Modern.az

Samaradakı diaspor təşkilatının sədri: “Azərbaycanlıların 4 təşkilatı var, hərə bir tərəfə çəkir” - MÜSAHİBƏ

Samaradakı diaspor təşkilatının sədri: “Azərbaycanlıların 4 təşkilatı var, hərə bir tərəfə çəkir” - MÜSAHİBƏ

Müsahibə

17 Yanvar 2018, 14:15

Elmar Rəsulov: “Diaspor sahəsində çalışanlar deyil, bu işə yad adamlar mükafatlandırılır”


Rusiyanın Samara vilayətində fəaliyyət göstərən “Azərbaycan” diaspor təşkilatının sədri Elmar Rəsulov Modern.az saytına müsahibə verib. Qeyd edək ki, Elmar Rəsulov 1985-ci ildən Rusiyanın Samara şəhərində yaşayır. 

– Elmar müəllim, Samarada  azərbaycanlılara münasibət necədir?

- Çox normaldır. Samarada müxtəlif millətlərin nümayəndələri ilə yanaşı, təxminən 30 mindən çox azərbaycanlı yaşayır. Ermənilərin sayına gəlincə, 10 il bundan qabaq az idilər. Yaşadığımız binada 2 erməni ancaq tapmaq olardı. İndi isə ermənilərin sayında artım var. Üstəlik ən yaxşı işlərdə erməniləri görmək olar. Daha doğrusu, harda pullu sahə varsa, ermənilər ordadır. Azərbaycanlıların çoxu isə bazar ticarətinə üstünlük verir. Bununla heç yerə getmək olmaz. Təhsil məsələsinə gəlincə, oxuyan hər yerdə oxuyur. Samarada elə azərbaycanlı ailələr var ki, ən yüksək təhsilə yiyələniblər və işlə də təmin olunublar. Samarada yaşasaq da qohum-əqrəba ilə həmişə sıx əlaqədə oluruq. Vətənlə əlaqələrimiz davamlıdır. Harada olsaq da, Azərbaycan bizim ürəyimizdədir. Nə qədər uzaqda yaşasaq da, Azərbaycanımıza bağlılığımız sonsuzdur. İndi informasiya-kommunikasiya vasitələri bu bağlılığı daha da asanlaşdırıb. 

- Soydaşlarımızın xaricdə  diaspor olaraq fəallığı necədir?

- Samarada həmyerlilərimizin diaspor olaraq formalaşması qənaətbəxş deyil, amma təşkilatlanma var. Xeyir-şər işlərimiz olanda bir yerdə yüksək səviyyədə təşkil olunur. Samarada 4 milli diaspor təşkilatı var, amma hərə bir tərəfə çəkir. İki ildir bir təşəbbüslə çıxış edirik ki, bütün təşkilatlar bir araya gəlib, ümumi iclas keçirib, bir güclü diaspor təşkilat yaradaq. Əlbəttə, bir güclü təşkilat olsa, xalqımızın əlamətdar günlərini daha da möhtəşəm şəkildə qeyd edərik. Bizim diaspor öz birliyilə yerli və digər xalqlara nümunə olmalıdır.
Ümumiyyətlə Rusiyada bizə mane olan yoxdur. Elə özümüz özümüzə mane oluruq. Məsələn, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) bağlandı. Bu konqres son illərdə işləmirdi. İşçi çox olsa da, işlərinin öhdəsindən gəlmirdi. ÜAK-la bağlı Azərbaycan saytlarında müxtəlif məlumatlar yazıldı. Halbuki, ÜAK-ı Rusiya hökuməti bağlamadı. Sadəcə, onlar işləyə bilmədi. Dəfələrlə Ədliyyə Nazirliyindən məktublar gəldi ki,“səhvləri düzəldin”. Amma heç nə etmədilər. Məktubları cavabsız qoydular. Ona görə də ÜAK dağıldı. Biz Rusiyada yaşadığımızdan məsələnin nə yerdə olduğunu bilirik. Sonda Azərbaycan hökumətindən kömək istədilər. Azərbaycan hökuməti nə qədər kömək etməlidir?! Sizin işinizi kim etməlidir?!

- Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sizin təşkilata hər hansı yardım edirmi?

- Diaspor Komitəsi bizə bir manat da olsa kömək etmir. Bizə də təsir edən məqamlar var. Bir də görürsən ki, diaspor sahəsində çalışanlar qalır bir tərəfə, işləməyən adamlar mükafatlandırılır. Axı, hansı səbəblərə görə?! Onların diaspor işinə heç bir aidiyyatı yoxdur. Heç azərbaycanlılarla maraqlanmırlar.  Ona görə də özümüz özümüzü maliyyələşdiririk.


- Bayaq dediz ki, Samarada sizə mane olan qüvvələr var. Bu barədə ətraflı nə deyə bilərsiz? Mane olanlar kimlərdir?

- Rusiyada elə qruplaşmalar yaranıb ki bir-birləri ilə yola gedə bilmirlər. Görünür burada müəyyən məsələlər var. Elə bilirlər ki, bir neçə cəmiyyətlərin yaranması zamanı onlara maliyyə gələcək. Dəfələrlə demişəm ki, “gözləməyin. Pul yoxdur. Olmayacaq da”. Şirvan Kərimov 15 ildir ki, cəmiyyət sədridir. Çox işlər görüb. İndi gəlib elə bir mərhələyə çatıb ki, deyir burda mənəm, başqası yoxdur. Özü də demokratiyadan danışır. Amma demokratiya adına nəsə etmir. Azərbaycan hakimiyyətini ələ salan felyetonlar yazdırır. Bu cür münasibətlər xaricdə belə yaxşı heç nə vəd etmir.

- Maraqlıdır ki, siz özünüz maliyyəni hardan əldə edirsiz? Hansı diaspor təşkilatını dindiririk deyir ki, öz biznesi hesabına bütün işləri edir.

- Mən bazar biznesi ilə məşğul olmuram.  Bina tikintisi ilə məşğul oluram. Ordan əldə etdiyim biznes hesabına təşkilatımızı yaşadırıq.

- Rusiya kimi ölkənin bir diyarında bu işləri necə həll edirsiz?  Orada rüşvət varmı?

- Onu deyim ki, artıq ruslar da rüşvət almağa başlayıb. Bundan imtina etmirlər. Bəzən azərbaycanlıları sıxışdırıb pul istəyirlər. Artıq bazar biznesini qurmaq üçün ruslara pul ödəyirik. Əvvəllər belə hallar yox idi.

- Anım günləri, bayramlarımız ilə bağlı tədbirlər keçirirsizmi? Məsələn, qarşıdan 20 Yanvar faciəsinin növbəti ildönümü gəlir.

-  Anım günləri hər il qeyd olunur. 20 Yanvarla bağlı hələ 90-cı illərdə Samarada yaradılmış "Ozan" cəmiyyətinin iştirakı ilə sənədli film çəkdirmişdik. Bu da Samara azərbaycanlılarının gördüyü işlərdən biridir. Xocalı faciəsi ilə bağlı da Rusiyada ilk dəfə dövlət strukturlarının icazəsi ilə iki il dalbadal şəhər parkında tədbir keçirmişik. Rusiyada bu ideyanı biz qaldırmışıq. Şəhərə çıxmaq, millətimizin başına gətirilən faciələri ictimaiyyətə çatdırmaq lazımdır. Bizə buna görə mane olmaq istəyənlər var idi. Bu il ikinci dəfədir meriyadan icazə alıb şəhər parkına çıxmışdıq. Əhaliyə şəkillər, broşürlər payladıq. Küçədən keçən ayaq saxlayıb sorğu-sual edirdi. Biz də 25 il bundan əvvəl erməni işğalçılarının Azərbaycan torpaqlarının 20 faizini işğal etmələrini, xalqımızın başına gətirdikləri müsibətləri yerli xalqa çatdırdıq. Amma son vaxtlar Rusiya hakimiyyəti, polisi tərəfindən heç bir maneə görmürük. Sadəcə, Samarada yaşayan azərbaycanlılar bizə əngəl törədirlər ki, orada tədbirlər keçirə bilməyək.

- Samara həbsxanasında azərbaycanlılar varmı? Əgər varsa, əsasən hansı əməllərə görə cinayət məsuliyyətinə cəlb ediliblər?

- Həbsxanada azərbaycanlılar azdır. Təxminən 7-8 nəfərdir. Əsasən oğurluq məsələsinə görə azərbaycanlılar məhbus həyatı yaşayır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir