Modern.az

Bakının məşhur qonaqları - Tağıyevin irad tutduğu İran şahı  

Bakının məşhur qonaqları - Tağıyevin irad tutduğu İran şahı  

4 Yanvar 2018, 14:47

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.

“Bakının məşhur qonaqları”
 layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. 

Bu dəfə Məşrutə dövründə- XX  əsrin əvvəllərində İrana rəhbərlik etmiş Müzəffəriddin şahın Bakıya səfərindən danışacağıq.

Bakı səfəri şahda o qədər xoş təəssürat bağışlayıb ki, buradan gedəndən sonra bu səyahətlə bağlı öz xatirələrini yazıb. Bu barədə, az sonra...

DOSYE: Müzəffəriddin şah 1896-1907-ci illərdə İran şahı olub. Qacar nəslindən olan Nəsirəddin şahın oğludur. 1861-ci ildə vəliəhd seçilib və ölkənin şimalına vali təyin edilib. Atasının vəfatından sonra 1896-cı ildə taxta çıxıb. Deyilənlərə görə, onun həm özü taxta tam hazır deyilmiş, həm də atasından sonra qalan bir çox problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkirmiş. Xüsusən də büdcədə xeyli kəsirlərin olması, ölkənin iqtisadi durumunu pisləşdirirdi. Bu səbəbdən siyasi addımlar ataraq, Rusiyadan borc pul alır. Lakin bu da vəziyyətin düzəlməsinə bəs etmir. Borc alınan pulların ölkəyə bir xeyri dəyməsə də, orada Rusiyanın nüfuzunun artmasına səbəb olur. Bütün bunların nəticəsində 1906-cı ildə ölkədə kəskin etirazlar baş qaldırır. Nəticədə şah ilk dəfə olaraq, Konstitutsiya fərmanı imzalayır. Qeyd edək ki, Səttarxanın başlatdığı Məşrutə inqilabı da (1905-1911) Müzəffəriddin şahın zamanına təsadüf edib.
Şah 1907-ci ildə 53 yaşında dünyasını dəyişib.


Müzəffəriddin şah 1900-1905-ci illərdə Avropaya 3 dəfə səyahət edib. Bu səyahətlərin birində onun yolu Bakıdan keçib.

Beləliklə, Bakının məşhur qonaqlarından birinin-Müzəffəriddin şahın paytaxtımızla bağlı xatirələrini təqdim edirik. İran şahı öz səyahətnaməsində Bakıya gəlməyini və burada iki gün qalmağını belə təsvir edir:

“Qatar dayandı, biz vaqondan düşdük. Stansiyada bizi çoxlu müsəlman camaatı qarşıladı. Hərbi təşrifat qarovulu hazır dayanmışdı, musiqi çalınırdı. Bu qaravulun qarşısından keçdik, sonra əvvəldən hazırlanmış otağa girdik; burada üləma, seyidlər və tacirlər dayanmışdılar. Qafqaz işlərinə baxan Tiflisdə oturan baş konsulumuz Nazimülmülk öz məiyyətilə hüzura müntəzir idi. Bir neçə dəqiqə keçdi, xəbər verdilər ki, kareta hazırdır. Binadan çıxdıq. Şiddətli xəzri əsirdi; küçələrdə şərəfimizə asılmış bayraqları, çıraqları və fəxri darvazanı xəzri xarab eləyirdi. Hiss olunurdu ki, mənim şərəfimə xüsusi şadyanalıq hazırlayıblar. Küçələrdə və səkilərdə, şiddətli küləyə baxmayaraq, çoxlu müsəlman və digər millətlərdən şəxslər vardı. Stansiyadan mənzilə - iqamətgaha iyirmi dəqiqəyə çatdıq”.

Müzəffəriddin şahın Bakı səfəri haqqında Manaf Süleymanovun 3 monoqrafiyasında məlumat verilir. Onun səfər təəssüratları da həmin mənbələrə aiddir ( “Bakı milyonçuları”, “Hacı Zeynalabdin Tağıyev” və “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”). Onların hər üçündə Bakıya gələn şahın erməni milyonçusu Tumanyanın mülkündə qonaqlandığı yazılır. Daha doğrusu, araşdırmalarda təqdim olunan şah xatirələrində bu açıq-aşkar görünür:

“Tumanyanın möhtəşəm imarətinin qabağında çoxlu xalı-xalça döşənmişdi, bina bayraqlarla və çıraqlarla bəzədilmişdi. Ətraf çırağbanla işıqlandırılmışdı. Karetadan düşüb imarətdəki pillələrlə qalxdıq. İmarət dördmərtəbəlidir. Biz üçüncü mərtəbədə yerləşdik. Otaqlar avropasayağı, çox zəngin və əla döşənib bəzədilmişdi. Tumanyanın adamları məni qarşıladılar, onlarla görüşəndən sonra mənim üçün hazırlanmış otaqlara keçdim. Mənimlə gələnlərin çoxusu da bu mülkdə yerləşdirildilər. Ertəsi gün sədrəzəm xəbər verdi ki, rus imperatorunun əmri ilə Qafqaz canişini Tiflisdən mənimlə görüşmək üçün Bakıya gəlib, hüzura müntəzirdir. Canişin içəri girdi; görüşdük. Cüssəli, xoş sima, fərasətli və aqil bir şəxs idi. Qısa söhbətdən sonra o getdi. Bakının bütün əyanları və şəhər hakimləri hüzuruma gəldilər, imperatorlara layiq mənə üç məcməidə duz-çörək gətirdilər. Fərəcbəy də hüzuruma çatdı. Ona da izhar iltifat etdim. Rus imperatorunun hədiyyə göndərdiyi altı dənə əla tüfəngi mənə təqdim etdilər. Həddindən yaxşı tüfənglər idi. Olduğumuz imarətin böyük bir eyvanı vardı. Buradan dəniz görünürdü. Eyvandan ətrafa tamaşa etdik. İmarətin qabağında çoxlu adam yığılmışdı. İran təbəələri də çox idi; dalbadal salavat çəkir və uca səslə “hurra” deyirdilər”.


Amma o zaman neft və milyonlar səltənətinə çevrilən Bakının havası və iqlimi deyəsən, şahın heç ürəyincə olmayıb. O, bu barədə yazır:

“Eyvandan şəhər və dəniz yaxşı görünür; şirin su olmadığı üçün, bir də torpağın pisliyindən və neftin çoxluğundan bu aralarda ağac yoxdur; azca ağac var ki, onu da çox böyük zəhmətlə yetişdirib saxlayırlar. Bakının havası o qədər də tərifəlayiq deyil; çünki dəniz kənarıdır, rütubət çoxdur, həm də neft mədəni yaxındadır. Hər yerdən - divarlardan, yerdən, qapı və pəncərələrdən neft iyi gəlir, aləm qapqaradır. Xəzər sahilindəki bütün şəhərlərə buradan neft gedir. Bakıda çoxlu abad imarət var”.

Bakı nefti və havası haqqında bu cür yazsa da, şah neftin necə çıxarılmasını izləməkdən özünü saxlaya bilmir. Çünki o zaman maddiyyat sarıdan dar ayaqda olan şah üçün bu sehrli maddə birə beş maraqlı idi. Odur ki, Bakı milyonçularından birinin neft mədəninə yollanır.  Orada başına maraqlı əhvalat gəlir:

“Mən, Sədrəzəm, bir də admiral Arsenyev karetada neft mədəninə tamaşaya yollandıq. Qabaqlar neft çeşməsi yerlə axarmış, indi bu çeşmələr dərindədir, quyu qazıb çıxardırlar, xüsusi tulumbalar var; ətrafda iri anbarlar düzəldiblər, quyudan çıxarılan neft arxla o anbarlara axır, çəlləklərə doldurub daşıyırlar. Neft ticarətindən çoxlu mənfəət əldə edirlər; mədən sahibləri, tacirlər və rus dövləti bu mənfəəti bölüşdürürlər. Kareta Fərəcbəyin neft mədəninə çatdı; bura iri, sanballı mədən olduğundan tamaşa etməyinə dəyərdi. Neftin necə çıxmasına, arxla anbara axmağına baxdıq; birdən neft yağış kimi yağıb üstümüzə töküldü, o üfunətli və pis iy verirdi. Burada çox dayanmadıq, geriyə qayıtdıq. Dincəlmək üçün hər şey hazır idi. O axşam bakılılar şərəfimizə ziyafət - təşrifat məclisi düzəltdi. Bütün şəhər çırağban edilmişdi. Sabahı gün imarətin eyvanında oturdum. Sədrəzəm də burada idi; bütün məktəblərin şagirdləri təzə, gözəl libasda, əllərində bayraqlar, nəğmələr oxuya-oxuya dəstələrlə, (imperatorlar üçün edildiyi kimi) mənim olduğum iqamətgahın qabağından keçirdilər. Şəhər əhalisi qarşımda dayanmışdı”.

 

Doğrudur, xatirələrdə şah təkəbbürü həmən hiss olunur. Müzəffəriddin şah Qacar xanədanından olan, atası-babası, nəsli taxta çıxan və o xarakterlə böyüyən bir şəxs olub. Xatirələrdə qürrələnmə faktları gözdən qaçmır. Amma deyilənlərə görə, həqiqətən də, o zaman Bakı əhalisi Müzəffəriddin şahı böyük təmtəraqla qarşılayıb. Manaf Süleymanovun “Hacı Zeynalabdin Tağıyev” monoqrafiyasından oxuyuruq:

“Neft mədənlərində fəhləlik eləyən Molla Əhəd nəql edirdi ki, “şəhəri bəzəmişdilər. Qartal nişanı olan rus və Şiri-Xurşid nişanlı İran bayraqlarını hər yerə sancmışdılar; eyvanlar xalı və xalçalarla bəzədilmişdi. Qala bürcünün üstündə qara çıraqlar, “Qız qalası”nın və “Qoşa qala qapısı”nın üstündə iri məşəllər yanırdı. Haşımov meydanında zurna-balaban çalınır, kəndirbazlar oynayırdı. Rəngarəng fanarlar yanırdı. Axşam dənizdə əlvan çıraqlarla - şamlarla bəzədilmiş gəmilər, qayıqlar seyrə çıxmışdı; musiqi çalınırdı; şahın şərəfinə toplardan yaylım atəşi açdılar. Spaski küçəsində yerləşən İran konsulxanasının böyük həyətində qurban kəsib, şənlik düzəltmişdilər. Küçələrdə adam əlindən tərpənmək olmurdu. Şahın düşdüyü binanın qabağında iki gün böyük izdiham oldu. Adam əlindən tərpənmək mümkün deyildi. Neft mədənində və zavodlarda, şose yollarında, inşaatda ən ağır işlərdə çalışan fəhlələrin əksəriyyəti iranlılar idi, hamısı yığıncağa gəlmişdi. Şah küçə eyvanına çıxanda bir fəhlə özünə od vurub yandırdı. Alovu söndürmək üçün fəhlənin üstünə pal-paltar atdılar”.

Yaxşı, bəs şahın bu cür yüksək mərasimlərlə qarşılanmasının səbəbi nə olub? Məlumdur ki, o zaman Azərbaycan Çar Rusiyasının tərkibində idi. (Söhbət 1904-05-ci illərdən gedir). Çar isə siyasət meydanında İranı özünə əsas rəqiblərdən biri kimi görürdü. Amma bir məsələni də unutmayaq: o zaman Bakıya saysız-hesabsız iranlı və Güney Azərbacan türkləri işləməyə gəlmişdi. Ölkələrindəki ağır vəziyyət onların yolunu neftin böyük pullar gətirdiyi Bakıya salmışdı. Şahı da təmtəraqla qarşılayan elə onlar olublar:

“O vaxtlar ümumiyyətlə, fəhlələrin, xüsusilə də iranlıların güzəranı çox ağır keçirdi. İranın özündə şah istibdadı, mülkədar, xan zülmü, məmurların cəza tədbiri, ölkədə iqtisadiyyatın tənəzzülü, işsizlik, hərc-mərclik aclıq onları vətəni tərk etməyə vadar edirdi. Ayağı yer tutan iş dalınca Rusiyaya qaçırdı: Bakıya, Həştərxana, Samaraya, Gürcüstana, Şimali Qafqaza... Qürbətdə onlar kapitalistlərin, güclülərin, qolu zorbaların zülmü altında əzilirdilər. Qoçu aldığı tapançanı yoxlamaq üçün yoldan keçən yazıq iranlını nişan alıb öldürürdü, sorğu-sual edən də olmurdu. Bakının “həmşəri palanı” (Şors küçəsinin yuxarı başı) adlanan məhəlləsində ancaq kasıb iranlılar yaşayırdı. Oradan o yana zibillik, çöl-biyaban idi. Taxtadan, ağac parçalarından, paslı dəmirdən quraşdırılmış alçaq, rütubətli daxmalar, qaranlıq zirzəmilər məskənləri idi; beş- altı adam bir daxmada, bir zirzəmidə yaşayırdı. Ətraf çirkab, üfunətli. Axşam düşəndə Kamenisti (Şors) küçəsi ilə üzüyuxarı hambalların, fəhlələrin axını başlayırdı, özləri də mazutlu, palçıqlı, cır-cındır içində. Gündə on iki saat ağır iş... Yarıtox, yarıac... Qürbətdə qaldıqları müddəti yırtdıqları mitilin sayı ilə hesablayırdılar: üç mitil, beş mitil, yeddi mitil... Elə ki, xəzri başlayırdı, “həmşəri palanı”nda toz əlindən göz-gözü görmürdü; yağışda daxmaları, zirzəmiləri su basırdı... Yoxsullar yaşayan küçələrdə, həyət-bacada palçıq dizə çıxırdı. Yağışlar zamanı sel dağlıq məhəllələrindəki zir-zibil və palçığı gətirib tökürdü şəhərin bazar küçəsinə, Quba meydanına...”. (həmin mənbədən)
 

Yuxarıdakı sətirləri yazmağımız mövzudan kənarlaşmamız deyil. Bu faktların birbaşa Müzəffəriddin şahın Bakıya səfəri ilə əlaqəsi var. Məhz bu cür fəqir insanlar onun Bakıya gəlişinin nəyisə dəyişdirəcəklərinə ümid edirdilər. Daha o fəqirər bilmirdi ki, Avropaya istirahətə gedən şah yolüstü Bakıda dayanıb və qısa müddətdən sonra buranı tərk edəcək…

HAŞİYƏ: “Şəhərdəki İran tacirləri dükanlarını şiri-xurşidli bayraqlarla bəzəmişdilər. Şahı qarşılamağa çoxlu tacir gəlmişdi. İyirmiyə qədər adam əlahəzrəti müşayiət edirdi, kamerqer libasında idilər; üzdəniraq libaslarındakı baftalar yağlı, çirkli görünür, yəqin ki, əl ilə bozbaş, plov yedikcə üstlərinə tökülüb əllərilə siliblər. Körpüdən birbaşa vağzala yollandılar. Biz çatanda şah salon-vaqonda idi, o yoğunluğunda adamın vaqona necə girdiyini təsəvvür edə bilmədik. Məiyyəti şahın əşyasını salon-vaqona daşıdıqca elə səs-küy salırdılar ki, elə bil bazardadırlar. Vaqon Batumiyə yollandı. Konsul gedəndən sonra adamlar başladılar şəbədə deməyə, gülməyə”. (Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”)
 

Sonda isə “Bakı milyonçuları” araşdırma kitabından şahın milyonçu Tağıyevlə maraqlı diaoqunu təqdim edirik:

“Hacı Zeynalabdin Tağıyev şahın şərəfinə verdiyi böyük ziyafətdə giley-güzar edir ki, “mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın evinə düşdünüz?”
Şah cavab verir ki, “sən müsəlman olsan da, rus təbəəsisən, Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir””.

 

E. Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu