Modern.az

Bir şəklin tarixçəsi: 21 yaşlı İlham Əliyev Şuşada - 39 ildən sonra həmin FOTO

Bir şəklin tarixçəsi: 21 yaşlı İlham Əliyev Şuşada - 39 ildən sonra həmin FOTO

Reportaj

15 Yanvar 2021, 12:15

Şanlı Azərbaycan Ordusu 27 il düşmən tapdağı altında qalmış doğma torpaqlarımızı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində azad etdi.  Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir-birinin ardınca ermənilərdən təmizləndi. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı...

Nəhayət Qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqı 2020-ci il noyabrın 8-də Ali Baş Komandandan Müzəffər Ordumuzun Şuşanı işğaldan azad etdiyi barədə xəbəri də eşitdi. 


Modern.az saytı məhz həmin günlərdə “Bir şəklin tarixçəsi” rubrikasında Şuşa şəhərilə bağlı bir foto yaymışdı. O fotonun təqdimatında Azərbaycan Prezidenti İlham Əliyevin gənclik dövründə Şuşaya səfərindən bəhs olunmuşdu...

2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev növbəti dəfə Şuşa şəhərinə səfər etdi... 39 ildən sonra gerçəkləşən bu səfər zamanı İlham Əliyev məhz həmin fotonu Şuşada nümayiş etdirdi...

Aktuallığını nəzərə alaraq, həmin şəklin tarixçəsini təkrar olaraq təqdim edirik...

***

Zaman 1982-ci il yanvarın 14-ü... Məkan Şuşa şəhəri... Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.

Həmin tarixi anlarda hazırkı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub. Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi.

Xatırladaq ki, erməni millətçilərinin 1967-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində, Xankəndi şəhərində törətdikləri məlum cinayətlər zamanı, o dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyevin qətiyyəti nəticəsində cinayətkar erməni qrup ifşa olunaraq layiqli cəzalarını alıblar. Bu hadisədən sonra, artıq respublikaya rəhbərlik etdiyi dövrdə Heydər Əliyev vilayətə və onun mərkəzi olan Xankəndi şəhərinə xüsusi diqqət ayırıb.


Təsadüfi deyil ki, 1973-cü ildə vilayətin yaranmasının 50 illik yubiley tədbiri ilə Xankəndi şəhərində keçirilən iclasda - bayram tədbirində Heydər Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək, yersiz torpaq iddiaları olan ermənilərə bir cümlə ilə fikrini bildirib:

“Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...”.

Bununla da, millətçi ermənilər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə planlarını həyata keçirə bilməyiblər. Heydər Əliyevin təşəbbüsü ilə bir çox tədbirlərin vilayətdə keçirilməsi, xüsusilə də görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin məhz Qarabağda təşkil olunması, müxtəlif konfrans və festivalların bu məkana salınması ermənilər üçün arzuolunmaz hal idi.






İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir