Modern.az

Abel Məhərrəmov “Xüsusi Rəğbət” mükafatına layiq görülüb

Abel Məhərrəmov “Xüsusi Rəğbət” mükafatına layiq görülüb

11 İyul 2011, 17:07

Azərbaycan Milli Mətbuatının 136-cı il dönümü münasibəti ilə  Modern.az portalı və Sosial İnformasiya Agentliyi medianın «Xüsusi Rəğbət» mükafatını təsis edib.

Mükafatın hər il Milli Mətbuat Günü ərəfəsində Azərbaycanda elm və təhsilin inkişafında, elmi nailiyyətlər qazanılmasında və ixtiralar edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni texnoligiyaların tətbiqində, müxtəlif sosial qrupların maraqlarının müdafiə edilməsində və layiqincə təmsil edilməsində, ölkənin müstəqilliyinin möhkəmlənməsində və tanıdılmasında ciddi rolu olan, bütün bunlarla yanaşı, kütləvi informasiya vasitələri ilə effektiv əlaqələr qurmuş tanınmış şəxslərə verilməsi nəzərdə tutulur.

Qalibin müəyyən edilməsi üçün Modern.az və Axar.az portallarında oxucular, habelə, parlamentə akkreditasiya olunmuş müxbirlər və sosial mövzularda yazan jurnalistlər arasında aparılan sorğular yolu ilə namizədlər irəli sürüblər. İrəli sürülən namizədlər arasından adı ən çox hallanan üç nəfər Münsiflər Heyətinə təqdim edilib. 9 nəfərlik Münsiflər Heyətində tanınmış ictimai və siyasi xadimlər, alimlər, jurnalistlər təmsil olunur.

Bu gün Münsiflər Heyəti seçimlərinə təqdim olunan namizədlər arasından medianin «Xüsusi Rəğbət» mükafatının qalibini müəyyən edib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik, tanınmış kimyaçı alim, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov medianın «Xüsusi Rəğbət» mükafatının ilk qalibi olub. Münsiflər Heyəti bu qərara gələrkən Abel Məhərrəmovu Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə, ali məktəblərdə innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə,  Kütləvi informasiya vasitələri ilə effektiv əlaqələrinə görə fərqləndirib.

Mükafat qalibə 12 iyul 2011-ci ildə, saat 12.00-da Park İnn otelinin “Dan ulduzu” salonunda keçiriləcək mərasimdə təqdim ediləcək.

Abel Məhərrəmov-1950-ci il yanvarın 5-də anadan olub. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olan A. Məhərrəmov 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.

Azərbaycanda və xaricdə nəşr olunmuş 1000-dən çox elmi əsərin müəllifidir. Bura 48 patent, 14 monoqrafiya, 41 dərslik və dərs vəsaiti, 900-dən artıq məqalə və tezisç o cümlədən Azərbaycan dilində ilk dəfə nəşr olunmuş “Kiçik kimya ensiklopediyası” daxildir. Rəhbərliyi altında 34 kimya elmləri doktoru və namizədi hazırlanıb.

Tanınmış alim kimi elmi nəticələrinə və təhsil quruculuğuna görə Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala, Beynəlxalq EKO mükafatına, Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüş, Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü və s. seçilmişdir.

Abel Məhərrəmov 1999-cu il yanvarın 11-dən Bakı Dövlət Universitetinin rektorudur.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü ( akademik ) seçilib.

2009-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilib.

2005-ci və 2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.

Ailəlidir, iki övladı, beş nəvəsi var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?