduğunu qeyd edib.

Kitabı səciyyələndirən ən mühüm xüsusiyyətin türk mifalogiyasına müraciətin olduğunu vurğulayan «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli əlavə edib ki, belə kitabların mükafatlandırılmasına ehtiyac var: «Kitabda sanki «Ekgenekon» əfsanəsi canlanır. Burada yeni günə doğru aparan bir xətt aydın sezilir. Mövzunun məxsusiliyi vurğulandı. Çox təəssüf ki, son zamanlar Qarabağ məsələsinə müraciət halları azdır».

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev «Qız və qurd» əsərini Dağlıq Qarabağ münaqişəsində ölkəmizin xeyrinə olan ideoloji silah kimi dəyərləndirib: «Ermənilər türklərə xas hansı dəyərlər varsa, ona təcavüz yolu tutublar. Bu, soyqırımı siyasətinin tərkib hissəsidir. Əsərdə göstərilir ki, həmin siyasətin hədəfi eyni zamanda türk totemi olan Qurddur. Hesab edirəm ki, burada kifayət qədər böyük və düşündürücü məna var».

«Qız və qurd» kitabının çapdan çıxdığı Altun kitab nəşriyyatının direktoru, naşir Rafiq İsmayılov da əsərin özünəməxsus sujet xəttini Azərbaycanın ədəbi mühiti üçün yenilik kimi xarakterizə edib: «Zaur bu kitabı mənə təqdim etdi və bir dost kimi deyil, bir tənqidçi kimi məsələyə yanaşmağımı istədi. Əsər doğrudan da özündə böyük məna daşıyır. Onun ideyasının cəmiyyətə çatdırılması çox vacibdir. Hesab edirəm ki, bunun üçün əsərin əsasında filmin çəkilməsi daha yaxşı olardı».

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı da kitabda əksini tapan məqamların ekranlaşdırılmasının mühüm əhəmiyyət daşıdığını deyib. O, bunun vacibliyini əsərin mahiyyətinin insanlara, xüsusən də gənclərə çatdırılması baxımından önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə əsərdə əyilməzlik obrazının yaradılmasını onun mühüm xüsusiyyətlərindən biri kimi səciyyələndirib. Jurnalist Zakir Abbas və başqaları da bu məqamı vurğulayaraq bildiriblər ki, çağdaş Azərbaycan ədəbiyyatında belə əsərlərin sayının artması və onların müxtəlif dillərdə yayılması təkcə ölkəmizin üzləşdiyi işğal faktının çatdırılması deyil, həmçinin Azərbaycan ədəbiyyatının, bədii fikrinin tanıdılması nöqteyi-nəzərdən müstəsna önəm daşıyır.

Sonda çıxış edən «Qız və qurd» kitabının müəllifi Z.Akifoğlu nəşr barədə deyilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir