Modern.az

Milli Məclisin deputatları BMT nümayəndələrini məlumatlandırıblar

Milli Məclisin deputatları BMT nümayəndələrini məlumatlandırıblar

8 İyul 2011, 18:41

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsində Azərbaycanda səfərdə olan Asiyanın, Afrikanın və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşları ilə görüş keçirilib.
Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, komitə sədri Səməd Seyidov qonaqları salamlayaraq, onları parlamentdə görməyindən məmnun olduğunu bildirib. O, inkişaf etməkdə olan Azərbaycanın regionda böyük rol oynadığını vurğulayıb. Deputat qonşu dövlətlər Rusiya, Gürcüstan, İranla iqtisadi, siyasi əlaqələrimizin olduğunu deyib.
S.Seyidov ölkəmizin 20% ərazisinin Ermənistan tərəfindən işğalı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən, prezidentlərin Kazan görüşü barədə iclas iştirakçılarını ətraflı məlumatlandırıb.
Deputatlardan komitə sədrinin müavini Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Asim Mollazadə və başaqları çıxış edərək regionda baş verən proseslər və Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar. Millət vəkilləri erməni silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər yerinə yetirilməməsindən təəssüfləndiklərini bildiriblər. Milli Məclisin deputatları Asiyanın, Afrikanın və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşlarının Azərbaycana səfərlərini yüksək qiymətləndirərək, bu cür səfərlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər. 
Dominikan Birliyinin BMT-dəki daimi nümayəndəsi qonaqlar adından çıxış edərək, səfərin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıq edib. O, Azərbaycana gələn nümayəndə heyətinin bu ölkə ilə əyani tanışlığını yüksək qiymətləndirərək deyib: “Biz Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatı ilə yaxından tanış olduq. Düşünürük ki, bu cür səfərlərin təşkili Azərbaycanın bu ölkələrlə ikitərəfli münasibətlərinin inkişafında mühüm rol oynayacaq. Azərbaycan sürətlə  inkişaf edir. Biz hesab edirik ki, Azərbaycanın üzləşdiyi problem – Dağlıq Qarabağ münaqişəsi də tezliklə öz ədalətli həllini tapacaq”.   
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi